Azərbaycandakı konfessiya rəhbərləri  şəhid Polad Həşimovun və İlqar Mirzəyevin məzarlarını ziyarət ediblər
Digər xəbərlər

Azərbaycandakı konfessiya rəhbərləri  şəhid Polad Həşimovun və İlqar Mirzəyevin məzarlarını ziyarət ediblər

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə müsəlman din xadimləri və Azərbaycanda fəaliyyət göstərən pravoslav, katolik, yəhudi, alban-udi dini konfessiyalarının rəhbərləri Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin İkinci Fəxri xiyabandakı məzarlarını ziyarət ediblər.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, keçən il iyulun 14-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən şiddətli döyüşlər zamanı müdafiənin ön xəttində qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimov və silahli qüvvələrimizin 11 zabit və əsgərinin xatirəsi din xadimləri tərəfindən ehtiramla yad edilib. Onların şərəfinə “Qurani-Kərim” tilavət edilib, ruhlarına dualar oxunub, məzarları önünə gül dəstələri düzülüb. Dini konfessiya rəhbərləri Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman döyüşçülər barədə rəhmət duaları ilə çıxışlar ediblər.

Şeyxülislam Allahşükür Paşazadə Vətənimizin işğaldan azad olunması üçün canını fəda etmiş qəhrəman şəhidlərimizi xüsusi ehtiramla yad edərək, ailələrinə səbir və dəyanət, qazilərə şəfaət diləyib.  Şeyxülislam bildirib ki, Zəfər və uğur salnaməsi yazmış Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə doğma Qarabağı işğaldan azad edib, əsarətdə olan məscid və məbədlərimizi, milli-mənəvi irsimizi, dini abidələrimizi öz həqiqi sahiblərinə qaytarıb, şəhidlərimizin qanını yerdə qoymayıb. Bu gün Azərbaycan xalqı qüdrətli dövlət başçısının rəhbərliyi ilə əzəli torpaqlara Böyük Qayıdışı təmin etmək, dağıdılmış bölgəmizə yeni nəfəs vermək, Qarabağda müasir, yüksək səviyyədə həyat şəraiti yaratmaq istiqamətində fövqəladə zəhmətlər reallaşdırır. “Dindarlar və din xadimləri adından dövlət rəhbərliyinin bu məsuliyyətli dönəmdəki fədakar fəaliyyətlərinə minnətdarlığımızı ifadə edir, Uca Allahdan onların səylərinə rəvac diləyirik. Allah cümlə şəhidlərimizə rəhmət eləsin!”, - deyə A.Paşazadə qeyd edib.

Anım mərasimində ölkəmizdə fəaliyyət

göstərən dini konfessiyaların nümayəndələrindən Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Konstantin (Pimenov), Dağ yəhudiləri dini icmasının rəhbəri Melih Yevdayev, Roma Katolik kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir Fekete, Avropa yəhudiləri dini icmasının sədri Aleksandr Şarovski və digərləri iştirak ediblər.

AZƏRTAC