Dövlətimizin başçısının Dünya İqtisadi Forumundakı çıxışları yüksək qiymətləndirilir
İQTİSADİYYAT

Dövlətimizin başçısının Dünya İqtisadi Forumundakı çıxışları yüksək qiymətləndirilir

Yeni beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsi üçün dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların nümayəndələri, elm adamları, nüfuzlu siyasətçilər, iqtisadçılar, iri şirkət rəhbərləri  ildə bir dəfə  Dünya İqtisadi Forumunda bir araya gəlirlər. Forum çağdaş dövrümüzdə iqtisadi böhranın, ərzaq təhlükəsizliyi sahəsində yaranmış ciddi problemlərin həlli istiqamətində mühüm məsələlərin müzakirəsinə və  vacib qərarların verilməsinə əlverişli mühit yaradır. Dünyanın iqtisadi mənzərəsinin formalaşmasında, bu sahədə əlaqələrin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayan Davos Forumu, həmçinin beynəlxalq siyasətə, ölkələr arasında münasibətlərin formalaşmasına da  böyük təsir göstərir.

Qloballaşan dünyada dərin iqtisadi və maliyyə böhranına baxmayaraq, iri enerji layihələrinin həyata keçirildiyi ölkəmizdə iqtisadiyyatın bütün sahələrində dinamik inkişafa nail olunub. Makroiqtisadi sabitliyi təmin etmək, inflyasiyanı normal səviyyədə saxlamaq bu gün dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. İlk dəfə 2007-ci ilin yanvarında Dünya İqtisadi Forumunda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev forum çərçivəsində "Neft geosiyasətinin artan əhəmiyyəti" mövzusunda keçirilən iclasda çıxış edərək Azərbaycanın təşəbbüskarı və icraçısı olan böyük enerji layihələrinin dünya iqtisadiyyatına təsirini diqqətə çatdırmış, enerji təhlükəsizliyi məsələsində ölkəmizin əhəmiyyətli rolunu vurğulamışdır. Davos Dünya İqtisadi Forumunun 2008-ci il hesablamalarına əsasən iqtisadi inkişaf tempinə görə, Azərbaycan MDB məkanında birinci və dünya miqyasında isə 62-ci yerdə olmuşdur.

Dünyanın iqtisadi gündəliyinin, habelə ictimai-siyasi proseslərin müzakirə olunduğu ən böyük platformalardan biri olan, İsveçrənin Davos şəhərində hər il keçirilən Dünya İqtisadi Forumunda (DİF) 2007-ci ildən etibarən iştirak edən Prezident İlham Əliyev hər zaman Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə təqdim etmək üçün DİF-in mühüm bir platforma olduğunu qeyd edir, həmçinin davamlı şəkildə dərin iqtisadi islahatların aparılmasına, ölkəmizə xarici investisiyaların cəlb olunmasına geniş imkanlar yaratdığını bildirir. Forum ilə fəal və səmərəli əlaqələri yüksək qiymətləndirən, bu platforma çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi və daha da irəli aparılması üçün ciddi səy göstərən ölkə başçımıza Dünya İqtisadi Forumunda xüsusi rəğbət göstərilir.

Bu il yanvar ayının 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasında səfərdə olmuşdur. Qeyd edək ki, bu, ölkə başçımızın İsveçrəyə 19-cu səfəri idi. Forum çərçivəsində Prezident İlham Əliyev Latviya, Litva, Xorvatiya, Monteneqro və Hollandiyanın dövlət başçıları, Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti, BMT-nin Məskunlaşma proqramının icraçı direktoru , o cümlədən 8 qlobal şirkətin rəhbərləri ilə görüşmüşdür. Görüş zamanı dövlət başçımız Azərbaycanın önəmli tranzit ölkəyə çevrildiyini, respublikamızın ərazisindən keçən yüklərin həcminin 75 faiz artdığını qeyd etmiş, bunun fonunda yeni tankerlərin, quru yük gəmilərinin və bərələrin sayının artırılmasına ehtiyac olduğunu vurğulamışdır. Prezident həmçinin, İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqaz regionunda yaranmış vəziyyət, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində dövlətimizin bölgədə sabitliyin, əmin-amanlığın bərqərar olması üçün atdığı addımlardan bəhs etmişdir. Eyni zamanda bu məsələdə Ermənistanın destruktiv mövqeyi, Azərbaycanın sülh təklifinə müsbət cavab verməməklə regionda sülhü təhdid etməsi barədə ətraflı məlumat vermişdir. Forum çərçivəsində çoxsaylı yüksək səviyyəli görüşlərdə ölkə başçımız Xankəndi-Laçın yolunda iki aya yaxındır ki, azərbaycanlı ekofəalların Azərbaycanın təbii sərvətlərinin ermənilər tərəfindən qanunsuz yolla istismarına etiraz əlaməti olaraq keçirdikləri aksiyadan danışmış və bir daha bu aksiyanın legitim əsaslara söykəndiyini vurğulamışdır. Ermənistanın Azərbaycanı əsassız şəkildə ittiham edərək guya Laçın yolunu blokadada saxlamasına diqqəti çəkən ölkə başçımız Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində kriminal qruplaşmaların mövcudluğunu və ermənilərin bu yoldan uzun müddət minaların daşınması üçün istifadə etdiyini bildirmişdir.

Qeyd edək ki, Forumda dünyada baş verən bir sıra hadisələr, COVID-19 pandemiyasından sonra yaranan problemlər, davam edən Rusiya-Ukrayna müharibəsinin qlobal iqtisadiyyata mənfi təsirləri, həmçinin enerji təhlükəsizliyi və ərzaq böhranı ilə bağlı məsələlər də müzakirə mövzularından olmuşdur. Dördüncü Sənaye İnqilabı (4İR), iqlim dəyişikliyi və geosiyasi bölünmələr şəraitində özəl sektorda innovasiya və dayanıqlılığı artırmaq üçün potensial texnologiyalardan istifadə barədə də fikir mübadilələri aparılmışdır.

Yanvar ayının 19-da Azərbaycan Prezidenti İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən "Avrasiya Orta Dəhlizi: Yoldan magistrala" mövzusunda panel iclasında moderatorun suallarını cavablandırarkən Şərq ilə Qərbin qovuşuğunda yerləşən Azərbaycanın qərbdə Gürcüstan və Türkiyə, şərqdə isə Mərkəzi Asiya ölkələri ilə səmimi dostluq münasibətində olduğunu və bu əlaqələrin bütün istiqamətlərdə inkişaf etdirildiyini bildirmişdir. Əlverişli təbii coğrafi mühitə malik olan ölkəmizin nəqliyyat infrastrukturuna irihəcmli sərmayələr yatıraraq infrastruktur obyektlərinin yük qəbuletmə imkanlarının daha da artırıldığı, yükaşırma qabiliyyəti 15 milyon ton olan dəniz limanının 25 milyon tona qədər genişləndirilməsi üçün dövlət tərəfindən vəsaitin ayrılması diqqətə çatdırılmışdır. Ölkə başçımız bu gün Azərbaycanın Mərkəzi Asiya, Qafqaz və Avropa arasında daha da sıx əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində vacib işlər həyata keçirdiyini bildirmişdir. Prezident İlham Əliyev ölkəmizdə biznes mühitinin təkmilləşdirilməsi, ölkələr arasında etibarlı əməkdaşlıq mühitinin formalaşdırılması, irihəcmli enerji layihələrinin reallaşdırılması, nəqliyyat infrastrukturunun inkişafı, neft-qaz kəmərləri layihələrinin uğurlu icrası, Azərbaycanın Xəzər dənizində 53 gəmi ilə ən böyük ticarət donanmasına malik olması barədə də ətraflı məlumat vermişdir.

Ölkə başçımızın Dünya İqtisadi Forumunda budəfəki iştirakı da həmişə olduğu kimi, yüksək səviyyəli görüşlər, dərinməzmunlu çıxışlarla xarakterizə olundu. Ermənistan və onun havadarları beynəlxalq arenada ölkəmizə qarşı əsassız ittihamlar irəli sürərək onun nüfuzuna xələl gətirməyə çalışsalar da, müstəqil, uzaqgörən siyasət yürüdən Azərbaycan dünyada etibarlı tərəfdaş, humanist ideyalara sadiq ölkə olaraq qəbul edilir, iqtisadi tərəfdaşlarının sayı gündən-günə artır. Bu, Davos Forumunda bir daha öz təsdiqini tapdı. Belə ki, 130 ölkədən 2700-dən çox dövlət, özəl və vətəndaş cəmiyyəti liderlərinin, 52 dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən Forumda fərqli coğrafiyaları əhatə edən tərəfdaşların Prezident İlham Əliyevlə görüşmək arzusu, böyük iqtisadi-siyasi gücə sahib olan ölkələrin Azərbaycanla müxtəlif sferalarda əməkdaşlıq etmək istəyi bunun bariz nümunəsidir.

Mehparə ƏLİYEVA,

"Respublika".