Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu çərçivəsində panel müzakirələr
Sosial həyat

Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu çərçivəsində panel müzakirələr

Bakıda Azərbaycan Gənclər Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu çərçivəsində panel müzakirələri keçirilib.

AZƏRTAC xəbər verir ki, panel müzakirələrindən əvvəl həyatın müxtəlif sahələrində fərqlənən gənclərin mükafatlandırılması mərasimi baş tutub. Mükafatları Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Prezident Administrasiyasının QHT ilə iş üzrə və kommunikasiya şöbəsinin baş məsləhətçisi Soltan Hacıyev, Milli Məclisin deputatı Tural Gəncəliyev və Vətən müharibəsinin iştirakçısı Vasif Dilavərzadə təqdim ediblər.

Gəncləri təbrik edən Milli Məclisin deputatı Tural Gəncəliyev deyib: "Biz xoşbəxtik ki, 2 fevral - Gənclər Gününü qalib xalq və qalib gənclər kimi qeyd edirik".

Deputatlıq fəaliyyətinə kimi gördüyü işlərdən və həyat yolundan bəhs edən T.Gəncəliyev gənclərə hədəfə çatmaq üçün yorulmadan çalışmaq lazım gəldiyini vurğulayıb.

Deputat diqqətə çatdırıb ki, Azərbaycan gəncliyi cəsur və vətənpərvər olduğunu 2020-ci il Vətən müharibəsində bir daha sübut etdi: "Gənclərimiz tarix yazdılar. Biz Azərbaycan xalqının və gəncliyinin nəyə qadir olduğunu nümayiş etdirdik".

Müzakirələrdə iştirak edən Prezident Administrasiyasının QHT ilə iş üzrə və kommunikasiya şöbəsinin baş məsləhətçisi Soltan Hacıyev bildirib ki, gənclər gələcək deməkdir. Gəncliyimiz ağlar qərənfildən qürurlu xarıbülbülə kimi şərəfli bir yol keçib. Azərbaycan gəncləri öz sözlərini 44 günlük Vətən müharibəsində deyiblər. Azərbaycanın gələcəyi etibarlı əllərdədir.

Şanlı Zəfərimizdən dərhal sonra Qarabağda aparılan bərpa-quruculuq işlərindən danışan S.Hacıyev vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrin analoqu yoxdur. Quruculuqla bərabər, ərazilərin minalardan təmizlənməsi sahəsində mütəşəkkillik, sürət, sistemlilik insanı valeh edir. Bütün bunlar Azərbaycanın öz resursları hesabına aparılır.

Media İnkişaf Agentliyinin əməkdaşı, Vətən müharibəsinin iştirakçısı Vasif Dilavərzadə xüsusi təyinatlı kimi Aprel döyüşlərində, Vətən müharibəsində iştirakından bəhs edib. Zəfərimizdə Azərbaycan gənclərinin də xüsusi payı olduğunu vurğulayan döyüşçümüz deyib: "Biz Aprel döyüşlərində məyus olduq ki, niyə davam etmədik, niyə axıra kimi getmədik. Amma Zəfər qazanmaq üçün səbir etmək, gözləmək lazım imiş. Bu müharibədə son damla qanımıza qədər vuruşduq və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarix yazdıq".

O, gəncləri dövlətçiliyə sadiq, vicdanlı və məsuliyyətli olmağa səsləyib: "Biz hamımız Vətənin keşiyində ayıq-sayıq dayanmalıyıq".

Dünyanın ən hündür zirvəsi hesab olunan Everesti və Şimal qütbünü fəth etmiş ilk azərbaycanlı alpinist İsrafil Aşırlı indiyədək fəth etdiyi zirvələrdən bəhs edib. Vurğulayıb ki, həyatda zirvələrə çatmaq üçün çox zəhmətkeş və fədakar olmaq lazım gəlir. Canı qədər sevdiyi Azərbaycan bayrağını qət etdiyi zirvələrə sancanda qürur hissi keçirdiyini dilə gətirib: "20 illik alpinistlik fəaliyyətim ərzində zirvələrə qaldırdığım üç rəngli bayraq hazırda Azərbaycan Bayrağı Dövlət Muzeyində saxlanılır".

"Zəfər tacı" layihəsi üzərində işlədiyini deyən alpinist bildirib ki, dünyada 14 zirvə mövcuddur və 2022-2025-ci illərdə planetin yerdə qalan zirvələrini fəth etmək və həmin zirvələrə Azərbaycan bayrağını asmaq arzusundadır.

İş adamı, "NOVCO" şirkətlər qrupunun prezidenti Fərid Novruzi gənclərə mübariz və mətin olmağı tövsiyə edib, vaxtı dəyərləndirməyin vacibliyini vurğulayıb. İxtisasca memar olduğunu və amma cəsarəti və bacarığı sayəsində iş həyatına atıldığını deyən F.Novruzi həyat fəaliyyətindən danışıb. O, biznes sahəsindəki fəaliyyətinə balaca dükan açmaqla başladığını deyib. Fəal, enerjili olmağın faydalarından danışan iş adamı alpinizmlə məşğul olduğunu, səyahət etməyi xoşladığını deyib. Dünyanı təyyarəsiz 158 gün qət etməyi qarşısına məqsəd qoyub və artıq 10-dan çox ölkədə olub.

F.Novruzi bildirib ki, Azərbaycanı dünyada tanıtmaq lazımdır və bu sahədə gənclərin üzərinə böyük iş düşür.

Panel müzakirələrində çıxışçılar gəncləri maraqlandıran sualları cavablayıblar.

AZƏRTAC