Azərbaycan-Türkiyə münasibətləri yeni müstəvidə
Siyasət

Azərbaycan-Türkiyə münasibətləri yeni müstəvidə

Parlamentlərarası əlaqələrin intensivləşməsi dostluq və qardaşlığın daha da möhkəmlənməsinə xidmət edir

Bu gün dünyanın siyasi mənzərəsinə nəzər saldıqda Yaxın Şərq və postsovet məkanında hibrid müharibələrinin alovlandığını açıq-aydın görmək mümkündür. Məhz belə bir vaxtda Türkiyə və Azərbaycanın sülh, əmin-amanlıq içərisində olması hər şeydən öncə Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın müstəsna liderlik keyfiyyətləri ilə bağlıdır. Azərbaycan və Türkiyə prezidentləri mühüm strateji qərarları ilə XXI əsrin ən yeni türk tarixinə öz möhürlərini vurmuş liderlərdir.

Cənubi Qafqaz kimi mürəkkəb regionda sülhün və əməkdaşlığın inkişafı üçün yeni şərtləri məhz belə kritik qərarlar formalaşdırır. Prezidentlərin səfərləri və bu səfərlər çərçivəsində ölkələrimizin qarşılıqlı maraqlarına uyğun olan məsələlərin müzakirə olunması, qərarlar qəbul edilməsi də Azərbaycan və Türkiyə kimi dost, qardaş ölkələrin təhlükəsizliyi və gələcək inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Bu görüşlərdə Azərbaycan və Türkiyənin yeni dünya düzənində oynayacağı mümkün rol koordinasiya edilir ki, bu da çoxqütblü dünya nizamında strateji müttəfiq olaraq ölkələrimizin yerinin müəyyən edilməsi baxımından böyük əhəmiyyətə malikdir.

2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında müttəfiqlik əlaqələri haqqında Şuşa Bəyannaməsinin ötən il fevralın 11-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi şəkildə dərc edilərək qüvvəyə minməsi ilə bağlı qərar, fevralın 12-də Prezident İlham Əliyev "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının qanunu"nu imzalayıb. Xatırladaq ki, bundan əvvəl Şuşa Bəyannaməsi hər iki ölkənin parlamentində müzakirəyə çıxarılmışdı.

Onu da qeyd edək ki, iki ölkənin parlamentlərinin birgə fəaliyyəti də dostluq və qardaşlığımızın möhkəmləndirilməsində az rol oynamır. Parlamentlərarası əlaqələrin qurulmasında ulu öndər Heydər Əliyevin iştirakı ilə 1998-ci il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisində keçirilən Ankara bəyannaməsinin imzalanması mərasiminin də tarixi əhəmiyyəti var. Heydər Əliyev imzalanma mərasimində çıxışında demişdir: "Türkiyə Cümhuriyyətinin 75-ci ildönümü münasibətilə bayram mərasimləri zamanı Ankarada imzaladığımız bəyannamə tarixi əhəmiyyət daşıyır. Bu, birinci növbədə bizim ölkələrimizin, xalqlarımızın milli mənafeyinə cavab verir, milli mənafeyindən irəli gəlir. Eyni zamanda, dövlətlərimiz, ölkələrimiz arasında iş birliyinin, əməkdaşlığın yeni bir mərhələsini nümayiş etdirir".

Hələ 2018-ci ildə prezident seçkilərində qələbəsindən sonra Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri (AKP) Necdet Ünüvarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən dövlətimizin başçısı seçkilərin maksimum şəffaf keçirilməsi və Azərbaycan xalqının iradəsini əks etdirməsi üçün bütün səylərin göstərildiyini qeyd etmiş, insanların böyük fəallıqla seçkilərdə iştirak etdiyini və bunun ölkəmizi bundan sonra da inamla irəli aparmaq üçün bizə əlavə güc verdiyini bildirib. Prezident Azərbaycan -Türkiyə dostluq və qardaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr son vaxtlar daha da intensivləşib. Vətən müharibəsinin getdiyi dövrdə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana gəlişi Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib.

2021-ci ilin sentyabrında Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr işçi qrupunun Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun dəvəti ilə Ankaraya səfəri baş tutub. Səfər çərçivəsində keçirilən görüşlərdə 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi siyasi-mənəvi dəstək yüksək qiymətləndirilib, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupları, iki qardaş ölkənin qanunverici orqanları, eləcə də komissiyalar arasındakı münasibətlərin səmərəliliyinin artırılması üçün əlaqələrin daha da intensivləşdirilməsinin vacibliyi bildirilib.

Çıxışlarda diqqətə çatdırılıb ki, möhtəşəm zəfərdən sonra Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə əməkdaşlığın yeni mərhələsi başlayıb. Azərbaycanın işğaldan azad olunan ərazilərində bərpa və yenidənqurma işləri üçün Türkiyə bütün imkanları ilə qardaş köməyi göstərir. Həmçinin, hər iki ölkə prezidentinin dostluq və qardaşlıq münasibətlərinin ölkərimizin birgə inkişafında mühüm rol oynadığı qeyd edilib, dövlət başçılarının siyasi iradələrinin və qətiyyətli qərarlarının təkcə Azərbaycan və Türkiyənin deyil, böyük bir coğrafiyada inkişaf və tərəqqiyə zəmin yaratdığı xüsusi vurğulanıb.

Ötən ilin noyabrında iki ölkə parlamentləri arasında daha bir görüş keçirilib. Vətən müharibəsində tarixi qələbəmizin ildönümü ərəfəsinə təsadüf edən görüşdə Milli Məclisin Komitə sədri, parlamentlərarası əlaqələr üzrə qrupun rəhbəri Əhliman Əmiraslanov vurğulayıb ki, 2020-ci ilin payızında Azərbaycan Prezidenti Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan əks-hücum əməliyyatı nəticəsində Ermənistanın 30 illik işğalına son qoyulub, torpaqlarımız azad olunub. O çətin günlərdə Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Türkiyə Cümhuriyyəti və xalqı daim Azərbaycanın yanında oldu, ölkəmizə və xalqımıza mənəvi-siyasi dəstək verdi. Parlamentlərarası əlaqələrimiz də həmin ağır günlərin sınağından çıxıb daha da möhkəmlənib. TBMM-də Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım 44 günlük Vətən müharibəsində ölkəmizin qazandığı zəfərdən iftixar duyduqlarını diqqətə çatdırıb. O, keçmiş məcburi köçkünlərin öz doğma el-obalarına dönməsi üçün Azərbaycan dövlətinin atdığı addımları - ermənilərin viran qoyduğu, minaladığı Qarabağda aparılan bərpa və quruculuq işlərini təqdir etdiklərini bildirib, perspektivdə Türkiyə-Azərbaycan münasibətlərinin daim yüksələn xətlə inkişaf edəcəyinə inamını ifadə edib.

Yaxın tariximizə nəzər salsaq görərik ki, Azərbaycan Prezidenti İlham Əliyev hələ prezident seçilməzdən əvvəl Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri olduğu dövrdə AŞPA-dakı Azərbaycan və Türkiyə təmsilçilərinin birlikdə fəaliyyət göstərməsi təşəbbüsü ilə çıxış etmiş və son dərəcə müsbət nəticələrə nail olmuşdu.

Yeri gəlmişkən bildirək ki, ötən ilin

oktyabrında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Milli Məclisində çıxış etmişdi və bu da iki ölkə arasında münasibətlərin yüksələn xəttlə inkişafının daha bir təsdiqidir.

Bu ilin iyul ayında Bakıda Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysərinin iştirakı ilə birinci üçtərəfli görüşün keçirilməsi və orada müasir tariximiz üçün olduqca böyük əhəmiyyət kəsb edən sənədin imzalanması da dövlət başçımızın siyasi uzaqgörənliklə cızdığı yol xəritəsinin mühüm tərəfidir.

Xatırladaq ki, parlamentlərarası üçtərəfli əməkdaşlıq formatının təsis edilməsi təşəbbüsünü Azərbaycan Respublikasının Milli Məclisi irəli sürüb və bu təşəbbüs Pakistan və Türkiyə tərəfindən müsbət qəbul olunub.

Parlamentlərarası əməkdaşlıq formatının Azərbaycan paytaxtında keçirilən birinci toplantısında aparılmış müzakirələrin nəticəsi olaraq Bakı Bəyannaməsi adlı mühüm tarixi sənəd imzalanıb, gələcək koordinasiya üçün əlaqələndirici şəxslər təyin olunub, həmçinin Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrlərinin ikinci üçtərəfli görüşünün 2022-ci ildə İslamabadda keçirilməsi qərara alınıb.

Parlament sədrlərinin üçtərəfli görüş formatının ölkələrimiz üçün yaxşı fürsət yaratdığını deyən Pakistan Parlamentinin sədri Əsəd Qeysəri bu fürsətdən yararlanmaq üçün ticarət, turizm, insan resurslarından istifadə sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib. TBMM-in sədri Mustafa Şentop isə üç qardaş ölkənin parlament sədrlərinin ilk dəfə Bakıda keçirilən üçtərəfli formatda görüşünü yüksək qiymətləndirib. Tərəflər Ermənistanın Azərbaycanın sülh anlaşması çağırışına cavab verməsinin vacibliyindən danışıb, bu sənədin ölkələrimiz arasında strateji əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verəcəyinə əminliklərini ifadə ediblər.

Zümrüd QURBANQIZI,

"Respublika".