ABŞ-ın Minneapolis şəhərinin meri Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümü ilə bağlı bəyannamə imzalayıb
Siyasət

ABŞ-ın Minneapolis şəhərinin meri Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümü ilə bağlı bəyannamə imzalayıb

Amerika Birləşmiş Ştatlarının Minneapolis şəhərinin meri Ceykob Frey Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümü ilə bağlı bəyannamə imzalayıb.

AZƏRTAC xəbər verir ki, bəyannamədə ABŞ Azərbaycan icmasının nümayəndələrinin Minnesota ştatının ictimaiyyətinin fəal üzvləri olduğu vurğulanır və onların milli müxtəlifliyin, mədəniyyətlərarası qarşılıqlı anlaşmanın təminatına, bu ştatda sülhün inkişafına töhfə verdikləri bildirilir.

Sənəddə qeyd edilir ki, ötən yüzilliyin əvvəlində Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyəti ilə görüşdən sonra ABŞ Prezidenti Vudro Vilson deyib: "Azərbaycan liderləri azadlıq, hüquq və ədalət konsepsiyalarına yanaşmada onun ideallarını bölüşürlər". Hazırda Azərbaycan Respublikası NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramının fəal iştirakçısıdır.

Minneapolisin meri Ceykob Frey Azərbaycanın 1922-ci ildən 1991-ci ilədək SSRİ-nin tərkibində olduğunu və 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyinin Bərpası barədə Konstitusiya Aktını qəbul etdiyini nəzərə alaraq, 18 oktyabr 2021-ci il tarixini "Minneapolis şəhərində Azərbaycanın müstəqilliyinin 30-cu ildönümü günü" elan edib.

AZƏRTAC