Onlar nümunə idilər
Sosial həyat

Onlar nümunə idilər

Şirvan şəhərində Vətən müharibəsi şəhidi Cavid Natiq oğlu Məmmədlinin anım günü mərasimi keçirilib. Mərasimdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etdilər. Tədbir iştirakçıları şəhidin məzarını ziyarət edərək, önünə tər güllər düzüb, xatirəsini ehtiramla yad ediblər.

İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin ailəsinə səbir diləyərək belə vətənpərvər, mərd, şücaətli oğul böyütdükləri üçün valideynlərinə minnətdarlığını bildirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qüdrətindən söz açıb, tarixi Qələbənin əldə olunmasında canından keçən bütün qəhrəman oğullarımızın xatirəsinin ədəbi yaşayacağını qeyd etdi. Şəhid Cavid Məmmədlinin timsalında şəhidlərin şərəfli döyüş yolunun gələcək nəsillərə nümunə olduğunu, xalqımızın mərd, igid, vətənpərvər, qəhrəman oğulları ilə fəxr etdiyini vurğuladı. İcra başçısı şəhid və qazi ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan bəhs edərək, Şirvan şəhərində də hər bir şəhid ailəsinin və müharibə iştirakçısının probleminə həssaslıqla yanaşıldığını söylədi.

Qeyd edildi ki, Cavid Məmmədlinin keçdiyi ömür yolu əsl vətənpərvərlik nümunəsi idi. Cavid 1999-cu il yanvarın 16-da Şirvan şəhərində dünyaya göz açıb. Şirvan şəhər 16 nömrəli tam orta məktəbi bitirib. O, hələ məktəb illərində əxlaqı, mədəni davranışı, düşüncələri ilə seçilib. Vətən müharibəsi başlayan gündən ön sıralarda yer alıb. Cəbrayıl istiqamətində cəbhənin yarılmasında və düşmənə ağır zərbələr endirilməsində öz şücaəti ilə seçilərək qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Şəhid Cavid Məmmədli ərazilərimizin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, döyüşlərdə göstərdiyi şəxsi igidlik və şücaətə görə "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

***

Birinci Qarabağ müharibəsində vətənimizin ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olan Azərbaycanın Milli Qəhrəmanı Nofəl Zahid oğlu Quliyevin doğum günü münasibətilə Şəhidlər Xiyabanında məzarı ziyarət olundu, önünə güllər düzülüb, əziz xatirəsi ehtiramla anıldı.

Çıxış edənlər ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda göstərdiyi şəxsi igidlik və şücaətə görə Nofəl Quliyevə Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir, təhsil aldığı 9 nömrəli tam orta məktəb onun adını daşıyır, Şirvan şəhərində büstü qoyulmuşdur.

Tofiq HÜSEYN,

"Respublika".