Vaqif Xaçaturyanın cinayət işi üzrə məhkəmə başlayıb
Siyasət

Vaqif Xaçaturyanın cinayət işi üzrə məhkəmə başlayıb

Oktyabrın 13-də qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törədənlərdən biri - Xaçaturyan Vaqif Çerkezoviçin cinayət işi üzrə ilk iclas keçirilir.

"Respublika" xəbər verir ki, Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilir.

Qeyd edək ki, Vaqif Xaçaturyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələri ilə təqsirləndirilir.

Xatırladaq ki, Vaqif Xaçaturyanın iştirakı ilə Qarabağ iqtisadi rayonunda yaşayan, həmçinin Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birliyin tərkibində Xocalı (keçmiş Əsgəran rayonu ərazisində) rayonunun Meşəli kəndində yerli azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı, təqib etmə, didərgin salma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma cinayətləri nəticəsində ümumilikdə 27 nəfər qəsdən öldürülüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər kənd sakini girov götürülüb, 81 ailə təsərrüfatından ibarət 340 nəfər daimi yaşayış yerlərindən Azərbaycan Respublikasının digər ərazilərinə didərgin salınıb, kənd sakinlərinə ümumilikdə 13 milyon 568 min 60 manat, dövlətə isə 130 min 800 manat məbləğində maddi ziyan vurulub.