Antalyada Asiya Parlament Assambleyasının 13-cü plenar sessiyası işə başlayıb
Siyasət

Antalyada Asiya Parlament Assambleyasının 13-cü plenar sessiyası işə başlayıb

Türkiyənin Antalya şəhərində Asiya Parlament Assambleyasının 13-cü plenar sessiyası işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Dövlət Himninin səsləndirilməsi ilə başlayan sessiya çərçivəsində "Dəyişən beynəlxalq dinamikada çoxtərəfliliyin təşviqi" mövzusunda sessiya təşkil olunub.

Tədbirin açılış hissəsində Asiya Parlament Assambleyasının Baş katibi Məhəmməd Rza Məcidinin, Türkiyə Böyük Millət Məclisinin (TBMM) və Assambleyanın fəaliyyətdə olan sədri Mustafa Şentopun, həmçinin Assambleyaya üzv ölkələrin parlament sədrlərinin çıxışları dinlənilib.

Assambleyanın Baş katibi Məhəmməd Rza Məcid və TBMM-in sədri Mustafa Şentop çıxışlarında Asiya Parlament Assambleyasının məqsəd və vəzifələrindən danışıblar. Əminliklə qeyd olunub ki, Asiya Parlament Assambleyası Türkiyənin sədrliyi dövründə daha böyük uğurlar qazanacaq. Vurğulanıb ki, parlament diplomatiyası qlobal məkandakı bütün proseslərə təsir göstərmək imkanına malikdir.

Türkiyə parlamentinin sədri çıxışında Prezident Rəcəb Tayyib Ərdoğanın sülhsevər siyasətinin dünya üçün əhəmiyyətini vurğulayaraq Türkiyə dövlət başçısının Nobel Sülh mükafatına namizədliyinin irəli sürüldüyünü xatırladıb və bu nəcib addımın dəstəklənməsi üçün çağırış edib.

Dünyada əhalinin artımı, buna bağlı olan digər məsələlərdən, eləcə də qlobal və regional səviyyədə terrorizmin mövcudluğundan danışan TBMM-in sədri Mustafa Şentop deyib ki, terrorizmlə mübarizədə hədəflədiyimiz nəticələri almaq üçün beynəlxalq əməkdaşlıq son dərəcə vacibdir. İnsan haqlarının təməl prinsiplərinə və demokratik dəyərlərə töhfələr vermək PKK/PYD/YPG, FETÖ və İŞİD başda olmaqla bütün terror təşkilatlarına qarşı eyni qətiyyətlə mübarizədən keçir.

Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının bu qitənin parlamentləri arasında yaratdığı dialoq zəmini, yaxın əməkdaşlıq imkanları barədə danışıb. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi də eyni baxışı və prinsipləri bölüşür, ümumi məqsədlərə çatmaq üçün Asiya Parlament Assambleyası ilə əməkdaşlıq etməyə hazırdır.

Bugünkü çoxtərəfli sistemin bütün ölkələrə fayda gətirəcək ciddi təkmilləşdirmələrə ehtiyacı olduğunu qeyd edən Sahibə Qafarova beynəlxalq hüququn norma və prinsiplərinə ciddi riayət olunmasının, beynəlxalq təşkilatların ikili standartlardan çəkinməsinin əhəmiyyətini vurğulayıb.

S.Qafarova qeyd edib ki, torpaqlarımızın 30 illik işğalı dövründə Ermənistan bütün şəhər və kəndlərimizi dağıdıb, Azərbaycanın bütün tarixi, mədəni və dini abidələrini vandalizmə məruz qoyub. Ermənistanın bu ərazilərdə həyata keçirdiyi etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlı işğal olunmuş ərazilərdən məcburi köçkün və Ermənistandan qaçqın vəziyyətinə düşüb. Birinci Qarabağ müharibəsində 4 minə yaxın Azərbaycan vətəndaşı itkin düşüb.

Milli Məclisin sədri Ermənistanda yaşayan azərbaycanlıların öz doğma torpaqlarından hətta münaqişə başlamazdan əvvəl qovulduğunu qeyd edərək, tarixi xəritələrin və sənədlərin müasir Ermənistanın tarixi Azərbaycan torpaqlarında yaradıldığını və azərbaycanlıların əsrlər boyu bu ərazilərdə yaşadıqlarını diqqətə çatdırıb. Qeyd olunub ki, tarixi şəhərimiz İrəvan 1918-ci ildə Ermənistanın paytaxtı elan edilib. 1920-ci ildə isə Zəngəzur Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilib. Bu da Azərbaycanın digər əraziləri ilə onun tərkib hissəsi olan Naxçıvan və Türkiyə ilə coğrafi əlaqəsinin kəsilməsinə gətirib çıxarıb.

Bu ərazilərdə yaşayan azərbaycanlıların XX əsrdə bir neçə dəfə deportasiyaya məruz qaldığını xatırladan Milli Məclisin sədri deportasiyaların son mərhələsinin 1988-1991-ci illərdə baş verdiyini deyib. Bildirilib ki, erməni tərəfi Qarabağda olduğu kimi, Qərbi Azərbaycanda da tarixi irsimizi məhv etmək məqsədilə bütün tarixi və dini abidələrimizi dağıdıb, Azərbaycan mənşəli şəhər və kəndlərin adlarını dəyişdirib.

Qeyd edək ki, sessiyada iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibinə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, deputatlardan İlham Məmmədov, Anar Məmmədov, Aydın Hüseynov, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildirlər.

Yanvarın 9-10-da azərbaycanlı deputatların Asiya Parlament Assambleyasının alt qurumlarının iclaslarında çıxışları nəzərdə tutulub.