Azərbaycan və Türkiyənin müdafiə nazirləri Ankarada birgə mətbuat konfransı keçiriblər
Digər xəbərlər

Azərbaycan və Türkiyənin müdafiə nazirləri Ankarada birgə mətbuat konfransı keçiriblər

Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri Hulusi Akar fevralın 1-də Ankarada birgə mətbuat konfransı keçiriblər.

AZƏRTAC xəbər verir ki, nazir Hulusi Akar çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə ən yüksək səviyyədə çatan əməkdaşlıq əlaqələrinin davam etdirildiyini xatırladıb. Şuşa Bəyannaməsinin tarixi əhəmiyyətinə toxunan Hulusi Akar deyib: "Şuşa Bəyannaməsi yolumuzu, strategiyamızı müəyyən edən sənəddir. Bu sənəd əsasında gördüyümüz işlər var. Hərbi təlim, əməkdaşlıq məsələləri ilə bağlı işlər davam edir. Bu işlərlə birlikdə müdafiə sənayesi, Silahlı Qüvvələrimizin arsenalı ilə bağlı nə edə biləcəyimizi də danışıqlar yolu ilə müəyyən edirik. Biz bu məsələlərdə mühüm addımlar atmışıq və atmaqda davam edirik".

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbəni xatırladan nazir Hulusi Akar bildirib: "Qarabağda genişmiqyaslı işlər görülür. Kənd təsərrüfatından heyvandarlığa, sənayedən yol infrastrukturuna qədər intensiv iş və tikinti aparılır. Bu baxımdan, irəliləyişin necə olacağını, bunun müdafiə və təhlükəsizlik məsələlərində əksini tapmasına dair müzakirələr apardıq. Əhəmiyyətli məsələlərdən biri də prezidentlərimizin görüşündən sonra Ermənistana sülh əlinin uzadılmasıdır. Biz gözləyirik və ümid edirik ki, bu sülh təklifinə düzgün qiymət veriləcək. Bu yolla çalışırıq ki, təkcə Ermənistan ilə Azərbaycan, yaxud Ermənistan ilə Türkiyə arasında deyil, bütün Qafqazda sülh və buna uyğun olaraq firavanlıq hökm sürsün".

Yüksək qonaqpərvərliyə görə Türkiyə tərəfinə minnətdarlığını ifadə edən nazir general-polkovnik Zakir Həsənov deyib ki, biz birgə fəaliyyətimizin istiqamətlərini müəyyən etmişik. Bu səfər çərçivəsində Azərbaycan və Türkiyə Silahlı qüvvələri arasında planlaşdırılan tədbirləri müzakirə etdik.

Qırx dörd günlük Vətən müharibəsindən sonra görüləsi işlərin hələ çox olduğunu diqqətə çatdıran general-polkovnik Zakir Həsənov bildirib: "Prezidentimizin tapşırığı ilə Azərbaycan Ordusunun strukturunda Türkiyə Silahlı Qüvvələrinin ordu strukturuna bənzər islahatlar aparırıq. Bu məsələdə Türkiyə Silahlı Qüvvələrinin Azərbaycana davamlı böyük dəstəyi var. Biz bu istiqamətdə xeyli yol qət etmişik".

Yüksək əməkdaşlığa görə türkiyəli həmkarına minnətdarlığını ifadə edən azərbaycanlı nazir əminliklə bildirib ki, qısa zamanda Azərbaycan Ordusu döyüş qabiliyyətini daha da artıraraq Türk Silahlı Qüvvələrinin bütün göstəricilərini tətbiq edəcək.

AZƏRTAC