Mükəmməl mürəkkəb memarlıq
Maraqlı

Mükəmməl mürəkkəb memarlıq

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

«Dəniz» muzeyi

Şərqin venesiyası adlandırılan Yaponiyanın Osaka şəhərində dənizin içində ecazkar «Dəniz» muzeyi inşa olunub. Binanın layihəsini fransız memar Paul Andre hazırlayıb. Hələ ilkin eskizləri təqdim edərkən Andre: “Mənim üçün «Dəniz» muzeyinin təbiətlə vəhdət təşkil etməsi çox vacibdir”— deyə söyləyib.

 Sahildən 15 metr aralıda yerləşən muzey iki bina və onları birləşdirən tuneldən ibarətdir. Yarımkürə şəklində inşa olunan binanın çəkisi 1200 ton, diametri 80, hündürlüyü isə 40 metrdir. «Dəniz» muzeyinin ən vacib hissəsi onun tunelidir. Ziyarətçilər buradan kompleksə keçən zaman özlərini sanki böyük bir akvariuma düşmüş kimi hiss edirlər.

Bina seysmik zonada yerləşdiyi üçün fundamentin quraşdırılması zamanı polad korpuslu yığma beton konstruksiyalardan istifadə olunub. Sualtı tunelin tikintisində texniki avadanlıqların gətirilməsi və “ağıllı” şüşələrin quraşdırılması işi  Yaponiyanın Tohata firması tərəfindən həyata keçirilib. Kompleksin detallarının hazırlanması üzərində peşəkarlardan ibarət böyük bir komanda çalışıb. Suyun üzərində tikilən bina ən güclü dalğalara, zəlzələlərə və küləklərə tab gətirə biləcək şəkildə inşa olunub və bu səbəbdən  2002-ci ildə Osaka «Dəniz» muzeyi struktur mükəmməlliyinə görə Böyük Britaniyanın İnşaat Mühəndisləri İnstitutu tərəfindən xüsusi mükafata layiq görülüb.

Dördmərtəbəli kompleksin sualtı hissəsində yerləşən muzeydə dəniz ticarəti, Osakanın tarixində dənizin rolunu əks etdirən eksponatlar, gəmilər və XIX əsrə aid məşhur «Naniuamaru» yapon gəmisi sərgilənir. Muzeyin yerüstü hissəsində isə giriş qapısı, bilet kassası, ofis və  anbar yerləşir. Təəssüf ki, hazırda muzey ziyarətçilər üçün bağlıdır,  ancaq insanlar dənizin içində olan bu füsunkar binanın qarşısında xatirələrdə qala biləcək  maraqlı şəkil çəkdirmək üçün buraya üz tuturlar. 

 

Reina Sofia İncəsənət Sarayı

İspaniyanın Valensiya şəhərində hər kəsin diqqətini çəkən maraqlı bir bina var: Reina Sofia İncəsənət Sarayı İspaniya kraliçası Sofiya tərəfindən açılıb. “Elmlər və İncəsənət Şəhəri” ərazisindəki digər tikililər kimi kraliça Sofiyanın İncəsənət Sarayı da yaradıcı düşüncənin məhsuludur və orijinallığı ilə seçilir.  Bu müasir memarlıq möcüzəsi dünyaşöhrətli ispan memarı Santiago Calatrava tərəfindən hazırlanıb. Tikinti işlərinə 1995-ci ildə başlansa da, binanın açılışı 10 ildən sonra baş tutub. Kompleksin tikinti işlərini Draqados və Nekso birgə müəssisəsi həyata keçirib.

Gözəlliyi ilə insanların zövqünü oxşayan Reina Sofia İncəsənət Sarayı memarlıq konseptinə görə, tez-tez Sidney Opera Evi ilə müqayisə edilir.

14 mərtəbəli binanın daha üç mərtəbəsi yerin alt hissəsində yerləşir. Dünyanın ən hündür opera teatrının hündürlüyü  75 metrdir. 230 metr uzunluğunda əyri metal damın altında dörd geniş auditoriyası olan 40 000 kvadratmetrlik kompleks yerləşir. Akustik baxımdan planetin ən yaxşı məkanlarından biri hesab edilən binada 1470 tamaşaçı tutumuna malik böyük salon var. Kompleksdə olan əsas zal opera tamaşaları üçün nəzərdə tutulub. Zalda quraşdırılan dördpilləli oturacaqlar  və 120-yə qədər musiqiçinin yerləşdiyi dünyanın üçüncü ən böyük orkestr çuxuru yerləşir.  Binanın damında tropik bitkilərlə zəngin geniş qış bağı mövcuddur. Sarayı ziyarət edən insanlar həmin dama qalxıb Valensiyanın gözəlliyini seyr edirlər.

 

Tısbağa Okean Parkı

Ekzotik təbiəti və qeyri-adi tikililəri ilə seçilən İndoneziyanın Jepara bölgəsində 2011-ci il  fevralın 22-də daha bir  maraqlı binanın açılışı baş tutub. «Tısbağa Okean Parkı» adlanan nəhəng bina Kartini çimərliyinə yaxın ərazidə, Bulu kəndində inşa olunub. İlk baxışda sadəcə suyun içində üzən tısbağaya bənzəyən bina əslində bir neçə kompleksi özündə birləşdirən böyük bir akvariumdur.

Qəhvəyi rəngdə daşdan hazırlanmış bina iki mərtəbədən ibarətdir. Tısbağanın qabığını təsvir etmək üçün memarlar daşın üzərində olan hər bir elementi ayrı-ayrılıqda işləyiblər. «Tısbağa Okean Parkı»nın fasadında müxtəlif ağaclar, istirahət üçün skamyalar, uzun körpü, uşaqlar üçün atraksionlar və hovuz var. Ziyarətçilər parka xüsusi ayrılmış nəqliyyat vasitəsilə daxil olurlar. Kompleksin interyerində quraşdırılan nəhəng akvariumlarda müxtəlif növ dəniz canlıları, balıqlar, xüsusən köpək balıqları və tısbağalar saxlanılır. Burada, həmçinin xırda və orta ölçülü balıqlar üçün bir neçə portativ akvarium da var. Binanın interyerinə quraşdırılan 2 sensorlu monitor vasitəsilə turistlər Jepara haqqında məlumat əldə edirlər. Həmçinin balıqlara toxunmaq və hiss etmək üçün sensorlu hovuz da mövcuddur. Bu hovuzun içərisində ayaqların terapiyası üçün Türkiyədən tonlarla Qarra Rufa (və ya həkim balıq) balığı gətirilib.   

Binanın birinci mərtəbəsində dəniz parkı, ikinci mərtəbəsində isə daha kiçik akvariumlar, kafelər və maraqlı dəniz suvenirləri var. Akvarium və sualtı atraksionları ziyarət etdikdən sonra ziyarətçilər mini kinoteatrda balıqlar haqqında maarifləndirici filmlər izləyə bilirlər.

Hazırladı:

Arzu ASİFQIZI,

«Respublika».