Yeni Azərbaycan Partiyasının yaranması müstəqil dövlətçilik tariximizdə yeni səhifə açdı
Siyasət

Yeni Azərbaycan Partiyasının yaranması müstəqil dövlətçilik tariximizdə yeni səhifə açdı

Azərbaycanın bir qrup ziyalısı 1992-ci il oktyabrın 16-da ulu öndər Heydər Əliyevə Yeni Azərbaycan Partiyasının yaradılması ideyasına münasibət bildirməyi və bu partiyaya rəhbərlik etməyi xahiş etmişdir.

Böyük şəxsiyyət, siyasi xadim, müdrik, uzaqgörən və təcrübəli dövlət başçısı Heydər Əliyev Azərbaycan tarixində, eyni zamanda dünya siyasətində dərin iz buraxmış, bütün fəaliyyəti boyu xalqının, millətinin tərəqqisinə çalışaraq müdriklik, vətənpərvərlik kimi yüksək keyfiyyətlərə malik, daim sevilən, insanların sonsuz ehtiramını qazanmış əsl ümumxalq liderinə çevrilmişdir. Müstəqilliyimizin əbədiləşməsi, dövlətçiliyimizin möhkəmlənməsi istiqamətində məqsədyönlü siyasət yürüdən ulu öndərin böyük təcrübəsi və bacarığı sayəsində Azərbaycan 90-cı illərin əvvəllərində məhv olmaq təhlükəsindən, parçalanmaqdan xilas olmuşdur.

O illərdə respublikamızda hərc-mərclik hökm sürür, ölkəmizin əyalətlərə parçalanması prosesi gedir, vətəndaş müharibəsi aparılırdı. Xaricdən edilən təcavüzün, daxili çəkişmələrin qarşısında çıxış yolu tapa bilməyən siyasi rəhbərlik çaşbaş qalmışdı. Ölkədə ümumilikdə ictimai-siyasi vəziyyət gərgin idi. Ozamankı iqtidarın səriştəsizliyi, problemlərin həllində düzgün qərar verə bilməməsi, idarəetmədə yol verilən ciddi nöqsanlar daxili çəkişmələrin artmasına səbəb olmuş, dövlətin müstəqilliyi üçün ciddi təhlükə yaranmışdı. Xalqı və dövlətçiliyi gözlənilən hadisələrdən xilas edə biləcək yeganə qüvvə isə Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev müdrikliyi idi.

Tarixi təcrübə sübuta yetirib ki, xalqın həyatında baş verən həlledici məqamlarda ictimai təşkilatlanmaya, onun maraqlarını təmsil edən qüvvələrin vahid qurumda bir araya gəlməsinə nail olmadan ümummilli problemlərin həlli mümkün olmur. Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi dahi şəxsiyyət  Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının yaranması da məhz belə bir tarixi zərurətdən irəli gəlirdi. Belə ki, 1992-ci il oktyabrın 16-da Azərbaycanın bir qrup ziyalısı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edərək Yeni Azərbaycan Partiyasının (YAP) yaradılması ideyasına münasibət bildirməyi və bu partiyaya rəhbərlik etməyi xahiş etdilər.

Azərbaycanın çətin anında ümummilli liderimizin ətrafında sıx birləşməyə, onun dərin zəkasının köməyi ilə xalqı, müstəqilliyini yenicə bərpa etmiş dövləti bu fəlakətdən xilas etməyə çalışan ziyalılar Heydər Əliyevin xalq üçün nə qədər lazımlı olduğunu bilirdilər. Elə bu səbəbdən də respublikanın mütərəqqi fikirli ziyalıları siyasi mübarizə yolu ilə ümummilli liderimizin rəhbərliyi ilə yeni partiya yaratmaq qərarına gələrək ona müraciət etdilər. Həmin müraciət "Səs" qəzetində "Azərbaycan Sizin sözünüzü gözləyir" başlığı ilə dərc edildi. Müstəqil dövlətçilik tariximizə "91-lərin müraciəti" kimi yazılan həmin müraciətdə deyilirdi: "...Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq, Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir". Müraciəti imzalayanlar yaxşı bilirdilər ki, yeni müstəqillik qazanmış ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir.

Azərbaycan xalqının iztirablarını, ölkənin iflasa və məhvə sürüklənməsi təhlükəsini, Azərbaycan ziyalılarının ürəkağrısı və nigarançılığını, həmçinin bununla bağlı bir qrup görkəmli ziyalının müraciətini nəzərə alan ümummilli liderimiz Heydər Əliyev onlara 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Mətbuatda Heydər Əliyevin Azərbaycan ziyalılarının müraciətinə cavab olan "Yeni, Müstəqil Azərbaycan uğrunda" sərlövhəli məktubu dərc olundu. Ulu öndər yaranmış vəziyyətdən çıxış yollarını da böyük müdriklik və uzaqgörənliklə göstərirdi: "Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zərurətdən doğulur. Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində iştirak etməyə hazıram".

1992-ci il noyabr ayının 5-də respublika ziyalılarının YAP təşkilat komitəsinin yığıncağı keçirildi. 1992-ci il noyabrın 21-də isə müstəqil Azərbaycanın çağdaş dövlətçilik tarixində yeni səhifə açan əlamətdar hadisə baş verdi. Naxçıvanda 550-yə yaxın nümayəndənin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis qurultayı keçirildi və ulu öndər yekdilliklə təşkilata sədr seçildi. Müstəqilliyə yenicə qovuşmuş Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün siyasi idealı, əsas strateji xətti seçən YAP-ın yaranması tarixi zərurətdən, o illərdə mövcud olmuş ideoloji-siyasi durumun doğurduğu milli tələbatdan irəli gəlirdi. Partiyanın qısa müddət ərzində yerli rayon təşkilatları formalaşmağa başladı. Ulu öndər deyirdi: "Yeni Azərbaycan Partiyası onu həqiqətən sevənlərin, partiya ilə eyni fikirdə, eyni əqidədə olanların, partiyanın proqramını, nizamnaməsini və bütün prinsiplərini qəlbən qəbul edənlərin partiyası ola bilər".

Cəmiyyətin artmaqda olan ictimai- siyasi tələbatına cavab olaraq ölkəni fəlakətə, uçuruma sürükləyən qüvvələrin qarşısını almaq, baş verən prosesləri tənzimləmək, sabitliyi təmin etmək, xalqı böhranlı günlərdən xilas etmək məqsədilə yaradılan Yeni Azərbaycan Partiyası ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə dövlətçiliyimizin möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin bərqərar olması, xalqın nicatına qovuşmasında mühüm vasitə oldu. Xalqın ulu öndər Heydər Əliyevə olan sonsuz inamı, etibarı və etimadı nəticəsində yarandığı gündən qısa müddət ərzində YAP-ın sıralarına minlərlə insan qoşuldu. Yeni Azərbaycan Partiyası ölkəmizdə qaynar siyasi həyatın aparıcı qüvvəsinə çevrildi.

Mehparə ƏLİYEVA,

"Respublika".