Azərbaycan xalqı Ulu Öndərin misilsiz xidmətlərini hər zaman yüksək qiymətləndirir
Sosial həyat

Azərbaycan xalqı Ulu Öndərin misilsiz xidmətlərini hər zaman yüksək qiymətləndirir

Dekabrın 12-də Azərbaycanın Moldovadakı səfirliyində Ümummilli Lider Heydər Əliyevin anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Ulu Öndərin səfirlikdəki büstü önünə gül dəstəsi qoyulub və dahi rəhbərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə səfirliyin əməkdaşları, Moldovadakı Azərbaycanlılar Konqresinin (MAK) üzvləri, Kişineu şəhərində yaşayan həmvətənlərimiz, eləcə də burada təhsil alan tələbələr iştirak ediblər.

MAK-ın sədri Elçin Bayramov çıxış edərək dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyevin Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılmasında, ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynadığını bildirib. Elçin Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən gələn ilin ölkəmizdə "Heydər Əliyev İli" elan olunduğunu xatırladıb. O, səfirliyə toplaşan soydaşlarımızın azərbaycançılıq ideologiyası sayəsində milli-mənəvi, vətənpərvərlik dəyərlərini yaşadaraq gənc nəsillərə ötürdüyünü qeyd edib.

Tədbirdə diasporun fəal üzvü, şair Yasin Seyidov müstəqil Azərbaycan dövlətinin banisi, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin əbədiyyətə qovuşmasından 19 il ötməsinə baxmayaraq, Azərbaycan xalqının Ulu Öndərin misilsiz xidmətlərini hər an yüksək qiymətləndirdiyi, həmçinin onun əziz xatirəsini uca tutduğunu və minnətdarlıqla andığını bildirib.

Azərbaycanın Moldovadakı səfirliyinin diplomatı İlqar Fərəcov çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunmasında, hakimiyyətinin birinci və ikinci dövrlərində gördüyü işlərdən, həmçinin misilsiz xidmətlərindən bəhs edib.