Ermənistan Brüssel görüşündən cəsarətlənib
Siyasət

Ermənistan Brüssel görüşündən cəsarətlənib

Qərb bloku Cənubi Qafqazda Ukraynadan sonra Rusiyaya qarşı cəbhə açmaq istəyir və bu planlarını da İrəvan üzərindən həyata keçirir. İndiki ssenari Ukraynadakının eynisidir.

Ukraynada qərbyönümlü qüvvələr hakimiyyətə gətirildi. Üstəlik hökumət əsasən antirus əhvalının güclü olduğu qərbi ukraynalıların içindən formalaşdırıldı. Ermənistanı Rusiyadan uzaqlaşmağa həvəsləndirmək üçün aprelin 5-də ABŞ dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyan görüşdülər. Həmin üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycanla sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunmuşdu.

Görüş Ermənistana iqtisadi yardımları nəzərdə tutsa da, əslində bu ölkəni növbəti revanşlara hazırlamaq məqsədi güdür. Azərbaycan düşmənçilik səhifəsini bağlayıb davamlı sülhün əldə edilməsi üçün mühüm addımlar atır. Lakin ölkəmizin yürütdüyü xoşniyyətli siyasətin qarşılığında Qərb, xüsusən Fransa Cənubi Qafqaz regionunda yeni forpost yaradılmasının ssenarisini reallaşdırmaq üçün əlindən gələni edir. Bu mübarizənin ya Zəngəzur dəhlizinin açılması, ya da regionun uzunmüddətli münaqişəyə cəlb edilməsi ilə müşayiət ediləcəyi gözlənilir.

ABŞ və Avropa İttifaqı liderlərinin Brüsseldə Ermənistan baş naziri Nikol Paşinyanla üçtərəfli görüşü, ilk növbədə, həmin ölkəni Rusiyanın təsiri altından çıxarmağa yönəlmiş bir həmlədir. Görünür, Qərbin Cənubi Qafqazda real müttəfiqi qalmayıb. Cənubi Qafqaza Rusiyaya qarşı ikinci cəbhə açmaq üçün tramplin kimi baxan Qərb tərəfi Ermənistandan istifadənin asan olduğunu çox gözəl bilir.

Hayastan son bir aydır ki, həm 5 aprel görüşlərinə qədər, həm də bundan sonrakı günlərdə sərhəddə gərginlik yaratmaqla məşğuldur. Onlar çalışırlar ki, Azərbaycan şərti sərhədlərin pozulmasına, hərbi-texniki yerdəyişmənin həyata keçirilməsinə, yeni yaradılmış istehkam sistemlərinə adekvat cavab versin. Belə olan təqdirdə qarşıdurma yarana, adi bir atəşkəsin pozulması böyük bir əməliyyata çevrilə bilər.

Hərbi bölmələrimizin sərəncamında olan xüsusi texniki vasitələr və vizual müşahidə ilə qeydə alınıb ki, Ermənistan şərti sərhəd boyunca qoşunlarını cəmləşdirib, hücum xarakterli dayaq məntəqələri qurub və müxtəlif istiqamətlərdə uzunmüddətli atəş nöqtələri yaradıb. Yeni macəralar axtaran mənfur qonşu baş verənləri hərbi təlim, xüsusən də hərbi təyinatlı sürücülərin məşqləri kimi  dəyərləndirib. Digər tərəfdən, Brüssel görüşünün baş tutduğu gün saat 21:55-dən 23:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala, Basarkeçər, Gorus rayonunun bəzi kənd və yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən ordumuzun Tovuz, Daşkəsən, Kəlbəcər və Laçın rayonunun bir sıra yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bir sözlə, həmin gün Azərbaycan Ordusunun müxtəlif istiqamətlərdə yerləşən bölmələri ümumilikdə 30 dəfə atəşə məruz qalıb. Öz çirkin əməlindən əl çəkməyən düşmən aprelin 7-si Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şada yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

N.Paşinyan əvvəlki çıxışlarında anklav kəndlərimizin dördünü qaytarmaq barədə danışıqlar aparırdı. Amma Brüssel görüşünün tarixi bəlli olduqdan sonra Ermənistana verilən vədlər onları cəsarətləndirdi. Avropa İttifaqı və ABŞ-ın rəsmiləri də onlara söz verib ki, biz arxanızdayıq. Çünki Ermənistan öz gücünə güvənib 44 günlük müharibədə uduzduğu ölkəmizə qarşı belə hərəkətə cürət edə bilməzdi.

Unutmasınlar ki, Azərbaycan kifayət qədər güclüdür. Bu kimi üstüörtülü görüşlər fayda verməyəcək.

Röya RÜSTƏMLİ,

"Respublika".