Bakının kommunal infrastrukturu təkmilləşdirilir
Sosial həyat

Bakının kommunal infrastrukturu təkmilləşdirilir

Bu sahədə Britaniya layihəsinin uğurlu tətbiqi müasirləşən şəhərin təmizliyinə xidmət edir

Paytaxt ərazisində məişət tullantılarının yığılması, toplanması və daşınması sahəsində maddi-texniki baza gücləndirilmiş,  tullantıların tərkibinə görə çeşidlənərək yığılması və bu istiqamətdə digər tədbirlərin həyata keçirilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 2019-cu ildə Böyük Britaniyanın  ixtisaslaşmış və təcrübəsi olan  “Mott MacDonald” şirkəti ilə müqavilə bağlanmışdır. “Mott MacDonald” şirkəti tərəfindən məişət tullantılarının idarə edilməsi çərçivəsində görüləcək tədbirlərin ardıcıllığını, sanitar-təmizlik işlərinin həcmini, tullantıların yığılması, müvəqqəti saxlanması və daşınması metodunu, habelə tələb olunan maşın-mexanizmlərin və avadanlıqların sayının müəyyən edilməsi üçün  pilot layihə çərçivəsində 2019-cu ilin iyul ayından Nərimanov rayonu ərazisində təqdirəlayiq nailiyyətlər əldə edilmişdir. Belə ki, layihə çərçivəsində 10 iyul 2019-cu il tarixdən Nərimanov rayonu ərazisində əhali tərəfindən bərk məişət tullantılarının çeşidinə görə yığılması 32 faiz təşkil etmişdir. Keçən müddət ərzində rayonda  400-dən artıq konteyner meydançası yaradılmış və  tələbata uyğun yeniləri yerləşdirilib. Tullantıların idarə edilməsi sahəsində  innovativ metodların tətbiqinin genişləndirilməsi məqsədilə pilot layihə hazırda Nizami, Nəsimi və Yasamal rayonları  ərazisində də aparılır, sonrakı mərhələdə daha iki rayonda həyata keçirilməsi nəzərdə tutulmuşdur.  Hər üç  rayonda tələbata uyğun miqdarda konteyner meydançası yaradılıb, meydançalara iki rəngdə müasir konteynerlər quraşdırılıb, onların yuyulması və meydançaların dezinfeksiyası təmin edilir.

Müqayisə üçün bildirək ki, 20 təkrar emal üçün çeşidlənən layihələrin həcmi 40 faizə çatıb. Pilot layihə istiqamətində görülən işlər nəticəsində  bu rəqəm 33 faizə çatıb, kağız və karton tullantıları 25 faiz olub. Bu çox yaxşı nailiyyətdir. Əgər layihənin icrasının ilk vaxtlarında gündəlik 6-7 ton təkrar emala gedən tullantı yığılırdısa, hazırda bu rəqəm 25 tona çatıb.  Sakinlərin rahatlığı üçün hər bir rayonda ilkin mərhələdə Bakı şəhər və rayon icra hakimiyyətlərinin əməkdaşları, bələdiyyə, təsərrüfat xidmətləri, gənclər və “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri bu işlərə cəlb edilib.

Görülən hazırlıq tədbirlərinin və təbliğat işlərinin nəticəsi kimi layihənin icrasına may ayında başlayan Yasamal rayonunda artıq ilkin müsbət nəticələr əldə edilib. Belə ki, əgər Nərimanov rayonunda layihənin tətbiqinin ilk günündə çeşidlənmiş tullantıların həcmi bir gündə 4 ton, sonradan isə tədricən 6 və 8 ton olurdusa, Yasamal rayonunda may ayının ilk günlərindən 11 ton çeşidlənmiş tullantı yığılaraq yığım məntəqəsinə təhvil verilib. Hazırda bu rəqəm gündəlik təqribən 20-25 ton arası təşkil edir. Bu da ilk növbədə, əldə edilən təcrübə, həmçinin könüllülərin, kommunal xidmət əməkdaşlarının sakinlər arasında apardığı düzgün maarifləndirmə işlərinin nəticəsidir.

Qeyd edək ki, ətraf mühitin çirklənmədən  qorunması çox mühüm əhəmiyyət kəsb edən bu layihənin uğurla həyata keçirilməsi və paytaxt sakinlərinə göstərilən xidmətin səviyyəsinin daha da artırılması məqsədilə ölkə başçısının ayırdığı maliyyə vəsaiti hesabına Bakı şəhər kommunal təsərrüfatı xidmətləri üçün 57 ədəd kommunal təyinatlı müasir avtonəqliyyat vasitələri və mexanizmlər alınıb. Yeni texnikanın tətbiqi əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsini yüksəldərək  mövcud avtoparkların yenilənməsinə böyük kömək olmuşdur.

Paytaxt sakinlərinin böyük əksəriyyətinin çeşidlənmə prosesində fəal iştirak etməsi və bu layihəyə dəstək verməsi nəticəsində məişət tullantılarının idarəçiliyi sahəsində uğurlu nailiyyətlər əldə edilmişdir. Yaşayış sahələri üzrə ərazilərdə davamlı olaraq sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizliyin və bərk məişət tullantıların çeşidlənməsinin təmin edilməsi və bu sahədə göstərilən xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə mütəmadi olaraq maarifləndirmə işləri aparılır.

Layihənin uğurla həyata keçirilməsi paytaxtın təmiz saxlanılmasına,  tullantıların vaxtında daşınmasına, ətraf mühitin və əhalinin sağlamlığının qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətinin formalaşmasına və  iqtisadi səmərə əldə olunmasına xidmət etməkdədir.

Kamil İSMAYILOV,

“Respublika”.