Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı dünya ölkələri üçün modeldir
Digər xəbərlər

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı dünya ölkələri üçün modeldir

Avqustun 26-da Türkiyənin müdafiə naziri Yaşar Gülər Azərbaycana səfər edib. Onu Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov qarşılayıb. Vəzifəyə yeni təyin edilən nazirin ölkəmizə səfəri iki qardaş ölkə arasında onsuz da yüksək olan hərbi əməkdaşlıq sahəsinin daha da böyüdülərək şaxələndirilməsi üçün dəstəkverici amildir. Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilk olaraq avqustun 27-də Türkiyənin müdafiə naziri Yaşar Güləri, ötən gün isə Baş Qərargah rəisi Metin Gürakı qəbul edib. 

Azərbaycan-Türkiyə arasında mövcud hərbi əməkdaşlığın kökü Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinə dayanır. 11 avqust 1992-ci ildə ilk dəfə "Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında" imzalanmış müqavilə 1996-cı il iyunun 10-da "Hərbi sahədə təşkil, texniki və elmi əməkdaşlıq razılaşması" ilə daha da qüvvətlənərək bölgədə hər iki dövlətin ordu sahəsində qarşılıqlı inteqrasiyasına yol açdı. Azərbaycan Ordusu qardaş ölkənin dəstəyi ilə yeni eraya güclənmiş hərbi infrastrukturla girdi. Prezident İlham Əliyevin hakimiyyətə gəldiyi dövrdən mövcud əməkdaşlıq artan xətlə davam edib. Belə ki, öz elit ordusu ilə dünyada ən güclülərdən hesab edilən qardaş ölkə ilə 2010-cu ilin sentyabrında imzalanmış "Azərbaycan və Türkiyənin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması" haqqında Birgə Bəyannamə isə əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoyub. Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti Türkiyənin keçirdiyi hərbi təlimlərə müşahidəçi qismində dəvət olunaraq, həmçinin iki ölkə arasında ikitərəfli əsasda xüsusi təlimlər də icra edilməsi ordumuzda yeni qoşun növlərinin yaranmasına və güclənməsinə gətirib çıxartdı.

Türkiyədə 30 avqust Zəfər bayramı və Silahlı Qüvvələr Günüdür. Türkiyə xalqının yaddaşına "bir millətin azadlıq günü" kimi qeyd olunan 30 avqust tarixi hər bir türkün qürur mənbəyi, iftixar yeridir. Azərbaycan kimi öz azadlığını qanı-canı bahasına əldə edən qardaş ölkə Dünya müharibəsinin sonlarında müttəfiqlərin Balkan yarımadasına ordu çıxarması ilə düşdüyü çətin vəziyyətdən Mustafa Kamal Atatürk və onun "sizə savaşmağı deyil, ölməyi əmr edirəm!" şüarı ilə ruhlanan ordusu Çanaqqalada tarixi zəfər qazanaraq öz azadlıqlarını bərpa etməsi Azərbaycanın 2020-ci ildə öz torpaqları uğrunda apardığı mübarizə ilə oxşardır. Qardaş ölkənin dəstəyi ilə öz ordusunu və arsenalını gücləndirən Azərbaycan 3 il əvvəl beynəlxalq aləmin hələ də danışdığı hərbi taktikalarla düşməni göz açmağa imkan verməmiş və sülhə məcbur edərək işğala son qoymuşdur.

Müharibədən sonra da hər iki ölkə arasında əməkdaşlıq inkişaf edir. 2021-ci ildə işğaldan azad olunan Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında imzalanan Bəyannamə bunun məntiqi sübutudur. Şuşa Bəyannaməsinin məhz Azərbaycan xalqının Qurtuluş Günü - 15 iyun tarixinə və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənası var. 100 il əvvəldən bir qədər fərqli olaraq hazırkı dövrdə bölgə uğrunda ABŞ, Rusiya, Britaniya, Fransa, İran kimi dövlətlərin açıq mübarizəsi müşahidə olunmaqdadır. Lakin bu dəfə fərq ondan ibarətdir ki, hadisələr Azərbaycanın xeyrinə və maraqlarına uyğun cərəyan edir. Şuşada Türkiyə lideri ilə Bəyannamə imzalayarkən Azərbaycanın dövlət başçısı hər kəsin yadına Qars müqaviləsini saldı. O qeyd etdi: "Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır".

Bizi birləşdirən təkcə dövlətlərimizin maraqları deyil, bizi birləşdirən sadiqlik, etibar və qarşılıqlı dəstəkdir. Beynəlxalq tədbirlər zamanı dəfələrlə bu qarşılıqlı dəstəyin şahidi olmuşuq. Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstan tərəfi ilə görüşlərdə öz mövqeyini  bildirərək daima Türkiyəyə dəstək olacağını bəyan edib. Eyni mövqeyi də ölkəmizə qarşı göstərən Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla quru sərhədinin açılmasının yalnız  münaqişədə Azərbaycanın maraqlarına xidmət edən addımlar atıldığı zaman mümkün olacağını qeyd edib. Bu baxımdan İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan dünyada ikili standartları tənqid edən azsaylı dövlət başçılarındandır.

Türkiyə Silahlı Qüvvələrinin yaranmasının ildönümü ərəfəsində qardaş ölkənin müdafiə naziri və Baş Qərargah rəisinin ölkəmizə səfəri müstəsna haldır. NATO standartlarına uyğun birgə təlimlərin keçirilməsi barədə razılıq və ümumilikdə hərbi əməkdaşlığın perspektivlərinin müzakirə edilməsi iki ölkə arasında hərb sahəsində inkişafın əsas prioritetlərindəndir.

Tacir SADIQOV,

"Respublika".