Bu xəstəliyə də qalib gəlmək olar...
Səhiyyə

Bu xəstəliyə də qalib gəlmək olar...

14 noyabr Ümumdünya Diabet Günüdür

14 noyabrın Ümumdünya Diabet Günü kimi qeyd edilməsi həkim Frederik Bantiçin adı ilə bağlıdır. O, 1921-ci ildə öz tələbəsi Çariz Bestlə birlikdə ilk dəfə şəkərli diabet xəstəliyinin müalicəsi üçün insulin preparatını kəşf etmişdir. 14 noyabr həm də bu böyük alimin doğum günüdür. Məhz onun şərəfinə Beynəlxalq Diabet Federasiyanın və Ümumdünya Səhiyyə Təşkilatının qərarına əsasən 14 noyabr 1991-ci ildən etibarən Ümumdünya Diabet Günü kimi qeyd olunur.

Ümumdünya Diabet Gününün keçirilməsi ilə bağlı təklif Beynəlxalq Diabet Federasiyası və ÜST tərəfindən dünyada diabet hallarının yüksəlməsinin qarşısını almaq məqsədilə irəli sürülüb. 2006-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilən qətnaməyə əsasən, 2007-ci ildən etibarən hər il noyabrın 14-ü BMT-nin Ümumdünya Diabet Günü kimi hesab olunur. Bu qətnamənin əsasında dövlətlər ilk dəfə olaraq, qeyri-infeksion xəstəlik olan diabeti dünya miqyasında sağlamlığa ciddi təhlükə mənbəyi sayaraq İİV/QİÇS, vərəm, malyariya kimi infeksion xəstəliklərlə eyni səviyyədə qəbul etdilər. Qətnamə BMT-yə üzv dövlətləri bu günü təsdiq etməyə, həmçinin bütün millətləri diabetin qarşısını almaq və müalicə etmək üçün milli siyasət oriyentasiyası hazırlamağa dəvət edir.

Ümumdünya Diabet Günü 160-dan çox ölkədə Beynəlxalq Diabet Federasiyanın 200 üzvü, o cümlədən assosiasiya və təşkilatlar tərəfindən qeyd olunur. Həmin günün qeyd edilməsi həm də maarifləndirici xarakter daşıyır. Belə ki, insanlar bu xəstəliklə bağlı məlumatlandırılır, xəstəliyin inkişafının qarşısının alınması yolları araşdırılır.

Bütün dünyada olduğu kimi, Azərbaycanda da bu sahəyə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Belə ki, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısının təşkilati-hüquqi əsaslarını müəyyənləşdirən, bu xəstəliyin profilaktikası və müalicəsi sahəsində yaranan münasibətləri tənzimləyən "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olunub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə "Şəkərli diabet üzrə Dövlət Proqramı" təsdiq edilib. Həyata keçirilən tədbirlər nəticəsində şəkərli diabet xəstələrinin dərman preparatları ilə təminatı öz həllini tapıb. Şəkər xəstəsi olan insanlar özünə nəzarət vasitələri - qlükometrlərlə təmin olunub. Müalicə-diaqnostika işinin yaxşılaşdırılması şəkərli diabet xəstələrinin aşkarlanmasına imkan yaradıb.

2007-ci ildən başlayaraq Azərbaycan Diabet Cəmiyyəti hər il Ümumdünya Diabet Gününü qeyd edir. Həmin ərəfədə dövlətlərlə bağlı məsələlərin müzakirəsi keçirilir.

2011-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilati dəstəyi ilə İSİM və ADC tərəfindən "Diabet məktəblərinin təşkili" layihəsi reallaşdırılıb. Layihənin məqsədi respublikanın şəhər və rayonlarında təlim məktəbləri yaratmaqla şəkərli diabet xəstələri, risk qrupuna aid əhali arasında bu xəstəlik və onun fəsadlarının profilaktikası barədə bilik, bacarıq, müəyyən vərdişlərin artırılmasına nail olmaqdır.

Şəkərli diabet xəstəliyi artıq uzun illərdir ki, ölümcül xəstəlik sayılmır. Lakin bu xəstəliyin fəsadları təhlükəlidir. Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən artıq dünyada şəkərli diabet xəstələrinin sayı xeyli artıb. Şəkərli diabet dünya əhalisinin ölümünə səbəb olan ilk on xəstəlik siyahısına daxildir. Ancaq insan bu xəstəliyi idarə etməklə ona qalib gələ bilər. Burada əsas şərtlərdən biri, bəlkə də ən başlıcası düzgün pəhriz qaydalarına əməl olunmasıdır. Xəstəliyin daha bir mənfi xüsusiyyəti isə cavanlaşmasıdır. Belə ki, dünya üzrə bu xəstəliyə yoluxan kifayət qədər uşaq və yeniyetmə var. Hər 10 ildən bir bu rəqəm 2 dəfə artır. 2005-ci ilə kimi Azərbaycanda 60000 nəfərə yaxın şəkərli diabet xəstəsi rəsmi olaraq qeydiyyata düşüb. Təəssüflər olsun ki, Azərbaycanda da diabet xəstələrinin sayı durmadan artır. Hazırda Azərbaycanda şəkərli diabet xəstələrinin sayı 300 minə yaxındır. Statistikaya görə, son 20-30 il ərzində dünya üzrə şəkərli diabet xəstələrinin sayı kəskin dərəcədə artıb. Beynəlxalq Diabet Federasiyasının məlumatına görə, əgər 2019-cu ildə dünyada şəkər xəstələrinin sayı 463 milyon nəfər idisə, hazırda bu rəqəm 537 milyonun üzərindədir.

Şəkərli diabet təkcə tibbi problem deyil. Bu xəstəlik, həmçinin sosial, iqtisadi, psixoloji və hüquqi problemlərin də meydana çıxmasına səbəb olur. Bu problemlərin vaxtında həll olunması minlərlə insanın sağlam şəkildə həyata qaytarılması deməkdir.

Ramidə YAQUBQIZI,

"Respublika".