Quyuya su tökməklə quyu sulu olmaz
Siyasət

Quyuya su tökməklə quyu sulu olmaz

Azərbaycanın 44 günlük müharibədə öz ərazilərini erməni işğalından azad etməsini həzm edə bilməyən Fransa 3 ildən çoxdur ki, Azərbaycana qarşı qərəzli mövqeyini bütün dünyaya göstərib. Onun Ermənistana hərbi dəstəyi, beynəlxalq səviyyədə hayların tərəfini tutaraq ölkəmizə qarşı bəyanatlar qəbul etməsi, bir sözlə, İrəvanın "böyük bacısı" mövqeyindən çıxış etməsi mənfur qonşumuza bir növ "stimul" verir. Sözdə demokratiyanın beşiyi olan bu ölkə Ermənistanın Azərbaycana qarşı davam edən ərazi iddialarını dəstəkləyir və bu məqsədlə rəsmi İrəvanı himayə edir.

Əslində isə Paris İrəvandan "maşa" kimi yararlanmaq istəyir. Amma özünü Cənubi Qafqazda vəziyyəti nizama salmaq istəyən tərəf kimi göstərir. Bölgədə Rusiyanın yerini tutmağa və transmilli layihələrdən pay götürməyə çalışan Fransa yaxşı olar ki, öz daxilində irqçiliyə, dini ayrı-seçkiliyə, öz dinc sakinlərinə qarşı soyqırımı və təzyiqlərə son qoysun.

Azərbaycana qarşı düşmənçiliyini mətbuat orqanları vasitəsilə nümayiş etdirən Fransa ölkəmizə qarşı yönəlmiş təxribat xarakterli yazılarla Ermənistana dəstəyini göstərir. Bu böyük dəstəyin əsas səbəblərindən biri də lobbi maraqlarıdır. Nəzərə alsaq ki, Fransada 700 mindən çox erməni yaşayır və seçki marafonlarında onların səsini və ən əsası da maliyyə dəstəyini almaq Makrona sərf edir. Eyni zamanda islamofobiya, Türkiyəyə qarşı qısqanclıq və Azərbaycanın Avropada artan nüfuzundan qorxu amilləri Fransanı hər sahədə bizə qarşı çıxmağa sövq edir.

Emmanuel Makrondan tutmuş jurnalistlərəcən Azərbaycan haqqında yalan danışmaq bu ölkədə ənənə halını alıb. İkinci Qarabağ müharibəsindən sonra Yelisey sarayının göstərişi ilə fəaliyyət göstərən mətbu orqanları anti-Azərbaycan şüarı ilə çıxış edir. Maraqlısı isə odur ki, göstərilən "faktlar"ın heç bir əsası yoxdur. Dövlətimiz hər dəfə lazımi cavablarla qarşı tərəfi susdurur. Lakin el məsəlindəki kimi "huylu huyundan vaz keçməz". Makronun tapşırığı ilə ölkəmizə qarşı yazılar hələ də dərc edilir. Bunlardan biri də 1826-cı ildən satirik qəzet kimi fəaliyyət göstərən "Le Figaro"dur. 200 ildir siyasətə "baş qoşmayan" qəzetin nədənsə könlünə Qarabağ məsələsi və E.Makronun haylar üçün etdiyi "fədakarlıqlar" düşüb.

Nəşr yazır ki, Fransa prezidenti dəfələrlə erməni xalqı üçün beynəlxalq qurumlara, dövlətlərə müraciətlər edib. Burada tək məqsəd isə "əhalinin rifahı" olub. E.Makron bununla da ölkəsində çoxluq təşkil edən erməni diasporuna özünün necə "sadiq dost" olduğunu sübut etməyə çalışıb. Lakin "bədbəxtlikdən" hər dəfə bir sıra qüvvələr tərəfindən Fransa prezidentinin təşəbbüsü həyata keçməyib. Buna baxmayaraq, dırnaqarası sadiq dost "hər zaman ermənilərin yanında olacağıq" fikrinə sadiq qaldığını ifadə edir.

İndi zaman Makron hakimiyyətinin əleyhinə işləyir. Çünki illərdir yürütdüyü neokolonializm siyasəti artıq iflasa uğramağa başlayıb. Hazırda keçmiş müstəmləkə ölkələrində rəsmi Parisin bu çirkin əməllərinə qarşı etirazlar geniş vüsət alıb. Bunlar Fransa prezidentinin dövlət başçımıza məğlub olduğunu təsdiqləyən faktların cüzi bir hissəsidir. Məğlubiyyətini etiraf etməyə cəsarəti çatmayan çarəsiz Makron çıxış yolunu qərəzli siyasi sifarişlərə rəvac verməkdə görür ki, bu da onun acizliyinin göstəricisidir. Makronun bu cəhdləri quruyan quyuya su tökməyə bənzəyir. Təbii ki, quyu isə su tökməklə dolmur.

Röya RÜSTƏMLİ,

"Respublika".