Ağcabədi: “Ağ qızıl”ın yığımı və emalına ciddi hazırlıq
İQTİSADİYYAT

Ağcabədi: “Ağ qızıl”ın yığımı və emalına ciddi hazırlıq

Pambıqçılıqda yaxşı ənənəsi ilə tanınan və Qarabağ iqtisadi rayonuna daxil olan Ağcabədinin məhsuldar torpaqlarında yetişdirilən "ağ qızıl" həmişə yaxşı gəlir gətirib, əkinçilərin əlləri boşda qalmayıb. Bu il də tarlalarda məhsul boldur, yığıma da ciddi hazırlıq görülüb. "MKT" İstehsalat Kommersiya MMC-nin Ağcabədi filialı cari təsərrüfat ilində 591 nəfər fermerlə müqavilə bağlayıb və 4 min 774 hektardan çox sahədə pambıq yetişdirilib. Qeyd edək ki, pambıq əkini sahələrində yüksək aqrotexniki becərmə tədbirləri başa çatdırılıb.

Mütəxəssislərin dediyinə görə, sentyabr ayının 15-dən rayonun fermer təsərrüfatlarının pambıq sahələrində defolyasiya işləri aparılacaq və ayın 20-dən isə kütləvi yığıma başlanacaq. Pambıq yığımı zamanı istifadə ediləcək 19 pambıqyığan maşın, 132 qoşqulu lafet və 61 traktor vaxtında təmir olunaraq hazır vəziyyətə gətirilib.

Pambığın yığılması və daşınması üçün lazımi yükləyicilər də cəlb ediləcək. Qeyd edək ki, əvvəllər olduğu kimi, bu il də pambıq yığımında maşınların imkanlarından geniş istifadə olunacaq. Yığımda 19 nəfər sürücü-mexanik - "mavi gəmi" kapitanı iştirak edəcək. Bu məqsədlə mexanizatorlarla təhlükəsizlik tədbirləri ilə əlaqədar təlim keçirilib. Məhsulun vaxtında və itkisiz tədarük edilməsi üçün bütün zəruri tədbirlər görülüb. Tədarük olunmuş məhsulun tayalara vurulması üçün müəssisənin ərazisində lazımi işlər həyata keçirilib. Bu məqsədlə qurulacaq tayaların yerləri təmizlənərək hazır vəziyyətə gətirilib, ərazidə yanğından təhlükəsizlik tədbirləri görülüb. Belə ki, tayaların kənarında su hovuzları doldurulub, müvafiq avadanlıqlar hazır vəziyyətə gətirilib. Bununla yanaşı, 35 tayanın qurulması üçün konveyerlər quraşdırılıb və çadırlar hazırlanıb.

Qeyd edək ki, yığım dövründə mövsümi işlərə 70-80 nəfər cəlb olunacaq. Gün ərzində müəssisə tərəfindən 500-600 ton pambıq qəbul edilməsi nəzərdə tutulub. Bundan başqa, tədarük ediləcək məhsulun keyfiyyətlə emal edilməsi üçün pambıq zavodunun emal sexlərində avadanlıqlar yeniləri ilə əvəz olunub. Bir sözlə, pambıq yığımına və emalına ciddi hazırlıq görülüb.

Əlbəttə, biz Ağcabədidə fəaliyyət göstərən yalnız bir şirkətin "ağ qızıl" tədarükünə hazırlığından söhbət açdıq. Hansı ki, rayonun pambıq sahələrinin təxminən yarısını əkib-becərir. Bütövlükdə rayonda pambıqdərən maşınlar və digər texnikalar da kifayət qədərdir.

Salman ALIOĞLU,

"Respublika".