Bir ağacda oturub yüz budağı silkələyir
Digər xəbərlər

Bir ağacda oturub yüz budağı silkələyir

Ermənistan çox məkrli, hiyləgər və qorxulu düşmən olduğunu heç zaman gizlətmir, başqasının kölgəsində gizlənərək şər, böhtan atmaqla məşğul olur. Erməni həyasızlığı o həddə çatıb ki, bu gəlmələr onlara havadarlıq edən, hayları məhv olmaqdan xilas edən, Azərbaycan torpaqlarında kök atmağa şərait yaradan, 44 günlük müharibədə məğlub olduğunu hiss edən kimi qarşısında diz çökərək yalvardığı Rusiyanı və Qarabağdakı rus sülhməramlı qüvvələrini günahlandırır, bu istiqamətdə təbliğatı gücləndirirlər.

Qarabağda ermənilərin törətdiyi ekoloji cinayətlərin qarşısını almaq məqsədilə Azərbaycan ekofəallarının keçirdiyi dinc aksiya hayların talançılığının və oğurluğunun qarşısına əsl sipər olub, xunta rejimi gözləmədiyi ağır zərbəni alıb. Şovinist və separatçı haylar sülhməramlı qüvvələrin ünvanına müxtəlif qarayaxmalar söyləyirlər. Ermənistanda nəşr edilən "Hraparak" qəzeti yazır ki, bəzi sülhməramlılar Qarabağdakı haylara Ermənistandakı qohumlarının göndərdikləri ərzaq və digər şeylər üçün həcmindən, çəkisindən asılı olaraq pul alırlar. Qəzet yazır ki, ödəniş əsasən erməni pul vahidi dramla aparılır. Amma dollar və rubl da işləyir. Bəzi hərbçilər aldıqları pullardan hətta Rusiyadakı yaxınlarına da göndərirlər. Sülhməramlılar Qarabağdakı hayların faciəsi üzərində varlanırlar. Bax belə. Ruslar xilas etdikləri ermənilərdən hələ çox tənələr, böhtanlar, tikanlı sözlər eşidəcəklər. Erməniyə umud olanın çırağı nöyütsüz qalar, onlar sahibini yıxan ata bənzəyirlər, yalandan qəflətən büdrəyərək üstündəkini aşırır.

Ermənistan 30 ildən çox işğal altında saxladıqları torpaqlarda yeraltı və yerüstü sərvətləri talan edib, Azərbaycanın qızıl, mis, kömür yataqlarını qeyri-qanuni istismar edib, bir çox yerdə qanunsuz məskunlaşma aparıb. Ermənilərin törətdikləri cinayətlər təkcə azərbaycanlılara qarşı olmayıb, bütün bəşəriyyətə təhlükə yaradır, bölgədəki tarazlığı pozur. 44 günlük müharibədə məğlub olan Ermənistan üçtərəfli Bəyanat vasitəsilə Azərbaycan və Rusiya qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmək əvəzinə, müxtəlif bəhanələrlə sülh müqaviləsinin bağlanmasını əngəlləyir və Ermənistan hakimiyyəti verdiyi sözə əməl etmir. İşğal zamanı Ermənistan Tərtər rayonunun Çardaqlı kömür mədənində əlavə enerji infrastrukturu qurmaqla Azərbaycanın hidroenergetika və kömür ehtiyatlarının qeyri-qanuni istismarına şərait yaradıb. İşğalçı bütün vasitələrlə zəbt etdiyi ərazilərdə təbii sərvətləri talayaraq daşıyıb. İki aydan artıqdır ki, Laçın-Xankəndi yolunda ekofəallar və könüllülər tərəfindən keçirilən etiraz aksiyası Ermənistanın qeyri-qanuni hərəkətlərinin qarşısını almaq məqsədi daşıyır. Ermənistan və Xankəndidəki xunta rejimi dinc etiraz aksiyasını ləkələməyə çalışsa da, əlahəzrət fakt onların məkrli niyyətlərini təkzib edir. Bütün dünya şahid olur ki, etiraz aksiyası keçirilən yol humanitar məqsədlər üçün açıqdır, burada heç bir maneə yoxdur.

Laçın-Xankəndi yolunda keçirilən ekoaksiya ərazisinə gələn ispaniyalı jurnalist David Lopez Frias Gordon bildirib ki, biz Azərbaycana ilk dəfədir səfər etmişik. Burada nəyin baş verdiyini görmək üçün gəlmişik. Biz burada insanların etiraz aksiyası keçirdiyini görürük. Azərbaycandan bir çox insanlar bizə yayılan xəbərlərin yalan olduğunu söyləyirlər. Biz burada bunun bir daha şahidi olduq. Avtomobillər buradan maneəsiz şəkildə keçir. Biz, sadəcə, insanların təbiəti qorumaq üçün etiraz aksiyası keçirdiklərini görürük.

Başqa bir əcnəbi, Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində keçirilən dinc aksiya yerinə gələn britaniyalı jurnalist Robert Parker deyib ki, bu gözəl ölkəyə, bu dağlara mənim ilk səfərimdir. Düşünürəm ki, bu insanların doğma torpaqlarını çirkləndirən mədən şirkətlərinə qarşı etiraz etmək hüququ var. Mən 10 il əvvəl Azərbaycanda olmuşam. Bakıdan bura quru yolu ilə səfər etdik. Yolboyu görürsən ki, evlər, kəndlər inkişaf edir. O ki Qarabağa daxil olursan, yenə eyni görünüşə malik evlərdir, lakin hamısı dağıdılıb. Eyni görünüşə malik evlər, kafelər, mağazalar dağıdılıb. Mən burada baş verən müharibələrlə bağlı jurnalist kimi xəbərlər oxuyurdum, görürdüm və çox şadam ki, bu gün şəxsən buradayam.

Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin hərəkət etməsinə şərait yaradılıb və həmin maşınlarda erməni əsilli bir neçə nəfər keçib. Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur. Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası üç aydır davam edir. Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Bir ağacda oturub yüz budağı silkələməyə vərdiş edən Ermənistan öz məkrli niyyətindən əl çəkmir, öhdəliklərə əməl etmir, danışıqlarda qeyri-səmimi olur, bir sözlə, bu ölkə dirijor çubuğu ilə idarə olunur. İşarə çubuğu kimlərin əlindədir, bunu da hamı yaxşı bilir.

Salman ALIOĞLU,

"Respublika".