Hər bir vətənpərvər insan üçün ən böyük şərəf
Siyasət

Hər bir vətənpərvər insan üçün ən böyük şərəf

Xalqımız öz gələcəyini Prezident İlham Əliyevin rəhbərliyi ilə qurmaq istədiyini bütün dünyaya bəyan etdi

Prezident İlham Əliyev keçən il Xankəndidə, Xocalıda, Ağdərədə müqəddəs bayrağımızı ucaltmaqla xalqımıza necə sonsuz qürur hissi yaşatmışdısa, bu il fevralın 7-də keçirilmiş prezident seçkilərində ailə üzvləri ilə birlikdə məhz Xankəndidə səs verməklə bu qüruru daha da artırdı. Hələ bir neçə ay bundan əvvələ qədər bu qədim Azərbaycan şəhəri separatçıların və terrorçuların özlərinə qərargah qurduqları və uzun illər boyunca oradan bizə təhdidlər yağdırdıqları bir məkan idi.

Prezident İlham Əliyev bütün bu haqsızlıqlara - ərazilərimizin işğalına, vətəndaşlarımızın öz dədə-baba yurdlarının həsrətini çəkərək yaşamalarına, düşmənin müqəddəs torpaqlarımızda at oynatmasına bir gün mütləq son qoyacağını öz xalqına vəd etmişdi. 2020-ci ildə işğala son qoymaqla, ərazi bütövlüyünü 2023-cü ildə isə ölkənin tam suverenliyini bərpa etməklə möhtərəm dövlət başçımız bütün vədlərinə əməl etdi. Son üç ildə Azərbaycan xalqı uzun müddət arzusunda olduğu möhtəşəm tarixi hadisələrin şahidinə, daha dəqiq desək bilavasitə iştirakçısına çevrildi: Müzəffər Ali Baş Komandanımızın Şuşada, Laçında, Kəlbəcərdə və işğaldan azad edilmiş bütün digər rayon və bölgələrimizdə Azərbaycan bayrağını dalğalandırması, Bakıda möhtəşəm Zəfər paradı, Laçın sərhəd-buraxılış məntəqəsinin qurulması, Xankəndidə tarixi Qələbəmizin 3-cü ildönümünə həsr olunmuş hərbi parad və nəhayət, ölkəmizin istisnasız bütün ərazilərində, o cümlədən işğaldan azad edilmiş rayon və bölgələrdə keçirilmiş ilk prezident seçkiləri... Həqiqətən də son dörd ildə biz şanlı tariximizin ən möhtəşəm dövrünü yaşayırıq.

Seçkilərdə Azərbaycan xalqı bir daha iradəsini ifadə edərək öz gələcəyini yalnız Prezident İlham Əliyevin rəhbərliyi ilə qurmaq istəyini və buna heç bir alternativ olmadığını bütün dünyaya bəyan etdi. Bu gün yenidən qurulan dünya düzəni, sürətlə dəyişən qlobal çağırışlar fonunda planetimizin istənilən bir guşəsində yerləşən hər hansı bir ölkənin milli maraqlarını yalnız əsl siyasi lider keyfiyyətlərini özündə cəmləşdirə bilmiş dövlət başçısı qoruya bilər. Məhz bu baxımdan da hazırda Azərbaycanı sadəcə Cənubi Qafqazın lider ölkəsinə deyil, ümumilikdə Avrasiya məkanında gedən geosiyasi proseslərə real təsir imkanlarına malik olan nüfuzlu ölkəyə çevirmiş Prezident İlham Əliyev həqiqətən də rəqibi olmayan siyasi liderdir. Azərbaycan xalqı bunu bir daha öz etimadı, seçkilərdə nümayiş etdirdiyi yüksək siyasi fəallığı ilə təsdiq etdi. Bu gün Azərbaycanın şanlı dövlətçilik tarixinin ən şərəfli səhifələri yazılır. Seçkilərdə iştirak etmək hüququ isə hər bir vətəndaşa öz azad iradəsini ifadə etməklə yanaşı, eyni zamanda yazılan tariximizin bir hissəsi olmaq şansı verdi. Bu hər bir vətənpərvər insan üçün ən böyük şərəfdir.

Novruzəli ASLANOV,

Milli Məclisin deputatı.