AVROPA PARLAMENTİNDƏ KORRUPSİYA QALMAQALININ MÜHÜM TƏRKİB HİSSƏSİ
Siyasət

AVROPA PARLAMENTİNDƏ KORRUPSİYA QALMAQALININ MÜHÜM TƏRKİB HİSSƏSİ

Erməni lobbisinin anti-Azərbaycan fəaliyyətini həyata keçirmək, ölkəmizə qarşı əsassız qətnamələr qəbul etdirmək üçün yaratdığı rüşvət mexanizmi konkret faktlarla ortaya çıxdı

Təxminən son iki həftədir ki, Avropa siyasətçilərinin diqqəti rüşvət almaqda və Avropa İttifaqının qəbul edə biləcək qərarlarına qanunsuz təsir göstərməkdə şübhəli bilinən avropalı məmurların korrupsiya işinin araşdırılmasına yönəlib. Belə ki, dekabrın 9-da Avropa Parlamentində güclü korrupsiya qalmaqalı baş verib. Həmin gün Belçika polisi genişmiqyaslı əməliyyat keçirib, axtarış aparıb və aralarında Avropa Parlamentinin sədr müavini Eva Kailinin də olduğu dörd nəfəri həbs edib. KİV-in məlumatına görə, istintaqa cəlb edilən bütün müttəhimlər rüşvət almaq və 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatına hazırlıq çərçivəsində Aİ-nin Qətərə qarşı siyasətinə təsir göstərməyə çalışmaqda şübhəli bilinirlər.

Dekabrın 9-da axşam saatlarında Kailinin Brüsseldəki evində axtarış aparılıb. Agentliyin mənbəsi qeyd edib ki, o, "cinayət yerində" həbs olunduğu üçün deputat toxunulmazlığından istifadə edə bilməyib. Sonrakı günlərdə Brüsseldə axtarışlar davam edib. Paralel olaraq, polis AP-nin Strasburqdakı qərargahında bir sıra ofisləri möhürləyib. Belçika mediası axtarışlar zamanı 2 milyon avroya yaxın nağd pulun aşkar edilərək götürüldüyünü yazır. Yunanıstanın "Efimerida ton Syntakton" qəzetinin yazdığına görə isə Kailinin evində həbs olunarkən atasının çamadanda gəzdirdiyi pullar da daxil olmaqla, ümumilikdə 160 min avroluq çanta aşkar edilib.

Eyni zamanda Kailinin vəkili Michalis Dimitrakopoulos yazılı açıqlamada bildirib ki, Kaili Avropa Parlamentinin rəhbəri Roberta Metsolanın ona həvalə etdiyi və Aİ diplomatiyasının rəhbəri Josep Borrellin təşəbbüsü ilə Qətərə qarşı rəsmi Aİ siyasətini həyata keçirib. Vəkilin sözlərinə görə, Kailinin evində tapılan pulun "mövcudluğundan xəbəri olmayıb" və o AP-dəki həmkarları tərəfindən "xəyanətə məruz qaldığını" deyir.

Eyni zamanda, Aİ prokurorluğu dekabrın 15-də Kailinin iki həftə ərzində AP-də ikinci korrupsiya işində şübhəli olduğunu elan etdi. Amma bunun Qətər və 2022-ci il dünya çempionatı ilə heç bir əlaqəsi yoxdur. Söhbət, xüsusən də avropalı deputatların köməkçilərinə əsassız olaraq pul ödənilməsindən gedir. Prokurorluq Yunanıstandan olan iki avropalı deputatın - Eva Kaili və Avropa Xalq Partiyasından olan deputat Mariya Spirakinin deputat toxunulmazlığının götürülməsini istəyib. Dekabrın 15-də Yunanıstan prokurorluğu Belçikada aparılan istintaqla əlaqəsi olmayan, bilavasitə Yunanıstanda rüşvətxorluq və çirkli pulların yuyulması faktlarının Kaili ilə əlaqəli olub-olmamasının araşdırılmasına başlandığını elan etdi.

Ursula Fon der Lyayen Kailiyə qarşı ittihamları Avropa Birliyi institutlarına etibar məsələsi adlandırıb. Onun sözlərinə görə, assosiasiyaya etik nəzarət üçün ən yüksək standartlara və birliyin bütün institutları ilə işləyəcək strukturlara ehtiyac var. Həmçinin qeyd olunub ki, AP korrupsiya haqqında məlumat dərc edənlər və bu məlumatı çatdıranlar qorunacaq. Eyni zamanda, Avropa Parlamentinin üzvləri üçün Aİ-dən kənar ölkələrlə qarşılıqlı əlaqə qaydalarına yenidən baxılacaq. AP rəsmiləri bildirirlər ki, "Bu, bizim institutun reputasiyasına, demokratiyamıza ciddi zərbədir. Biz dərhal etimadın bərpası üçün işə başlamalıyıq".

Macarıstan korrupsiya qalmaqalına ən emosional və aktiv reaksiya verən tərəf oldu. Bu, daha çox onunla bağlıdır ki, AP son vaxtlara qədər Macarıstan hökumətini korrupsiyaya qarşı mübarizədə kifayət qədər səy göstərmədiyinə görə qınayıb. Bununla əlaqədar Avropa Parlamentinin deputatları Aİ rəhbərliyinə Avropa fondlarından Macarıstana ödənilməli olan 13 milyard avrodan çox məbləğdə vəsaiti dondurmağı tövsiyə ediblər.

Korrupsiya qalmaqalı dünyada aktiv şəkildə müzakirə olunmağa başlayandan sonra baş nazir Viktor Orban öz tviter səhifəsində yazıb: "Avropa Parlamenti Macarıstandakı korrupsiyadan ciddi şəkildə narahatdır". Daha sonra Orban külli miqdarda pul da daxil olmaqla, Kailiyə qarşı korrupsiya işində fiziki sübutları göstərən Belçika polisi tərəfindən çəkilmiş şəkilləri tvit edib. "Brüsseldə qanunun aliliyi belə görünür", - deyə Orban şərh edib.

Təbii ki, Avropa Parlamentindəki kütləvi və köklü korrupsiya problemi Eva Kailinin həbsi ilə həll olunmayacaq. Çünki Kailinin işi sadəcə rüşvət almaq, ötürmək və paylamaq idi. Parlamentdə korrupsiya şəbəkəsi daha genişdir. Burada "pul verən musiqini sifariş edir" prinsipi sayəsində parlamentin ətrafında minlərlə lobbi təşkilatı və qrupları yaradılıb.

Bu qalmaqalın mərkəzində yalnız Qətər görünsə də, başqa ölkələr və qruplar da var. Məsələn, Avropa Parlamentində fəaliyyət göstərən anti-Azərbaycan qruplaşması da bu şəbəkənin mühüm və ayrılmaz tərkib hissəsidir. Onlar Ermənistana dəstək istəyən və qanunsuz biznes fəaliyyətlərini davam etdirən erməni oliqarxlarından və mafiya başçılarından da külli miqdarda rüşvət alırlar. İşğal zamanı Qarabağda qanunsuz bizneslə məşğul olan bu oliqarxlar qeyri-qanuni yolla əldə etdikləri sərvətlərin bir hissəsini digər qurum və strukturlarla birlikdə Avropa Parlamentinin nümayəndələrinə və Aİ rəsmilərinə ötürüblər.

Onlardan biri də Belçikadakı erməni mafiyasının əsas fiquru Kaspar Karampetyandır. Eyni zamanda Yunanıstan, Ermənistan və Lüksemburq vətəndaşı olan Karampetyan Ədalət və Demokratiya Uğrunda Avropa Erməni Federasiyasının prezidentidir. Bu adam öz biznesini müxtəlif qeyri-qanuni kommersiya fəaliyyətləri, o cümlədən almaz qaçaqmalçılığı yolu ilə qurub. Adı mafioz fəaliyyətdə də hallanan Karampetyan Ermənistanın və öz kommersiya maraqlarını qorumaq üçün indiyədək avropalı məmur və deputatlara milyonlarla vəsait paylayıb.

Avropalı parlamentarilərə külli miqdarda rüşvət verən erməni əsilli digər oliqarx Vartan Sirmakesdir. İsveçrə vətəndaşı olan Sirmakes Qarabağın işğalı dövründə orada bank sektoru, kənd təsərrüfatı, mədənçilik kimi müxtəlif sahələrdə tamamilə qeyri-qanuni ticarət fəaliyyəti həyata keçirmiş, Azərbaycanın sərvətlərini talamaqla öz biznes imperiyasını genişləndirmişdir. Serj Sarkisyanın Ermənistanın Marseldəki baş konsulu təyin etdiyi Sirmakes qazandığı pullar hesabına Avropa Parlamentinin deputatlarına rüşvət və bahalı hədiyyələr paylamaqla həm Ermənistanın, həm də şəxsi merkantil və biznes maraqlarını qorumaq üçün dəstək qazanmağa çalışıb.

Azərbaycanın maddi sərvətlərinin talan edilməsindən əldə olunan vəsaiti Sirmakes də erməni diasporuna dəstək üçün göndərirdi. Onun maliyyə yardımı göstərdiyi təşkilatlardan biri Ermənistanın Avropa Dostlarıdır (EuFoA). Məqsədi Avropanın əsas siyasi və iqtisadi mərkəzləri, eləcə də mühüm qərarlar qəbul etmək səlahiyyəti olan şəxslər, Ermənistan və separatçı keçmiş "Artsax" arasında əlaqələr yaratmaq olan bu təşkilata Sirmakes maliyyə yardımı göstərib. Məlum olduğu kimi, Avropa Parlamentinin deputatları ilə "yaxın" münasibətdə olan "Ermənistanın avropalı dostları" Eva Kaili ilə qalmaqaldan sonra mümkün qədər korrupsiya əlaqələrini gizlətməyə çalışırlar.

Bu və digər erməni oliqarx və mafiya liderlərindən rüşvət alan bəzi deputatlar təbii ki, Azərbaycan əleyhinə qərəzli fəaliyyətləri ilə seçilir və Parlamentin korrupsiya şəbəkəsinin üzvləridir. Bildirilir ki, Avropa Parlamentinin korrupsioner şəbəkəsinə 33 nəfərdən ibarət "Ermənistan dostluq qrupu"nun üzvləri də daxildir. Avropa Parlamentində Azərbaycan və Türkiyə əleyhinə olan bəyanatlar Avropa Parlamenti adından oxunsa da, onların əksəriyyətini məhz bu "33 nəfərlik qrup" imzalayır. Bu deputatların bəziləri hətta Karampetyanın maliyyə dəstəyi ilə Ermənistana səfərlər ediblər.

Ümumilikdə Avropa Parlamentindəki korrupsiya qalmaqalında 70-ə yaxın deputat meydana çıxır. Əgər Avropa Parlamentində bu səviyyədə korrupsiya mexanizmi yaradılıbsa, şübhəsiz ki, milli parlamentlərdə də vəziyyət eynidir. Təsadüfi deyil ki, Azərbaycan əleyhinə fəaliyyət göstərən Avropa Parlamentinin deputatlarının əksəriyyəti Fransadan olan deputatlardır.

Eva Kaili ilə qalmaqaldan sonra Belçika polisi korrupsiya şəbəkəsi ilə əlaqəli cinayət təşkilatları, eləcə də çirkli pulların yuyulması ilə bağlı daha geniş araşdırmaya başladığını elan etdi. Bundan sonra bu şəbəkəyə daxil olan "Ermənistanla dostluq qrupu"nun üzvləri son dərəcə diqqətli olmağa çalışır, öz əlaqələrini və korrupsiyaya əsaslanan əməllərini ifşa etməkdən çəkinirlər. Kailinin həbsindən sonra Avropa Parlamentinin saytından bir sıra materiallar silinib. Onların arasında "erməni diasporu" ilə əməkdaşlıq haqqında da məlumatlar var. Eyni zamanda, Avropa Parlamentinin deputatları ilə "dost" olan "Ermənistanın Avropa Dostları", "Avropa Erməni Ədalət və Demokratiya Federasiyası", "Ümumerməni Xeyirxah Birliyi" kimi erməni təşkilatları da siyahıdan silinib. Onların hesablarında bəzi məlumatlar Avropa Parlamenti ilə əməkdaşlıq etdiklərini açıq şəkildə sübut edir.

Emin QASIMOV,

"Respublika".