Manas eposu və türk dastançılıq ənənəsi
Mədəniyyət

Manas eposu və türk dastançılıq ənənəsi

Adil Cəmilin araşdırmaları nəticəsində "Manas eposu və türk dastançılıq ənənəsi" adlı kitabı işıq üzü görüb. Kitab həmçinin Azərbaycanda "Manas" eposunun tədqiqinə həsr edilmiş ilk monoqrafiyadır. İki dildə, bir kitab şəklində bu monoqrafiyanın nəşr edilməsi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Qırğızıstanın Azərbaycandakı səfirliyi ilə əməkdaşlığı çərçivəsində gerçəkləşib və "Parlaq İmzalar" nəşriyyatı tərəfindən çap olunub.

Müəllif Azərbaycanda "Manas" eposunun yeganə tədqiqatçısı və tərcüməçisidir. "Manas" eposuna təkcə bədii-estetik yöndən yox, həm də tarixi yöndən yanaşılmaqla, türk epik və etnik təfəkkürünün yeni-yeni səhifələri açılır. Eyni zamanda "Manas"ın şamanizmlə əlaqəsi, qədim şamançılıq ruhunun üzə çıxarılması, bu gün də yaşamaqda olan söz, səs, avaz, jest, türkün qədim qiyafəsinin saxlanılması istiqamətində araşdırmaları və təhlili əsərdəki yeniliyi tamamlayır.

Qırğız xalqının qəhrəmanlıq dastanı olan "Manas"a müəllifin fərqli yöndən yanaşması kitabın maraqlı cəhətlərindəndir. Dastanı tamamilə təhlil edən Adil Cəmil "Manas"ı fəsillərə ayıraraq, hər bir bölməni özünəməxsus şəkildə izah edir. Dastanda əsasən qədim türk xalqlarının qəhrəmanlığı, igidliyi obrazlı şəkildə ifadə olunur. Ən maraqlı bölmələrdən biri isə, "Manas eposunun qəhrəmanları"dır. Onu da qeyd edək ki, bu əsərə kimi Adil Cəmil bir çox ölkələrdə türk dastançılığı ilə bağlı keçirilən beynəlxalq konfrans və simpoziumlarda manasşünas alim kimi çıxış etmişdir. Filologiya üzrə fəlsəfə doktoru, şair, tərcüməçi, ədəbiyyatşünas Adil Cəmil hələ 2009-cu ilin dekabrında Çingiz Aytmatov Akademiyasının fəxri akademiki seçilib.

Adil Cəmilin "Manas eposu və türk dastançılıq ənənəsi" kitabına ön söz yazan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva fikirlərini belə ifadə edir: "Ortaq mədəniyyət, ədəbiyyat, dil, din, adət-ənənə amilləri türk xalqlarının birliyinin sarsılmaz əsasını təşkil edir. Bu baxımdan, həmin irsin dəyərləndirilməsi və yaşadılması müasir dövrdə türk dünyasında dostluq, qardaşlıq bağlarının möhkəmlənməsində önəmli rol oynayır.

Türk dünyasının ayrılmaz parçası Qırğızıstanın mənəvi dəyərlərinin təməl daşlarından olan "Manas" dastanı ümumdünya mədəniyyətinin qiymətli incilərindəndir. "Manas eposu və türk dastançılıq ənənəsi" kitabının müəllifi Adil Cəmil dünya sivilizasiyasının göstəricilərindən biri olan "Manas" eposuna elmi-ideoloji cəhətdən nəzər yetirmiş, onu dərindən tədqiq etmişdir. Adil Cəmilin dastana çağdaş prizmadan yanaşması qırğız xalqının və bütövlükdə türk dünyasının zəngin düşüncə və bədii təfəkkürünün daha yaxından anlaşılması baxımından əhəmiyyətə malikdir. Eyni zamanda, bu nəşr qardaş xalqların bir-biri ilə bilavasitə ünsiyyət qurması, klassik və müasir ədəbiyyat nümunələrinin orijinaldan tərcüməsi üçün də əhəmiyyətli mənbələrdən biri olacaqdır".

Ramidə YAQUBQIZI,

"Respublika".