Azərbaycan ədəbiyyatı və mədəniyyəti üçün böyük işlər görən Mir Cəlal Paşayevin adı həmişə hörmətlə çəkiləcək
Sosial həyat

Azərbaycan ədəbiyyatı və mədəniyyəti üçün böyük işlər görən Mir Cəlal Paşayevin adı həmişə hörmətlə çəkiləcək

Sadə, təvazökar, xeyirxah... Onu hamı belə tanıyır, belə sevirdi. XX əsr Azərbaycan nəsrinin yükünü çiyinlərində daşıyan görkəmli yazıçı, tədqiqatçı-alim, pedaqoq - Mir Cəlal Paşayev.

Zəngin irsi böyük həqiqətlərin səmimiyyətlə bədii təcəssümünə əsaslanan Mir Cəlal təxminən əlli illik yaradıcılığında öz oxucuları ilə həmişə səmimi və obyektiv bir dialoq qurmuş, həyatı elə olduğu kimi şən və qüssəli tərəfləri ilə canlandırmağı bacarmışdı. Bəlkə də buna görədir ki, sovet dövründə yazılmış əsərləri elə bu gün də eyni maraq və həvəslə oxunur, köhnəlmir və yəqin ki, heç vaxt da köhnəlməyəcək. Çünki onların hər biri yazıldığı dövrün siyasi-ictimai və psixoloji mənəvi səciyyəviliklərini dəqiqliklə, müfəssəl şəkildə təcəssüm etdirib və öz tarixinin bədii abidəsidir.

Mir Cəlal Paşayev 1908-ci ildə Ərdəbildə anadan olmuş, ehtiyac üzündən ailəsi Gəncəyə köçmüşdür. Onun uşaqlıq, gənclik illəri  bu şəhərdə keçmiş, S.Vurğun, Ə.Cəmil, M.Rzaquluzadə, H.Araslı, C.Xəndan kimi bir çox görkəmli sənətkar və alimlərlə burada tanış olmuş, təhsil və əmək fəaliyyətlərinə Gəncədə birlikdə başlamışdılar. Gəncə ədəbi mühiti Mir Cəlalın bir şəxsiyyət kimi yetişməsində, formalaşmasında olduqca mühüm rol oynamışdı. Burada ibtidai təhsil almış, sonra Gəncə Pedaqoji Texnikumunda oxumuş, ədəbi mühitin coşqun axarına qoşulmuşdur. Özünü "Qızıl qələmlər" İttifaqının Gəncə şöbəsində bacarıqlı, istedadlı şair kimi tanıdan Mir Cəlalın ilk məqaləsi "Yeni fikir" qəzetinin 1926-cı il 7 iyul nömrəsində,  ilk şeiri isə "Qızıl Gəncə" məcmuəsində 1928-ci ildə, ilk tərcümə şeiri "Gənc işçi" qəzetində 1930-cu ildə dərc olunmuşdur. 1932-ci ildə ədibin "Sağlam yollarda", 1935-ci ildə "Boy" adlı hekayələr və oçerklər məcmuəsi, "Dirilən adam" romanı çapdan çıxıb. Roman bir ildən sonra rus dilinə tərcümə edilib. 1937-ci ildə "Gözün aydın" kitabı, "Polad necə bərkidi" romanı ilə müqayisə edilə bilən "Bir gəncin manifesti", 1940-cı ildə "Açıq kitab" romanları nəşr edilib. 

Akademik Nizami Cəfərov yazır: "Azərbaycan xalqının XX əsrin sonlarında qazandığı müstəqillik, heç şübhəsiz, bir neçə yüzillik tarixi olan milli azadlıq ideallarına, bu idealların həyata keçirilməsi uğrunda aparılmış ardıcıl mübarizələrə əsaslanır. Və həmin idealların təmərküzləşib daha məqsədyönlü xarakter almasında, bu və ya digər dərəcədə kütləviləşib ümumxalq səciyyəsi daşımasında XX əsrin əvvəllərindən başlayaraq sürətlənən ictimai-siyasi, mənəvi-mədəni və ideoloji proseslər xüsusi rol oynamış, öndə gedərək xalqa doğru yol göstərmək missiyasını mütəvazi bir məsuliyyətlə yerinə yetirən ziyalı - mütəfəkkirlər yetişmişdir ki, onlardan biri də böyük ədibimiz Mir Cəlal Paşayev olmuşdur".

Mir Cəlalın yaradıcılığı heç bir çərçivəyə sığmırdı. O, həyatın sərt realizminə həmişə sadiq qalaraq yüksək demokratizmi və həmin sərt həqiqətləri olduğu kimi əks etdirmişdir. Nəhəng romantik olduğu kimi, həm də lirik, satirik, kəskin süjetli hekayə  novellaların müəllifidir. Tənqidçilərin vurğuladığı kimi, Azərbaycan nəsrində tipik Avropa novella janrını bütün Şərq incəliyilə ilk dəfə yaradıb formalaşdıran, kamilləşdirən Mir Cəlal müəllim olub. Müəllifin "Həkim Cinayətov", "Mərifət dərsi", "Mərkəz adamı", "Təzə toyun nəzakət qaydaları", "Bostan oğrusu", "Anket Anketov", "Həpəndovun məqaləsi", "Şairin ərizəsi", "Şapalaq" və digər hekayələri təkcə Azərbaycan ədəbiyyatının deyil, dünya ədəbiyyatının klassik miniatür hekayə nümunələrindəndir.

Onun hekayə - novellaları həyatın müxtəlif sahələrindən götürülmüş olduqca maraqlı, mənalı mövzuları əks etdirir. İlk baxışda adi görünən əhvalatlar Mir Cəlal qələminin gücü ilə çox incə bir yumor, kəskin satirik çalarla oxucuya çatdırılır. Bu əsərləri oxucuya sevdirən həm də onların dili, xalq danışıq tərzinə uyğun, son dərəcə canlı, təbii ifadələrlə zəngin olmasıdır. Mir Cəlalın qəhrəmanları olduqca təbii, inandırıcı, koloritli bir şəkildə danışırlar. Hadisələr, əhvalatlar, peyzajın özü belə canlı, təbii verilir və bir-birilə bağlılıq yaradır.

Mir Cəlal Paşayevin elmi əsərlərinin də dili, üslubu fərqli idi, müasiri olan qələm yoldaşlarının heç birinin dilinə, üslubuna oxşamırdı. O, elmi əsərlərini də yazıçı qələmindəki yığcamlıq və şirinliklə, ancaq axıcı elmi mühakimə tutumu olan dillə yazırdı.

Görkəmli ədəbiyyatşünas, ədəbiyyat nəzəriyyəçisi, dərslik və yüzlərlə ədəbi-tənqidi məqalələr müəllifi olan Mir Cəlalın Nizami, M.Füzuli, M.P.Vaqif, M.Ş.Vazeh, A.Bakıxanov, Q.Zakir, M.F.Axundov, C.Məmmədquluzadə,  M.Ə.Sabir, S.Vurğun, C.Cabbarlı, S.Rüstəm və bir çox ədəbiyyat klassikləri haqqında tədqiqatları, məqalələri, monoqrafik əsərləri ədəbiyyatşünaslığımızın parlaq, əvəzsiz nümunələridir. Onun "Azərbaycan ədəbiyyatı tarixi" kitabına yazdığı elmi oçerklər, "XX əsr  Azərbaycan ədəbiyyatı" (F.Hüseynovla birgə) dərsliyi, "Ədəbiyyatşünaslığın əsasları" kitabı Azərbaycan ədəbiyyatı elminin nadir elmi nümunələri sayılır. Mir Cəlal müəllimin "Azərbaycan ədəbiyyatında realizmin müəyyənləşməsi və inkişafı haqqında" elmi-nəzəri əsəri Azərbaycan ədəbiyyatşünaslığında ədəbi metod  və üslub istiqamətində aparılan ilk monumental əsərlərdəndir. "Füzulinin poetik xüsusiyyətləri" və "Füzulinin sənətkarlığı" kitabları Azərbaycan füzulişünaslığının  əsas sütunlarından birini təşkil edir. Professor  Qara  Namazov yazır: "Mir Cəlalın "Füzuli sənətkarlığı" monoqrafiyası Füzuli ədəbi irsini öyrənmək, mənimsəmək və dərk etmək üçün elmi açardır".

Mir Cəlal həm də müəllim idi. Onun pedaqoji fəaliyyəti ömrünün ən yaddaqalan  və mənalı illərini təşkil edir.  Bakı Dövlət Universitetinin nüfuzlu professoru  tələbələrinin, həmkarlarının yaddaşında xeyirxah və qayğıkeş müəllim kimi qalıb. O, universitetdə Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri vəzifəsində çalışırdı. Bütün  tələbələrinə böyük qayğı, nəvazişlə yanaşardı.  Elə həyat yollarında da tələbələrinin yaxın  məsləkdaşına çevrilmişdi, Mir Cəlal müəllim. Onu hamı çox sevirdi, mühazirələrinə ən zəif tələbə belə olduqca həvəslə  gəlirdi. Mir Cəlal müəllimin qapısı hamının üzünə açıq idi, istedadlı tələbələrini isə öz övladları qədər sevir, onların qayğısını öz qayğısı bilirdi.

Filologiya elmləri doktoru, professor İsmayıl Vəliyev yazırdı: "Bəli, mən onun çoxsaylı əsərlərini, bədii və elmi araşdırmalarını oxuduqca, onun manifestini görürəm. Hörmətli müəllimlərim və dostlarım, professorlar Teymur Əhmədovun, Qara Namazovun, Vaqif  Vəliyevin, Firidun  Hüseynovun xatirələri mənim ürəyimdəki müəllim heykəlini, sadə insan obrazını daha da nurlandırıb. Bu nurlu obraz - Mir Cəlal müəllimdir. Dodağından təbəssüm düşməyən, hörmətli Mir Cəlal müəllim. Onun yazdıqları və bizə dedikləri isə mənalı bir ömrün manifestidir".

Bəli, Mir Cəlal Paşayev mənalı bir ömür yaşadı, istər yazıçı, tədqiqatçı-alim, istərsə də pedaqoq kimi üzərinə düşən vəzifəni qibtə olunacaq bir səviyyədə yerinə yetirdi, insanlığın zirvəsinə yüksəldi. Sadə yaşadı, şəxsiyyətinə, yaradıcılığına da sirayət edən bu sadəlik isə primitivliyin deyil, onun müdrikliyinin ifadəsi idi.

Azərbaycan ədəbiyyatı və mədəniyyəti üçün çox böyük işlər görən, XX əsr ədəbiyyatşünaslığı məktəbini yaradan Mir Cəlal müəllimin xatirəsi daim qəlblərdə yaşayacaq, adı hörmətlə çəkiləcək.

Zümrüd QURBANQIZI,

"Respublika".