Mükəmməl mürəkkəb memarlıq
Maraqlı

Mükəmməl mürəkkəb memarlıq

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

"Pertsovun Evi"

XX əsrin əvvəllərində mühəndis Pyotr Nikolayeviç Pertsov və həyat yoldaşı Zinaida Pertsovaya məxsus orijinal bina Rusiyanın paytaxtı Moskvada inşa olunub. "Pertsovun evi" adlandırılan bu unikal binanın layihəsinin tərtib edilməsi üçün 1905-ci ildə bir çox tanınmış memarın iştirakı ilə qapalı müsabiqə keçirilib. Moskva şəhərinin arxitekturasına və ənənəvi üslubuna cavab verən binanın layihələndirilməsi həmin müsabiqədə ikinci yeri tutan Sergey Malyutinə həvalə edilib. Neo-rus üslubunda dizayn edilən layihənin hazırlanmasında, həmçinin memar Nikolay Jukov və tanınmış mühəndis Boris Şnaubert də iştirak ediblər.

Müxtəlif ölçülü asimmetrik eyvanın və damın mürəkkəb quruluşuna görə terrakota rəngli bina nağıllar aləmini xatırladır. Slavyan folklorunun motivləri əsasında dekorasiya edilən binanın interyeri və fasadı mayolika mozaikası və ağcaqayın ağacından hazırlanan oymalarla bəzədilib.

Moskva şəhərinin ən gözəl tikililərindən biri hesab edilən binada müxtəlif dövrlərdə Pavel Sokolov-Skalya, Robert Falk, Vasili Rojdestvenski, Natan Altman, Aleksandr Kuprin və s. sənət adamları yaşayıblar.

 

"Valensiya Okeanoqrafiya Parkı"

İspaniyanın və Avropanın ən böyük qapalı akvariumu olan "Valensiya Okeanoqrafiya Parkı" Valensiya şəhərinin şərqində yerləşir. Yerli memarlar Feliks Kandela və Xose Mariya Tomas Lavador tərəfindən layihələndirilən bu kompleks "Park Avanqua" tərəfindən idarə olunur.

Təxminən 110.000 kvadratmetr ərazini əhatə edən kompleksin bütün akvariumlarında suyun həcmi 42 milyon litrdir. Müxtəlif dəniz növlərinin saxlanıldığı nəhəng akvarium İncəsənət və Elmlər şəhəri kimi tanınan binalar kompleksinə daxildir. Burada balıqlar, məməlilər, sürünənlər, onurğasızlar da daxil olmaqla ümumilikdə 45.000 müxtəlif növ heyvan saxlanılır. Onların arasında köpək balığı, pinqvin, delfin, xəz suitisi, morj və beluqa balıqları da var. Planetin əsas ekosistemlərini təmsil edən kompleksdə delfinarium, müxtəlif bitki növünün yer aldığı Qırmızı dəniz akvariumunda isə 80-dən çox dekorativ ağaclar mövcuddur.

 

"Futuro Ev"

1968-ci ildə memar Matti Suuronen tərəfindən dizayn edilən avanqard "Futuro Ev" Dombayda dəniz səviyyəsindən 2250 metr yüksəklikdə quraşdırılıb. Kosmik gəmini xatırladan bu futuristik ev ilkin olaraq xizəkçilər üçün nəzərdə tutulub.

Ümumi sahəsi 25 kvadratmetr olan konstruksiyanın çəkisi təxminən 3 tondur. Hündürlüyü 4, diametri isə 8 metr olan plastik (fiberqlas) ev bir-birinə bərkidilmiş 16 elementdən ibarətdir. Memar bu evi dizayn edərkən nəinki xarici görünüşünü, hətta konstruksiyanın interyerində olan bütün əşyaları belə xırda detallarına qədər düşünüb; elliptik pəncərələr, oval daxili qapılar və təyyarə lyüku formasında açılan nərdivan. Çox asan şəkildə yığılıb-sökülən evi helikopterlə başqa şəhərə belə köçürmək mümkündür. Əsasən dağlıq ərazilərdə, xizək turizminin inkişaf etdiyi yerlərdə quraşdırılan bu evlər daxili poliuretan izolyasiya və elektrikli istilik sistemi sayəsində cəmi otuz dəqiqə ərzində qızdırılır. Gələcəyin evi adlandırılan bu konstruksiya kiçik mətbəx, hamam və yataq otağından ibarətdir.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".