Balakən: Tarix dərsini şəhid anası keçdi
Region

Balakən: Tarix dərsini şəhid anası keçdi

Böyük bir qəhrəmanlıq tarixi olan Balakən rayonu igidlərinin rəşadəti ilə hər zaman qürurunu saxlayır. Uzun illər boyu mehriban bir ailə olduğunu əməlləri ilə təsdiqləyən azərbaycanlılarla yanaşı, avarlar, tatarlar, ruslar, ləzgilər, gürcülər, laklar, kumuklar, zaxurlar, ukraynalılar, farslar, türklər, kürdlər və başqaları qəhrəmanlıq tarixlərini zənginləşdirməyə çalışır və qəhrəmanları ilə qürur duyurlar. 

Balakən rayonundan qismən səfərbərliyin elan edilməsi ilə əlaqədar müharibəyə 924 nəfər könüllü gedib. Vətən müharibəsində  30 nəfər şəhidlik zirvəsinə yüksəlib, 128 nəfər isə yaralanıb.

Respublika Prezidenti İlham Əliyevin sərəncamları ilə Balakən rayonundan 5 nəfər - general-leytenant Mehdiyev İlham İsmayıl oğlu, polkovnik-leytenant Qebedov Elnur Ceerov oğlu, kapitan Əliyev Fərid Vaqif oğlu, kapitan Hudulov Ramazan İzzət oğlu və kiçik gizir Novruzov Amin Tacəddin oğlu (ölümündən sonra) “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Həmçinin ölümündən sonra Alqayev Harun Məhəmməd oğlu "Azərbaycan Bayrağı", Rəşidov Tural Fazil oğlu "Qarabağ", Əlisoltanov Vahid Tahir oğlu və Təmirov Yusif Azər oğlu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, digər müharibə iştirakçıları isə müxtəlif medallarla təltif olunub.

Bu qəhrəmanlıq salnaməsi, torpağa və vətənə bağlılıq məktəblərdə də geniş təbliğ olunur. Şagirdlərə şəhidlər, qazilər və müharibə iştirakçıları barədə əfraflı məlumatlar verilir və onların vətənpərvərlik ruhunda böyüməsi üçün müxtəlif tədbirlər keçirilir.

Bilik gününə şəhidlərimizin abidəsini ziyarət etməklə başlayan İmam Şamil adına Şambul kənd tam orta məktəbin şagirdləri üçün daha bir yenilik oldu. Şagirdlər 27 sentyabr Anım Günündə məktəbin şəhidi Ömər Quradayevin ailəsini ziyarət edərək şəhidin anası Sevil Quradayeva ilə xeyli söhbətləşib, öyüd və nəsihətlərinin canlı şahidi olublar.  Həmin gün tarix dərsini isə onlara şəhid anası keçib.

M.QULUYEV,
“Respublika”.