BƏDNAM QONŞUMUZUN NÖVBƏTİ RİYAKAR VƏ SAXTA BƏYANATI
Siyasət

BƏDNAM QONŞUMUZUN NÖVBƏTİ RİYAKAR VƏ SAXTA BƏYANATI

Separatçılar bu dəfə ekofəallardan və qeyri-hökumət təşkilatları nümayəndələrindən qorxuya düşüb

Təbliğat-təşviqat maşını yalanlar üzərində fəaliyyət göstərən ermənilər Azərbaycanla bağlı hər zaman riyakarlığa, iftira və saxtakarlığa yer veriblər. Bu dəfə də biz belə bir yalançı təbliğatın şahidi oluruq.

Məlum olduğu kimi, rəsmi Bakı Azərbaycanın bəzi ərazilərində müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinin nəzarəti altında olan Qarabağın müəyyən yerlərində erməni separatçıları tərəfindən faydalı qazıntıların qanunsuz istismarı ilə bağlı təkzibolunmaz faktları açıqladıqdan sonra, respublikamızda fəaliyyət göstərən ekofəallar, qeyri-hökumət təşkilatları nümayəndələri, eləcə də ümumiyyətlə cəmiyyətimiz bundan son dərəcə hiddətlənib.

Mövcud vəziyyəti yerində araşdırmaq üçün bir neçə gün əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN), İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarının Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə getmələri məqsədəuyğun hesab olunmuşdur. Bu səfərin başlıca məqsədi Azərbaycan ərazilərində faydalı qazıntıların qanunsuz istismarı, bundan əmələ gələn ekoloji fəsadların araşdırılması və monitorinqinin aparılması idi. Lakin bütün təkidlərə baxmayaraq, monitorinqin keçirilməsi sülhməramlıların müxtəlif bəhanələri və hərəkətsizliyi ucbatından baş tutmadı.

Öz haqlı narazılığını qarşı tərəfə çatdırmaq, belə bir qanunazidd fəaliyyəti dərhal dayandırmaq, Azərbaycanın dünya birliyi tərəfindən tanınmış ərazilərində, faktiki olaraq, növbəti ekoloji terrorun qarşısını almaq tələbi ilə, eləcə də Rusiya sülhməramlılarının buna göz yummasına etiraz əlaməti olaraq ekofəallar və QHT nümayəndələri Şuşa-Xankəndi yolunda etiraz aksiyasına start veriblər. Havanın soyuq olmasına baxmayaraq, aksiya tam gücü ilə davam edir.

Belə bir kəskin reaksiyanı gözləməyən, bundan açıq-aşkar qorxuya düşən, nə etməli olduğunu bilməyən ermənilər Ermənistan XİN vasitəsilə 13 dekabr 2022-ci il tarixdə Azərbaycan tərəfini ittiham etməklə dinc etiraz aksiyası zamanı gücün tətbiq edildiyini, Laçın yolunun Azərbaycan Silahlı Qüvvələri tərəfindən bağlandığını iddia ediblər.

Buna cavab olaraq, Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bu iddianın yalan olduğu, Laçın yolunun isə Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlandığı bəyan edilib.

Görünən odur ki, hər dəfə yalana və iftiraya əl atan ermənilər bu dəfə də öz adətlərindən və xislətindən qalmayıblar. Yaxşı olardı ki, bu cür yalanlar tirajlamaq, dünya ictimaiyyətini növbəti dəfə aldatmaq əvəzinə ermənilər Azərbaycan ərazisində belə qanunsuz fəaliyyətlərini dərhal dayandırsınlar.

Eyni zamanda, əldə olunmuş razılığa əsasən dekabrın 10-da faydalı qazıntıların qanunsuz istismar olunduğu ərazilərə Azərbaycan nümayəndələrinin səfər etmək cəhdinə baxmayaraq, bu səfərə maneçilik törətmək böyük məsuliyyətsizlik və fitnəkarlıqdır. Təbii ki, belə bir yanaşma sərgiləyənlər yalnız haqlı etirazla qarşılaşa bilərdilər.

Beləliklə, əvvəllər də olduğu kimi, erməni separatçılarının yol verdikləri təxribatların nəticəsi onlar üçün heç də arzuedilən ssenari üzrə davam etmir və edə bilməz. Kənarda özünə "dayaq" axtarmaqdansa, yalandan göz yaşı tökməkdənsə, özünü növbəti dəfə biabır etməkdənsə Azərbaycanla sülh müqaviləsini imzalamaq, əvvəllər üzərinə götürdüyü öhdəlikləri icra etmək rəsmi İrəvan üçün daha məqsədəuyğun olardı.

Emin QASIMOV,

"Respublika".