Azərbaycanın və Rusiyanın Baş prokurorluqları arasında ikitərəfli münasibətlər uğurla davam etdirilir
Digər xəbərlər

Azərbaycanın və Rusiyanın Baş prokurorluqları arasında ikitərəfli münasibətlər uğurla davam etdirilir

Rusiya Federasiyasının Baş Prokurorluğu Azərbaycan Respublikası Baş Prokurorluğunun vəsatəti əsasında "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 1993-cü il 22 yanvar tarixli Konvensiyaya əsasən, Azərbaycan Respublikasının vətəndaşı Elnur Abbasovun ekstradisiyası haqqında qərar qəbul edib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nəsimi Rayon Prokurorluğunda istintaq olunan cinayət işi üzrə Elnur Abbasov xüsusi amansızlıqla qəsdən adam öldürmə, öldürməklə hədələmə və zorlama əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (köhnə redaksiyada) 94-cü maddəsinin 6-cı hissəsi, 109-cu maddəsinin 1-ci hissəsi və hazırda qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. O, cinayət təqibi orqanından gizləndiyinə görə 1998-ci ildə barəsində beynəlxalq axtarış elan olunub.

Elnur Abbasovun Rusiya Federasiyası ərazisində törətmiş olduğu digər cinayətə görə Petroqrad rayon məhkəməsinin 2017-ci il 29 sentyabr tarixli hökmü ilə cəzaçəkmə müəssisəsində cəza çəkdiyi müəyyən olunub. O, fevralın 24-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiyadan Azərbaycana gətirilib.

AZƏRTAC