ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupun həmsədri Xocalı soyqırımı ilə əlaqədar bəyanat yayıb
Siyasət

ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupun həmsədri Xocalı soyqırımı ilə əlaqədar bəyanat yayıb

ABŞ Konqresinin Nümayəndələr Palatasının demokrat üzvü, Azərbaycan üzrə İşçi Qrupun həmsədri, Tennesi ştatını təmsil edən Stiv Kohen Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar bəyanatla çıxış edib.

Bəyanatda Xocalı soyqırımından bəhs edən Konqres üzvü S.Kohen Xocalıda yüzlərlə azərbaycanlının qətlə yetirilməsinin 30-cu ildönümünün anıldığını bildirib.

Konqres üzvü 26 fevral 1992-ci ildə Ermənistan-Azərbaycan münaqişəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş ən geniş etnik təmizləmə nəticəsində 106-sı qadın, 63-ü uşaq və 70 nəfəri yaşlı olmaqla 600 nəfərdən artıq silahsız insanın qətlə yetirildiyini, 100 nəfərdən çox uşağın bir, 25 uşağın isə hər iki valideynini itirdiyini və 8 ailənin tamamilə məhv edildiyini bəyan edib.

Qeyd olunanlara baxmayaraq, Konqres üzvü Azərbaycan və Ermənistanın bir araya gələcəklərinə və sülhün bərqərar olacağına ümidvar olduğunu bildirib. O, həmçinin bildirib ki, uzunmüddətli sülh, təhlükəsizlik və regional əməkdaşlıq bütün Cənubi Qafqaz regionunun, eyni zamanda, bütün dünyanın maraqlarına uyğundur.

Bəyanatda, həmçinin Azərbaycanın ABŞ üçün önəmindən bəhs edən Konqres üzvü Azərbaycanı ABŞ və müttəfiqlərinin güclü tərəfdaşı adlandırıb. Azərbaycanda əmin-amanlıq şəraitində yaşayan yəhudi icmasının mövcudluğuna diqqət çəkilib.

AZƏRTAC