Dövlət Sərhəd Xidməti Akademiyasının 11-ci buraxılışı münasibətilə təntənəli mərasim keçirilib
Sosial həyat

Dövlət Sərhəd Xidməti Akademiyasının 11-ci buraxılışı münasibətilə təntənəli mərasim keçirilib

Mayın 10-da Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının 11-ci buraxılışı münasibətilə təntənəli mərasim keçirilib.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, mərasim iştirakçıları əvvəlcə Fəxri xiyabanda dahi öndər Heydər Əliyevin məzarını ziyarət edərək Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər.

Dövlət Bayrağı Meydanında təşkil edilmiş təntənəli mərasimdə Azərbaycan Respublikasının Dövlət Himninin ifasından və Döyüş Bayrağının meydana gətirilməsindən sonra gənc zabitlər təntənəli surətdə "Sərhədçi zabit andı"nı qəbul ediblər.

Diplomlar təqdim olunduqdan sonra məzunlar adından çıxış edən leytenant Ramal Əsədov Azərbaycanın sərhədçi zabitləri olaraq müqəddəs sərhədlərimizin keşiyində şərəflə dayanacaqlarından qürurlandıqlarını ifadə edib, sərhədçi peşəsinin sirlərinə dərindən yiyələnməkdə, Akademiyanı uğurla başa vurmaqda əməyini əsirgəməyən zabit və müəllim heyətinə dərin minnətdarlığını bildirib. Daha sonra DSX Akademiyasının rəisi polkovnik Aqil Babayev çıxış edərək tədbir iştirakçılarını təbrik edib.

DSX-nin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycanın sərhədçi zabiti adına layiq görülmələri münasibətilə məzunları təbrik edib, gənc leytenantların Dövlət Sərhəd Xidmətinin zabitləri sırasına daxil olduqları dövrün Azərbaycan Sərhəd Mühafizəsi tarixinin şanlı dövrünə təsadüf etdiyini xüsusi vurğulayıb.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təməlini qoyduğu və uzaqgörənliklə müəyyənləşdirdiyi milli sərhəd mühafizəsinin inkişafı strategiyasının hazırda Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirildiyi vurğulanıb, DSX Akademiyasının artıq 11-ci buraxılışının məzunlarının ölkəmizin hüdudlarında dövləti maraqlarımızın müdafiəsi üzrə fəaliyyətlərinə başlayacaqları qeyd olunub.

Azərbaycan tarixinin ən böyük sərkərdəsi, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu, müqəddəs savaşda Dövlət Sərhəd Xidmətinin qarşısında qoyulmuş döyüş tapşırıqlarının layiqincə icra edildiyi, Azərbaycan sərhədçilərinin igidlik dastanı yazdıqları vurğulanıb, "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülmüş sərhədçilər sırasında 4 hərbi qulluqçunun Dövlət Sərhəd Xidməti Akademiyasının məzunu olması xüsusi qeyd edilib. Tədbirdə Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman övladların əziz xatirələri bir dəqiqəlik sükutla anılıb.

Milli dövlətçiliyimizə, Azərbaycan Prezidentinə sadiqliyi ilə seçilən sərhədçi zabitlərin yetişdirilməsi və tərbiyələndirilməsində DSX Akademiyasının komandir və pedaqoji heyətinin xüsusi rolu qeyd olunub.

Çıxışda dövlətimizin ərazi bütövlüyü təmin edildikdən, Ermənistan Respublikası ilə dövlət sərhədi işğaldan azad olunduqdan sonra bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə görülən kompleks tədbirlər, o cümlədən son bir ildə 19 yeni hərbi hissənin, 100-dən çox sərhəd döyüş məntəqəsinin fəaliyyətə başlaması barədə məlumat verilib, dövlət sərhədlərimizin mühafizəsinə gənc sərhədçi-zabitlərin öz önəmli töhfələrini verəcəklərinə, milli maraqlarımızın təmin edilməsi üzrə bütün tapşırıqları ən yüksək səviyyədə icra edəcəklərinə əminlik ifadə olunub.

Mərasim başa çatdıqdan sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev məzunların valideynləri ilə görüşərək onları təbrik edib, sonra gənc sərhədçi-zabitlərlə xatirə fotoşəkli çəkdirilib.

AZƏRTAC