Zaqatala: Elit buğda və arpa sortları təcrübə məqsədilə əkilir
Region

Zaqatala: Elit buğda və arpa sortları təcrübə məqsədilə əkilir

Respublikamızda uğurla həyata keçirilən aqrar siyasət nəticəsində ölkədə qeyri-neft sektorunda, xüsusilə kənd təsərrüfatının ixracyönümlü məhsullarının   istehsalında və ixracında önəmli artım templəri qeydə alınmışdır.

Kənd təsərrüfatına dövlət dəstəyinin təkmilləşdirilməsi, şəffaflığın və hesabatlılığın təmin edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanına əsasən qəbul edilmiş “Kənd təsərrüfatı məhsullarının subsidiyalaşdırılması Qaydası” təsdiq edilmişdir. Fərmana əsasən “Elektron Kənd Təsərrüfatı” İnformasiya Sistemi (EKTİS) və “Subsidiya” İnformasiya Sistemi (SİS) yaradılmışdır. Əkin  məhsul, eləcə də digər subsidiya növləri fermerlərə maneəsiz, sürətli və əlavə vaxt itirmədən sistem üzərindən hesablanaraq ödənilir.   

 Rayonumuzun taxılçı fermerləri tərəfindən 2021-2022-ci təsərrüfat ilində  cəmi 7772 hektar sahədə taxıl, o cümlədən 4151 hektar buğda, 3621 hektar arpa əkilmişdir. Cari ildə məhsuldarlıq cəmi taxılda 35 s/ha, o cümlədən buğdada 35.9 s/ha, arpada 34.1 s/ha qeydə alınmışdır. Eyni zamanda biçilmiş taxıl sahələrində yay şumu yekunlaşmış, növbəti 2022-2023-cü təsərrüfat ili üçün payızlıq səpini  prosesinə başlanılmış, 60 hektar sahədə arpa səpini aparılmışdır. Payızlıqlarla bağlı subsidiya ödənişlərinin böyük  hissəsi ödənilib və ödənilməkdə davam edir.

Zaqatala Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Vaqif Şabanov bizimlə söhbətində bildirdi ki, taxılçılıqla məşğul olan fermerlərə bu sahədən daha yüksək və keyfiyyətli məhsul əldə etmələri üçün onlara yeni və innovativ texnika  və texnologiyaların tətbiqi, eləcə də yüksək məhsuldar toxumlar barədə məlumatlar verilir. Bu ilin avqust ayında Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Şəki şəhərində təşkil olunmuş toxum sərgi-satış yarmarkasında  rayonumuzun taxılçı fermerləri iştirak etmiş, rayonlaşmış  məhsuldar elit toxumlarla tanış olmuşlar. Bu ilin avqust ayında rayonumuzda  ətraf zona rayonlarının fermerlərinin iştirakı ilə müasir kənd təsərrüfatı texnikaları və innovativ texnologiyalar sərgisi təşkil olunmuşdur. Tədbirdə bağ və əkin sahələrində məhsuldarlığı artıran müasir suvarma sistemləri, kənd təsərrüfatı texnikaları, texnoloji avadanlıqlar nümayiş etdirilmişdir. Həmçinin fermerlərə bu sahədə Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə təqdim olunan güzəştli kreditlər barəsində seminar keçirilmişdir. 2022-2023-cü təsərrüfat ilində rayonda taxılçılığın inkişafı və daha məhsuldar toxumların rayonlaşdırılması məqsədilə  Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun mütəxəssislərinin iştirakı ilə (Zaqatala Bölgə Təcrübə Stansiyasının) müxtəlif elit buğda və arpa sortlarının təcrübə məqsədilə əkilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə 1 hektar torpaq sahəsi ayrılmışdır.

M.NƏRİMANOĞLU,

“Respublika”.