SAĞLAM HƏYAT
Maraqlı

SAĞLAM HƏYAT

Sən demə, bir kasa çiyələk...

Yaponiyanın Osaka şəhərində yerləşən Setsunan Universitetinin alimləri  müəyyən ediblər ki, bir kasa təzə çiyələk yemək infarkt və iflicin qarşısını ala bilər.

Sözcü.com.tr veb saytında yayımlanan xəbərə görə, çiyələk C vitamini baxımından zəngin olmaqla yanaşı, həm də  yüksək xolesterinin səbəb olduğu potensial olaraq ölümcül arterial tıxanmaların qarşısını ala bilir. Sınaqlar zamanı hətta məlum olub ki, bu meyvə istehlakından bir saat sona öz müsbət təsirini göstərir. Meyvəni yedikdən sonra təsir müddətini yoxlamaq istəyən elm adamları, təcrübəyə cəlb edilən 23 könüllüdən bəzisinə 500 qram çiyələk, bəzisinə isə şəkərli içki veriblər. Yarım saat sona isə onlardan qan nümunələri götürüblər.

Nəticələr göstərib ki, çiyələk istehlak edən qrupda qan damarlarının daralmasına və tıxanmasına səbəb ola biləcək zərərli xolesterin olan aşağı sıxlıqlı lipoprotein və ya LDL-nin əmələ gəlməsinin əlamətləri şəkərli içkilər qəbul edənlərə nisbətən daha azdır. Üstəlik, çiyələyin istehlak olunduqdan sonra  ən azı dörd saata qədər təsirini  itirmədiyi müəyyən edilib.

Tədqiqatçılar belə qənaətə gəliblər ki,  hər gün bir kasa çiyələk  ürək-damar xəstəlikləri riskini əhəmiyyətli dərəcədə azalda bilər.

 

Əgər dırnaqlarınızda bu əlamətlər varsa...

Dırnaqlarınızda yaranan hər hansı bir dəyişikliyin sağlamlığınızla əlaqədar mənfi bir vəziyyətə işarə ola biləcəyini bilirdinizmi? Sən demə, ağciyər, qaraciyər və ürəyinizlə əlaqədar hər hansı bir problemin əlaməti əvvəlcə dırnaqlarda özünü büruzə verirmiş...

Çox solğun və ya da ağımtıl dırnaqlar adətən yaşlılıq səbəbindən meydana gəlir və çox da qorxulu deyil. Ancaq çox ciddi xəstəliklərin də əlaməti ola bilər. Məsələn, anemiya, ürək çatışmazlığı və qaraciyər xəstəliyi kimi. Dırnağın səthi tamamilə ağdırsa buna diqqət yetirmək lazımdır. Belə dırnaqların qaraciyərlə əlaqədar (Hepatit xəstəliyi kimi) ciddi bir problemdən xəbər verdiyi ehtimal edilir.  Saralmış dırnaqlar isə çox vaxt göbələk xəstəliyinin xəbərçisidir. Saralmış dırnaq çox nadir də olsa şəkərli diabet, sədəf xəstəliyi, tiroid problemi və ya ağciyərlə də əlaqədar olur. Mavi rəngə çalan dırnaq isə bədənə kifayət qədər oksigen çatmadığını göstərir. Belə dırnaqlar ağciyər xəstəliklərindən sətəlcəmin xəbərçisi ola bilər. Çox azacıq maviləşən dırnaq diabet əlaməti də hesab edilir. Əgər dırnağın səthi nahamar, çuxurlu və əyri-üyrüdürsə, onun altında qırmızı-qəhvəyi rəngli ləkələr meydana çıxmışsa, bu deformasiyanın arxasında sədəf xəstəliyi və ya oynaq iltihabı yatır. Ucları çatlamış, ikiyə ayrılmış, asan qırılan dırnaqlar isə tiroid xəstəliklərinə işarə edir. Əgər dırnaq səthində tünd rəngli xətlər, kölgələr meydana çıxmışsa, dərhal həkimə müraciət edilməlidir. Bu, ən təhlükəli dəri xərçənglərindən Melanomun əlaməti ola bilər. Odur ki, dırnaqlarınızda yaranan hər hansı bir dəyişikliyi gözardı etməyin.

 

Saçaqları özündən də faydalıdır

Bəzi insanlar qarğıdalını yedikdən sonra qabığında qalan lifə bənzər sarı saçaqları atırlar. Ancaq əslində bu saçaqlar bir çox xəstəliklərin çarəsidir. Qarğıdalı saçaqlarından dəmlənən çayın bir çox faydaları mövcuddur.  C və K vitamini, potasium, antioksidantla zəngin olan bu bitki ürək xəstəliklərindən tutmuş dəri xəstəliklərinə qədər bir çox xəstəliklərin müalicəsində istifadə edilə bilər.

Qan şəkərini aşağı salan bu müalicəvi bitki yüksəktəzyiqli insanlar üçün mükəmməl vasitədir. Vücuddakı insulin səviyyələrini artıraraq qan şəkəri səviyyəsini azaldır. Böyrək problemlərinin müalicəsində də olduqca effektiv təsir edən bitki çayı idrara çıxarkən ağrı, idrar yolu infeksiyası, iltihabı proseslərin qarşısını alır. Mütəxəssislər problemdən əziyyət çəkənlərə gecə yatmazdan öncə bir stəkan qarğıdalı saçağı çayı içməyi  tövsiyə edirlər. Bundan əlavə həzmi asanlaşdıran çay, mədə-bağırsaqla əlaqəli narahatçılıqları da aradan qaldırır. Çayın tərkibində olan K vitamini  hamilə qadınlar üçün xüsusilə faydalıdır. Dəri xəstəliklərinin də qarşısını alan qarğıdalı saçağı  dəridə yaranan səpkilər, çiban kimi problemləri müalicə edir. Həmçinin ağcaqanad dişləmələri zamanı ağrını, qaşınmanı yüngülləşdirir.

 

Saçlarımız niyə tökülür?

Bəzən sağlamlığımızla bağlı heç bir problem yaşamadan saçlarımızın töküldüyünü hiss edirik. Bunun səbəbini araşdırmağa çalışsaq da, heç bir nəticə əldə edə bilmirik. Bəs görəsən bu problem hansı səbəblərdən qaynaqlana bilər?

Əslində saçların tökülməsinə bir çox amillər səbəb olur. Məsələn,  mövsümi dəyişikliklər, stres, dəmir çatışmazlığı, hormonal pozğunluqlar və.s. Lakin uzunmüddətli saç tökülməsi ciddi xəstəliklərin əlamətlərindən biri ola bilər.

Kişi və qadınlarda saç tökülməsinin səbəbləri fərqlidir. Kişilərdə saç tökülməsi ümumiyyətlə, kişi tipli hormonlara həssas saç tökülməsidir ki, bu da genetikdir və əhalinin 50 faizindən çoxunda görülür. Bu tip saç tökülməsi xroniki olur. Yaş irəlilədikcə isə keçəllik yaranır.

Bu cür tökülmə qadınlarda da müşahidə olunur. Xüsusən də ailəsində keçəlləşmə problemi olan insanlarda saç tökülmə riski daha yüksəkdir.

Sağlam bir baş dərisində orta hesabla 100 min tük olur və böyüklərdə yuyulma və daraqdan asılı olaraq gündə 100-150 tük tökülməsi normal sayılır. Saç tökülməsi əsasən hormonal və yanlış qidalanma faktorları, kimyəvi maddələrə məruz qalma, genetik meyil, sistem xəstəlikləri, saç böyüməsi pozğunluqları, dərmanlar, psixoloji stres, depressiya, baş dərisi xəstəlikləri,  vitamin və mineral çatışmazlığı səbəbindən baş verə bilər. Əgər sağlam bir insanda saç tökülməsi 2 aydan çox davam edərsə bu, bəzi ciddi xəstəliklərin xəbərçisi deməkdir. Belə olan halda isə mütləq mütəxəssis həkimlər tərəfindən müayinə və analizlərlə hərtərəfli araşdırılması tövsiyə olunur.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".