“Dayanıqlı iqtisadiyyatları təmin edən nəqliyyat” adlı sammit
İQTİSADİYYAT

“Dayanıqlı iqtisadiyyatları təmin edən nəqliyyat” adlı sammit

Almaniyanın Leypsiq şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələrin nəqliyyat nazirləri, yüksək səviyyəli nümayəndə heyətləri və bir sıra beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə Beynəlxalq Nəqliyyat Forumunun (BNF) “Dayanıqlı iqtisadiyyatları təmin edən nəqliyyat” adlı Sammiti keçirilib. Bu barədə RİNN-nin mətbuat xidmətinin məlumatında bildirilir.

Sammit çərçivəsində keçirilən Nəqliyyat Nazirlərinin Şura iclasında Azərbaycan yekdil səslə 2025-2026-cı illər üçün tarixdə ilk dəfə BNF-in prezidenti seçilib.

Tədbirdə iştirak edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov çıxış edərək ölkəmizə yüksək etimad göstərildiyinə görə BNF-yə üzv dövlətlərin nümayəndələrinə dərin təşəkkürünü bildirib. Eləcə də Azərbaycanın BNF-yə prezidentliyi dövründə görüləcək işlər və prioritetlər barədə məlumat verib.

Həmçinin Orta Dəhliz üzrə tranzit potensialının genişləndirilməsinə mühüm təsir göstərə və regionun nəqliyyat-kommunikasiya xəritəsində strateji dəyişikliklərə səbəb ola biləcək Zəngəzur dəhlizi haqqında danışıb.

Beləliklə, ölkəmiz təşkilatın idarəetməsində birbaşa iştirak etmək imkanı əldə edib. Bu isə beynəlxalq müstəvidə ölkə maraqlarının, eləcə də sahəvi fəaliyyətlərə dəstəyin təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Əli SADIQOV,

“Respublika”.