“Dəmir yumruq” həmrəylik  simvolumuzdur
Region

“Dəmir yumruq” həmrəylik  simvolumuzdur

Bu günlərdə Şirvan şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə”   medallarının və  vəsiqələrinin təltif edilmiş şəxslərə və şəhid olmuş şəxslərin ailə üzvlərinə təqdim edilməsi mərasimi keçirildi. Şəhər icra hakimiyyətinin akt zalında təşkil olunan tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra, ölkəmizin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında “Dəmir yumruq” əməliyyatı ilə Şanlı Azərbaycan Ordusunun 30 ilə yaxın işğalda olan torpaqlarımızı azad edərək ölkəmizin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etməsi və xalqımızın tarixinə qızıl hərflərlə yazılan Şanlı Qələbə münasibətilə təltif olunanları və tədbir iştirakçılarını təbrik edib,  belə mərd, cəsur, şücaətli oğullar böyütdükləri üçün ailələrinə minnətdarlığını bildirdi. İcra başçısı İkinci Qarabağ müharibəsində Müzəffər Ordumuzun tərkibində şirvanlı gənclərin də qəhrəmancasına döyüşərək, düşmənin torpaqlarımızdan qovulmasında müstəsna xidmətlər göstərdiyini, bəzilərinin  yaralandığını, bir çoxlarının şəhid olduğunu diqqətə çatdırdı:

Qalib Azərbaycan xalqı hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən uğrunda vuruşan, canından keçən, şücaət göstərən oğullarımız dövlətimiz və Müzəffər Ali Baş Komandanımız tərəfindən lazımi səviyyədə dəyərləndirilir: onlara fəxri adlar verilir, orden-medallarla təltif olunur, müavinətlər təyin edilir, xatirələri əbədiləşdirilir.

Millət vəkili İltizam Yusifov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsinin sədri İlkin Məmmədov 44 günlük müharibədə Qalib Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsi yazdığını söylədilər.

Sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə”   medalları və vəsiqələri  təltif edilən şəxslərə və şəhid olmuş şəxslərin ailə üzvlərinə təqdim edildi.

Şəhid Zeynal Zülfüqarlının atası Alim Zülfüqarlı,  mayor Zaur Əhmədov müharibə iştirakçıları və şəhid ailələri adından çıxış edərək Vətən müharibəsində olduğu kimi, xalqımızın bundan sonra da ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşəcəklərini, düşmənin qorxu kabusuna çevrilən “Dəmir yumruq” kimi möhkəmlik, həmrəylik nümayiş etdirəcəklərini bildirdilər.

                                      Tofiq HÜSEYN,

 “Respublika”.