Hayların
Siyasət

Hayların "avtoxton"luq yuxuları

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin oktyabrın 15-də separatçıların son "sığınacaq qalası" hesab etdikləri Azərbaycanın əzəli və əbədi ərazisi olan Xankəndidə üçrəngli bayrağımızı dalğalandırması sərsəm erməni xülyalarının və "böyük Ermənistan" mifinin üstündən xətt çəkdi.

Mənşələri haqqında ötən əsrdən gedən müzakirələrin hələ bir nəticə verməməsi ermənilərin məlum bir tarixi olmaması faktı ilə yanaşı, onların aborigen tayfa olduqlarını bir daha sübut edir. Yəni tarix boyu nəhəng dövlətlərin təsiri ilə və mövcud olduqları yerlərdən qovulduqları üçün köçəri tayfa olan ermənilər özlərinə daha təhlükəsiz və sabit Cənubi Qafqazı seçdilər.

Tarix göstərir ki, zaman-zaman erməni tayfalarının bu ərazilərdən də qovulmaq təhlükəsi olub. Lakin XVII əsrdə osmanlıların tənəzzül dövründə rus çarı I Pyotra sığınan erməni tayfaları istədiklərini əldə ediblər. Tabe olmağı yaxşı bacaran ermənilər böyük imperatorların işğal etdikləri ərazilərdə etnik təmizləmə aparmaq üçün ən etibarlı seçimi hesab olunurdular. Məhz buna görə tarixi ərazilərimizdə avtoxton azərbaycanlıları köçəri ermənilərə dəyişən Rusiya imperatorluğu və ardınca isə SSRİ Qarabağ münaqişəsinin ilk təməl daşlarını atıblar. "Avtoxton" ifadəsi yunan mənşəlidir və "başqa yerdən köçüb gəlməyən" mənasını verir. Avtoxton əhali isə hər hansı coğrafi məkanda daha qədimdən məskunlaşan, ilkin olan insanlar toplusu deməkdir. Yəni bu gün ermənilərin tarixi torpaqlarımız dediyi yerlərin əksəriyyətində vaxtilə ulu babalarımız məskunlaşıblar. Sonradan kənar müdaxilələrin nəticəsində onlar bu torpaqdan didərgin düşüblər. Yerlərində isə xarici qüvvələrə "sədaqəti" ilə tanınan erməni tayfaları məskunlaşıb və beləliklə, azərbaycanlıların bölgədə təsiri azaldılıb.

Ermənilərin beynəlxalq təşkilatlarda özlərini bu ərazilərdə avtoxton əhali kimi tanıtması regionda sabitliyi təhdid edən əsas amillərdən biri hesab edilir. Necə deyərlər, "ac toyuq yuxusunda darı görən kimi" haylar da öz "şirin" yuxularında "avtoxton"luq xülyalarını görürlər. İnfantil siyasətdən uzaq, yetkin siyasət aparan hər bir dövlət öz tarixini və mənşəyini dərindən bilməli və onu təqdim etməlidir. Ermənilər isə gerçək tarixlərini, əgər varsa, gizlədərək Amerika filmlərindən götürülmüş ssenari ilə özlərinə qurama keçmiş yaradıblar.

Kiçik bir tarixi fakta əsaslansaq görərik ki, 1978-ci ildə keçmiş Dağlıq Qarabağda yaşayan erməni icması Türkmənçay müqaviləsindən sonra İrandan ilk 200 erməni ailəsinin bölgəyə köçürülməsinin 150 illiyi münasibətilə keçmiş Ağdərə rayonunun Marağa kəndi ərazisində "MARAĞA 150" abidəsi ucaltmışdı. Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının kəskinləşdiyi dövrdə abidə ermənilər tərəfindən dağıdılıb. Ancaq dağıdılan abidənin qalıqları hələ də qalmaqdadır. Bu isə onu göstərir ki, haylar dəfələrlə özlərinə tarix ssenarisi qurur, daha sonra onun reallıqdan çox uzaq olduğunu düşünərək sökür, sonra yeni ssenari yazıb, yeni abidə qururlar.

Mənşələrinin qədim Urartu dövlətindən gəldiyini deyən hayların həmin dövrdə bu ərazilərdə mövcudluğu barədə bir dənə də olsun fakt yoxdur. Bütün bunlar onu deməyə əsas verir ki, haylar regionda özlərini avtoxton olaraq qəbul etdirməyə çalışır. Lakin öz tarixlərini hələ dəqiq bilməyən ermənilər üçün zamanın və yerin heç bir önəmi yoxdur. Güman ki, gələcəkdə Cənubi Qafqazdan getmə ehtimalı olan ermənilər növbəti məskunlaşacaqları ərazilərdə bugünkü səfil tarixlərini bəzəyərək "böyük Ermənistan" xülyalarını yeni "qonşularına" inandırmağa cəhd edəcəklər. Həmin dövrdə isə sözügedən uydurmanın hüdudlarının Antarktida və Şimal Buzlu Okeanının bir hissəsi olacağı istisna deyil.

Tacir SADIQOV,

"Respublika".