Dirçələn Şuşada Vaqif Poeziya Günləri
Mədəniyyət

Dirçələn Şuşada Vaqif Poeziya Günləri

2022 -ci ilin 14-15 iyul tarixlərində Şuşada Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Vaqif Poeziya Günləri keçirilib. Bununla da 40 illik tarixi olan Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra ikinci dəfə Azərbaycanın mədəniyyət paytaxtında yenidən təşkil olunub.

Mədəniyyət və incəsənət xadimlərinin, Azərbaycan Yazıçılar Birliyi üzvlərinin, gənc yazıçılar, şairlər və qazilərin iştirak etdiyi Poeziya Günləri iyulun 14-də "Qarabağ" mehmanxanasının qarşısında kitab sərgisi ilə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vaqif Poeziya Günlərinin rəsmi açılışında iştirak ediblər. Dövlətimizin başçısı açılış mərasimində çıxış edib: "Əziz dostlar, təxminən 40 il bundan əvvəl, bax, bu yerdə atam durmuşdu, mən isə o tərəfdə durmuşdum. Şaxtalı-qarlı havada Vaqifin məqbərəsinin açılışı idi. Ondan sonra 1982-ci il iyulun 29-da atamla bərabər ikinci dəfə Şuşaya gəlmişdim. O vaxt Vaqif Poeziya Günləri keçirilirdi. Bu gün isə ikinci dəfə Vaqifin məqbərəsinin açılışını biz qeyd edirik. Vaqif Poeziya Günləri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var, tarix təkrarlanır. Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və biz yenidən nəfəs almağa başlamışıq". Dövlət başçımızın çıxışında qeyd etdiyi kimi, Vaqif Poeziya Günlərinin keçirilməsinə başlanması və bu tədbirin ənənəvi xarakter alması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1967-ci ildə Şuşada olarkən Heydər Əliyev Vaqifin məzarını ziyarət etmək istəmiş, lakin məzarı tapa bilməmişdir. Onun göstərişi ilə məzar tapılmış və Heydər Əliyev dağılmış məzarı ziyarət etmişdir. Ulu Öndər nitqlərinin birində gördüyü bu məzarın Vaqifə layiq olmadığını səsləndirmişdir. Sonralar Heydər Əliyevin göstərişi ilə Vaqifin məzarı üzərində 1980-1981-ci illərdə abidə və türbə tikildi. Kompleks Şuşa şəhərinin Cıdır düzünə yaxın ərazidə inşa edilmişdi. 1982-ci il yanvarın 14-də Şuşada qarlı, şaxtalı havada bu məqbərənin açılışı olmuşdur. Bu, sıradan bir hadisə deyildi. Çünki o vaxt Şuşa "Dağlıq Qarabağ Muxtar Vilayəti"nin bir hissəsi idi və ermənilər Şuşanı erməni şəhəri kimi qələmə verməyə çalışırdılar. O da xüsusi qeyd olunmalıdır ki, Molla Pənah Vaqif təkcə şair yox, eyni zamanda Qarabağ xanının vəziri idi. Sovet ideologiyasına əsasən xanlıqlar tarixin qara ləkəsi kimi qələmə verilirdi. Bütün bunlara baxmayaraq, Ulu Öndərin iradəsi və qətiyyəti nəticəsində bu məqbərə ucaldılmış və Şuşanın Azərbaycan şəhəri olduğu öz təsdiqini tapmışdır. Məhz bu səfəri çərçivəsində Ümummilli Lider Heydər Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş vermiş və həmin ilin 29 iyul - 3 avqust tarixlərində Şuşada Vaqif Poeziya Günləri keçirilmişdi. Həmin tarixdən etibarən silsilə tədbirlər 1991-ci ilədək hər il avqust ayında şairin vətəni Qazaxdan başlayıb, Şuşanın əsrarəngiz Cıdır düzündə yekunlaşardı.

1992-ci ildə erməni qəsbkarları Şuşadakı milli-mənəvi, dini və tarixi-memarlıq abidələrimizi, həmçinin Molla Pənah Vaqifin məqbərəsini də dağıtdılar.

Şuşa çal-çağırlı günlərinə qayıtmaq üçün uzun illər hərbi-siyasi əsarət altında gözləməli oldu. Amma 30 ilə yaxın müddət ərzində Ermənistanın işğalı altında qalsa da, öz milli kimliyini, azərbaycanlı ruhunu itirmədi. Ermənilərin Şuşanın mədəni-siyasi aurasını dəyişdirmək, onu erməni şəhəri kimi təqdim etmək cəhdləri heç bir nəticə vermədi. Şuşa öz əzəmətini, möhtəşəmliyini, tarixi simasını saxlaya bildi. İşğaldan azad edildikdən sonra qısa müddətdə Şuşanın Baş Planı hazırlandı, qüdrətli şair Molla Pənah Vaqifin büstü və muzey-məqbərə kompleksi ilkin görkəminə qaytarıldı, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəyovun heykəlinin açılışları oldu. Eləcə də ərazi bütövlüyümüz, milli qürurumuz, milli ləyaqətimiz və mənəviyyatımız kimi "Xarıbülbül" festivalı da yenidən təşkil olundu. Azərbaycanın mədəniyyət paytaxtı yenə doğmalarını, qonaqlarını qarşıladı. 12 may 2021-ci il tarixində doğma Şuşada illər əvvəl olduğu kimi "Qarabağ" şikəstəsi eşidildi. Bununla da illər sonra "Xarıbülbül" festivalına start verildi. 2021-ci il 29 avqust tarixində isə Vaqif Poeziya Günləri bərpa edildi.

Tarixi adət-ənənələrimizin bərpası onu göstərir ki, Qarabağ öz mədəni inkişafının yeni dövrünə qədəm qoyub, mədəniyyət mərkəzimiz Şuşa öz bədii-mədəni ruhuna qayıdıb. Dövlət başçımızın Vaqif Poeziya Günlərinin açılışında qeyd etdiyi kimi, bəlkə də bunlar bizə işğal dövründə xəyal kimi görünürdü, amma indi bu, reallıqdır: "İşğal dövründə bir çoxlarımız - həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı, o cümlədən də mən dəfələrlə fikirləşirdik ki, dünyada ədalət yoxdur. Çünki ədalət olsaydı, biz bu vəziyyətə düşməzdik. Mən də o cümlədən belə fikirdə idim. Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır. Ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır. Bu gün biz hamımız ürəyimizdə deyirik və açıq deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi, biz bu gün Şuşadayıq".

Bundan sonra da Şuşada əbədi yaşayacağıq. Söz və musiqi paytaxtımız dirçəldilərək gələcək nəsillərə çatdırılacaq.

Jalə QASIMZADƏ,

"Respublika".