Tarixi ədalət bərpa olunacaq
Digər xəbərlər

Tarixi ədalət bərpa olunacaq

Xalqımız ötən yüzillikdə dəfələrlə etnik təmizləmə siyasətinə məruz qalmış, tarixi dədə-baba yurdlarından zorla köçürülmüş, didərgin salınmışdır. XX əsrin əvvəllərində baş verən proseslər nəticəsində isə əzəli torpağımızda Ermənistan dövləti yaradılmışdır. Bu zaman Qərbi Azərbaycanda yaşayan soydaşlarımız əzəli torpaqlarından vəhşicəsinə qovulmuşlar. Lakin bu həsrətin bir gün bitəcəyi hər kəsə bəllidir. Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində haqq-ədalət öz yerini tapacaqdır. Ötən əsrdə baş verənlər, ermənilərin Qərbi Azərbaycandakı həmyerlilərimizə qarşı etdiyi haqsızlıqlar dünya ictimaiyyətinə çatdırılır ki, bunlar məsələnin beynəlxalq müstəvidə həlli üçün ilkin addımlardır. Ermənistan isə ölkəmizə qarşı əsassız iddialarla aranı qarışdırmağa çalışır. Əslində, mənfur düşmənin bu iddiaları o qədər də təəccüblü deyil. Çünki düşmənin gözü daim özgə torpağında olub. Amma bütün bunlar əbəsdir. Ölkə başçımız İlham Əliyevin də dediyi kimi, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox sənədlər, xəritələr və qədim tariximiz də təsdiqləyir.

1918-ci ildə hələ yeni yaranan Azərbaycan Xalq Cümhuriyyəti özünün ilk qərarlarından birində qədim tarixi şəhərimiz olan İrəvanı Ermənistana bağışlamışdır. Bu hadisədən iki il sonra isə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə Zəngəzur da Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilmişdir. 1948-1953-cü illərdə xalqımızın məruz qaldığı deportasiyanı da unutmaq mümkün deyil. Bu zaman istər sovet hökuməti, istərsə də ermənilər Qərbi azərbaycanlılara qarşı amansız cinayət törətmişlər. 1980-ci illərin sonlarında həm erməni millətçiləri, həm onların sovet hökumətindəki havadarları yenidən hərəkətə keçmişlər. Nəticədə, sovet hökuməti yenə alçaq düşmənə dəstək göstərmiş, xalqımız əzəli torpaqlarından növbəti dəfə deportasiya olunmuşdur. Bu yaxınlarda Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciəti də tarixi ədalətin bərpa olunması yönündə atılan mühüm addımlardan hesab olunur. Belə ki, həmin müraciəti bu il yanvarın 17-də Birləşmiş Millətlər Təşkilatının katibliyi BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yaymışdır. Müraciət həmçinin silahlı sülh quruculuğu, qaçqınların hüquqlarının qorunması, irqi ayrı-seçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviq olunması, soyqırımının, etnik təmizləmənin və insanlığa qarşı cinayətlərin qarşısının alınmasına dair bəndlər ilə əlaqələndirilmişdir. BMT-yə edilən müraciət Ermənistandan qovulmuş azərbaycanlıların hüquqları məsələsinin beynəlxalq müstəviyə gətirilməsi sahəsində böyük uğurlardandır. Bundan başqa, müraciət azərbaycanlıların öz evlərinə qaytarılması və təməl insan hüquqlarının qorunması üçün beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın bərqərar olmasının zəruriliyini bir daha təsdiqləyir. Bu sahədə atılan addımlar sülh yolu ilə və  təhlükəsiz şəkildə geriyə qayıtmaq istiqamətində səylərin artırılmasına mühüm töhfə olacaq.

Nəzrin ELDARQIZI,

“Respublika”.