Lüksemburq portalında Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsinin müsahibəsi dərc olunub
Siyasət

Lüksemburq portalında Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsinin müsahibəsi dərc olunub

Lüksemburqun https://chronicle.lu portalında Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla müsahibə dərc olunub.

AZƏRTAC xəbər verir ki, müsahibədə E. Əmirbəyov ikitərəfli əlaqələrdən, Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrdən, Bakının ev sahibliyi edəcəyi COP29 konfransından, ölkəmizdə bu yaxınlarda keçirilmiş prezident seçkilərindən danışıb.

Lüksemburqa səfəri ilə bağlı sualı cavablandıran Elçin Əmirbəyov bildirib ki, məqsəd lüksemburqlu dostlarla müntəzəm əlaqəni təmin etmək, onlara regional hadisələr haqqında məlumat vermək və ikitərəfli əməkdaşlığı müzakirə etməkdir. O, 2024-cü ilin yanvarında Lüksemburqun Azərbaycandakı ilk səfirinin (Alain de Muyser) akkreditasiyasını ikitərəfli münasibətlərdə mühüm addım kimi qiymətləndirib. Elçin Əmirbəyov vurğulayıb ki, İKT və yaşıl investisiya (Lüksemburq üçün təcrübə sahəsi), eləcə də səhiyyə və əczaçılıq sənayesi iki ölkə arasında potensial əməkdaşlıq sahələridir. Bildirilib ki, Lüksemburqun "Cargolux" yük daşıyıcı aviaşirkəti artıq Bakıdan regional mərkəz kimi istifadə edir. Həmçinin hər iki ölkə vətəndaşlarının bir-birini tanımaları üçün daha çox mədəni mübadilələrə və turizm imkanlarının genişləndirilməsi zəruridir.

Xüsusi tapşırıqlar üzrə nümayəndə Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlərin hazırkı vəziyyətindən söz açaraq, Aİ-nin ölkəmizin ən mühüm ticarət tərəfdaşlarından biri olduğunu vurğulayıb. Azərbaycanın Avropaya təbii qaz ixrac etməsinə də toxunan E.Əmirbəyov ölkəmizin Aİ-nin enerji təhlükəsizliyi üzrə strateji tərəfdaşı olduğunu deyib. Əlavə edib ki, Azərbaycan strateji baxımdan Cənubi Qafqazda, Çin və Avropa bazarlarını birləşdirən mühüm geoiqtisadi kəsişmə nöqtəsində yerləşir.

Bu ilin noyabrında Bakının COP29-a ev sahibliyi edəcəyini xatırladan Elçin Əmirbəyov diqqətə çatdırıb ki, məqsəd xüsusilə iqlim maliyyəsi ilə bağlı nəbzi tutmaqdır. Birləşmiş Ərəb Əmirliklərinin (COP28), Azərbaycanın (COP29) və Braziliyanın (COP30) davamlılığı təmin etmək və iqlim ambisiyalarını yüksəltmək üçün üçlük (Troika) yaratması barədə məlumata istinad edən xüsusi nümayəndə iqlim dəyişikliyi istiqamətində konkret addımlar atmağın hamının məsuliyyəti olduğunu vurğulayıb.

O, ölkəmizdə keçirilən prezident seçkilərinə də toxunub, Prezident İlham Əliyevin seçicilərin 90 faizindən çoxunun səsini toplayaraq yenidən dövlət başçısı seçildiyini vurğulayıb.

Xüsusi tapşırıqlar üzrə nümayəndə vurğulayıb ki, Cənubi Qafqazda münaqişədən sonrakı sülh dövrü yeni mərhələnin başlanğıcıdır.