ADA Universitetində “Cənubi Qafqazda postmünaqişə dövründə inkişaf
Elm və təhsil

ADA Universitetində “Cənubi Qafqazda postmünaqişə dövründə inkişaf" mövzusunda beynəlxalq tədbir

İyunun 14-də ADA Universitetində "Cənubi Qafqazda postmünaqişə dövründə inkişaf" mövzusunda dəyirmi masa təşkil olunub. Diasporla İş üzrə Dövlət Komitəsinin və ADA Universitetinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun işğaldan azad etdiyi ərazilərimizdə aparılan bərpa-quruculuq işləri barədə ətraflı məlumat verilib, ölkəmizin müxtəlif istiqamətlərdə inkişaf perspektivləri müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət qurumlarının nümayəndələri, ABŞ, Almaniya, Böyük Britaniya, Braziliya, Fransa, İsrail, İtaliya, Türkiyə, Ukrayna, Gürcüstan və Yunanıstanın müxtəlif təhlil mərkəzlərini, universitetlərini və mediasını təmsil edən 20-dən çox xarici ekspert və azərbaycanlı mütəxəssis iştirak edib.

Açılış mərasimindən sonra dəyirmi masa dinləmələrində "Mənim tarixim" və "Qarabağda urbisid" adlı videoçarxlar nümayiş olunub.

Müvafiq dövlət qurumlarının təmsilçiləri qonaqlara Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quruculuq işləri haqqında müfəssəl məlumat veriblər.

Dəyirmi masada çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib: "İşğaldan azad olunan ərazilərimizdə layihələrin həyata keçirilməsi üçün 1100-dən çox müraciət daxil olub. Müraciət edənlər arasında öz işini qurmaq istəyən şəxslər çoxluq təşkil edir. Həmin şəxslər ticarət, sənaye, turizm, mədəniyyət və digər sahələrdə öz təşəbbüslərini irəli sürüblər".

O qeyd edib ki, Kəlbəcərdə, Şuşada, Ağdamda, Zəngilanda, Qubadlıda, Laçında, Xocalıda və işğaldan azad olunmuş digər ərazilərdə müxtəlif layihələr üçün təkliflər var.

"Bizə olunan müraciətlər təkcə ölkə daxilindən deyil, xarici dövlətlərdən də gəlir. Belə ki, bizə bu məsələlərlə bağlı 35 ölkədən müraciət daxil olub. Vacib məsələlərdən biri də işğaldan azad olunmuş ərazilərdə monitorinq və qiymətləndirmənin aparılmasıdır", - deyə İdarə Heyətinin sədri vurğulayıb.

Orxan Məmmədov söyləyib: "Bir sıra sahibkarların işğaldan azad olunmuş ərazilərə səfərləri təşkil olunub. Həmçinin sahibkarlara müvafiq təlimlər keçilib və onlara dəstək göstərilib".

Daha sonra çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva bildirib ki, otuz il Ermənistan tərəfindən işğalda saxlanılan ərazilərimizdə 800-ə yaxın tarixi, dini, mədəni, sənaye və digər obyektlər vardır. Onlar ermənilər tərəfindən dağıdılıb və ya mənimsənilməsi barədə ciddi faktlar vardır. 30 il müddətində 700-dən çox obyekt, həmçinin 80-dən çox məscid, eyni zamanda, kilsə, tarixi abidələr düşmən tərəfindən vandalizmə məruz qalıb. Ağdam, Füzuli, Cəbrayıl tamamilə dağıdılıb.

Sevda Məmmədəliyeva cari ildə Şuşada keçirilən tədbirlər haqqında da danışıb. Şuşanın Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsinin əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev deyib: "Qarabağ Dirçəliş Fondunun yaradılmasında məqsəd işğaldan azad olunmuş ərazilərdə görülən işlərə dəstək verməkdir. Biz, eyni zamanda, ermənilər tərəfindən dağıdılan ərazilərə dəyən zərərin həcmini də hesablayırıq".

Rəhman Hacıyev işğaldan azad olunmuş ərazilərin bərpası üçün böyük maliyyə vəsaitinin lazım olduğunu vurğulayıb. Həmçinin qeyd edib ki, büdcə gəlirlərinin artırılması üçün alternativ gəlir mənbələrinə ehtiyac vardır.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin sahibkarlığın inkişafı barədə çıxışları Qarabağda fəaliyyət göstərəcək bütün şirkətlər üçün motivasiya olmalıdır.

"Biz Qarabağda gördüyümüz işlərdə müasir texnologiyalardan istifadə edirik və bizimlə işləmək istəyənlərə bu istiqamətdə də tövsiyələr veririk. İşğaldan azad olunmuş ərazilərdə ilin sonuna kimi 50 min ağacın əkilməsi planlaşdırılır. Bundan əlavə, Füzulidə 21 hektar ərazidə parkın salınması da görüləcək işlərə daxildir. 21 hektar ərazidə salınacaq park, həmçinin alternativ enerji mənbələrindən istifadə etmək üçün önəmli olacaq.

Tədbirdə çıxış edən Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib ki, beş milyon insan nazirliyin xidmətlərindən istifadə edir. Üç milyon insana isə müxtəlif sosial ödənişlər edilir. Nazir müavini müharibə dövründə ermənilər tərəfindən Gəncədə, Bərdədə və digər yerlərdə törədilən terror nəticəsində həlak olan insanlara sosial müavinətlərin verilməsindən danışıb. Bildirib ki, həmçinin evləri ziyan görən vətəndaşlara da yardım olunub.

"Əsas məqsədlərimizdən biri də xüsusi qayğıya ehtiyacı olan insanların evlərlə təmin olunmasıdır. Belə ki, həmin insanların evi yoxdur və müxtəlif sığınacaqlarda yaşayırlar", - deyə Anar Kərimov bildirib. O əlavə edib ki, 20 minə yaxın insana reabilitasiya xidmətləri göstərilib: "Həmçinin 600-ə yaxın şirkətlə əməkdaşlıq edirik. Hansı ki, bu şirkətlər qazilərin işlə təmin olunmasına dəstək verir. Eyni zamanda, onlar peşə hazırlığı kursundan da istifadə edə bilir".

Çıxış edən Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov ermənilər tərəfindən basdırılmış minaların təmizlənməsi istiqamətdə davamlı olaraq işlərin aparıldığını vurğulayıb. Bildirib ki, mina problemi insanların təhlükəsizliyinə, onların dinc həyat tərzinə ciddi mənfi təsir göstərir.

İdarə Heyətinin sədri 2022-ci il üzrə tədbirlər planına əsasən müəyyən olunan prioritet layihələr üzrə fəaliyyətin gedişatı, mərhələli şəkildə minatəmizləmə əməliyyatlarına yeni müdavimlərin cəlb olunması, beynəlxalq minatəmizləmə standartlarına uyğun keçirilən təlimlər, həmçinin süni intellekt texnologiyası vasitəsilə ərazilərin tədqiqatı barədə məlumat verib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov bildirib ki, erməni silahlı qüvvələri 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazilərində və digər ətraf rayonlarda vandalizm əməlləri törədib, evlər talan edilərək sökülüb, yandırılıb, tarixi abidələr dağıdılıb. Azərbaycan rayonlarının talan və qarət edilməsində, o cümlədən evlərin, abidələrin, qəbiristanlıqlardakı qəbir daşlarının sökülməsində əsir və girovların əməyindən istifadə edilib.

"Dövlət Komissiyasının əsas vəzifəsi silahlı münaqişə zamanı əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarının azad edilərək Vətənə qaytarılması, itkin düşmüş şəxslərin axtarışı işinin aparılmasından ibarətdir. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında olan məlumata əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində, Birinci Qarabağ müharibəsində 3890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri yaşlı adamdır. İtkin düşmüş şəxslərin ümumi sayından 872 nəfər, o cümlədən 29 uşaq, 98 qadın və 112 yaşlı adamın əsir-girov götürülməsi və ya işğal edilmiş ərazilərdə qalmasına dair təkzibedilməz məlumatlar var. Ermənistan bu şəxslərin saxlanılması faktını beynəlxalq təşkilatlardan gizlədərək onların sonrakı taleyi barədə indiyədək məlumat vermir", - deyə İsmayıl Axundov vurğulayıb.

Dinləmələr zamanı xarici ekspertlər də çıxış ediblər. Tədbirdə Cənubi Qafqazda postmünaqişə dövründə inkişafla bağlı geniş fikir mübadiləsi aparılıb. Xarici ekspertlər işğaldan azad olunmuş ərazilərə səfərləri barədə danışıblar. Həmin ərazilərin ermənilər tərəfindən minalanmış olduğu üçün məcburi köçkünlərin öz dədə-baba yurdlarına qayıda bilməməsindən təəssüf hissi keçirdiklərini bildiriblər. Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün çalışdıqlarını və bu sahədə də geniş işlərin görülməli olduğunu vurğulayıblar. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasının regionda mədəni əlaqələrin inkişafını sürətləndirəcəyini deyiblər. Sülh müqaviləsinin bağlanmasında Azərbaycan tərəfinin səylərini yüksək qiymətləndiriblər. Lakin erməni tərəfinin qeyri-adekvat davranışları səbəbindən hələ də regionda sülhün olmamasını da diqqətə çatdırıblar. Çıxışçılar ölkəmizin digər dinlərin, xalqların nümayəndələri üçün multikultural məkan olmasını deyiblər, Azərbaycan dövlətinin bu istiqamətdə gördüyü işləri yüksək səviyyədə qiymətləndiriblər, həmçinin antisemitizmin barədə də öz fikirlərini bölüşüblər.

AZƏRTAC