Bosniya və Herseqovinanın parlament nümayəndə heyəti Ağdamda erməni vəhşiliklərinin şahidi olub
Digər xəbərlər

Bosniya və Herseqovinanın parlament nümayəndə heyəti Ağdamda erməni vəhşiliklərinin şahidi olub

Bosniya və Herseqovina Parlament Assambleyasının Xalqlar Palatasının sədri Bakir İzetbeqoviçin başçılıq etdiyi nümayəndə heyəti Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfər edib. Səfərin məqsədi nümayəndə heyətini Ermənistan silahlı qüvvələrinin Ağdam şəhərində törətdiyi vəhşiliklər, cinayət izləri ilə tanış etmək olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov nümayəndə heyətinə Ağdamın tarixi, indiki vəziyyəti haqqında məlumat verib. Bildirib ki, Qarabağ xanlığının banisi Pənahəli xan XVIII əsrdə Ağdamda ağ daşdan ev tikdirib. Ağdam şəhərinin adı da burdan götürülüb. Qədim türk dilində isə Ağdam kiçik qala mənasını daşıyır. Ağdam şəhəri Qarabağ xanlığı dövründə inkişaf edib. Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən idi. Burada sənaye və kənd təsərrüfatı inkişaf etmişdi. Ağdamda həm də Azərbaycan mədəniyyətinin ən vacib nümunəsi sayılan muğam geniş inkişaf edib.

Məlumat verilib ki, ermənilər 1993-cü il iyulun 23-də Ağdam şəhərini işğal etdikdən sonra BMT-nin Təhlükəsizlik Şurası 853 nömrəli Qətnamə qəbul edərək, erməni hərbçilərindən dərhal Ağdamı tərk etməyə çağırıb. Amma buna baxmayaraq BMT-nin Qətnaməsi yerinə yetirilməyib. Ermənilər işğal dövründə Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, mədəniyyət ocaqlarını, uşaq bağçalarını, xəstəxanaları, istehsalat müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Ağdamda qəbiristanlıqlar, tarixi, mədəni abidələr də erməni vandalizminə məruz qalıb. Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdamın yerində indi talan edilərək viranəyə çevrilmiş xarabalıqlar qalıb.

Diqqətə çatdırılıb ki, ötən dövr ərzində Azərbaycan məsələni sülh yolu ilə, danışıqlarla həll etməyə çalışıb. Eyni zamanda bildirib ki, əgər sülh yolu ilə alınmasa biz torpaqlarımızı hərb yolu ilə işğaldan azad edəcəyik. Belə də oldu. 2020-ci ilin sentyabrın 27-də başlayan 44 günlük müharibədə Azərbaycan Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusu zəfər qazandı. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı birgə bəyanata uyğun olaraq Ağdam rayonu noyabrın 20-də bir güllə atılmadan işğaldan azad edildi. Hazırda işğaldan azad edilmiş Ağdamın yenidənqurma, bərpa dövrü başlayıb.

Nümayəndə heyəti sonra Ağdam şəhərindəki İmarət qəbiristanlığına gəlib. Məlumat verilib ki, burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarlar - İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın məzarları olub. Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib. Lakin Ağdam şəhəri işğal olunduqdan sonra Pənahəli xanın buradakı sarayı və qəbiristanlıq erməni vandalizminə məruz qalıb. Erməni vandalları İbrahimxəlil xanın türbəsini və Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsini də dağıdıblar. İşğal edilən ərazilərdəki məscidlər, məzarlıqlar kimi Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib. Tövlə kimi istifadə edilən xan sarayında inək və donuz saxlanılıb.

Ağdam Cümə məscidinə gələn qonaqlara məlumat verilib ki, Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib. Bu məscid “Qarabağ məscid memarlığı” məktəbinə aiddir. Ermənilər məscidi hərbi məqsədlərə görə dağıtmayıb, onun minarələrindən koordinasiya üçün istifadə ediblər. Məscidinin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınıb. Erməni vandalları Ağdam Cümə məscidində də mal-heyvan saxlamaqla azərbaycanlılara, müsəlman aləminə qarşı öz nifrətlərini nümayiş etdiriblər.

Bosniya və Herseqovina parlament nümayəndə heyəti Ağdam şəhərinin mərkəzi küçəsi, Ağdam dram teatrının qalıqları ilə də tanış olub. Bildirilib ki,  teatr binasının qalıqları gələcəkdə açıq səma altında muzeydə saxlanılacaq.

Sonra Ağdam şəhərindəki Şəhidlər Xiyabanına gələn nümayəndə heyətinə məlumat verilib ki, burada I Qarabağ müharibəsində şəhid olan qəhrəman Vətən övladları, o cümlədən Xocalı soyqırımında öldürülən şəhər sakinlərinin bir hissəsi dəfn edilib. Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun qəbri də buradadır. Ağdamda hər şeyi məhv edən erməni vandalları Şəhidlər xiyabanındakı qəbirləri də qazaraq dağıdıblar.  

Sonda xatirə şəkli çəkdirilib.

AZƏRTAC