Ermənistanda rusofobiya pik həddə çatıb
Siyasət

Ermənistanda rusofobiya pik həddə çatıb

Yanvarın 27-də Leninqradın faşist mühasirəsindən azad olunmasının 80 ili tamam olub. Bundan cəmi 3 gün sonra isə İrəvanda yerli sakin Samvel Şirinyan Leninqrad blokadasının uşaqlarının xatirəsinə ucaldılmış abidəni (İkinci Dünya müharibəsi illərində Leninqradın 1941-ci il sentyabrın 8-dən 1944-cü il yanvarın 27-dək çəkən blokadasında həlak olan və 872 günlük mühasirədən sağ çıxan uşaqların xatirəsinə ucaldılmış abidə) təhqir edib. Ermənistan vətəndaşı heykəlin faşistlər üçün ucaldıldığını deyərək abidənin qarşısına qoyulmuş əklilləri dağıdıb və üzərində olan Rusiya bayraqlarını tapdalayıb.

Bundan sonra Ermənistandakı Rus Evinin rəhbəri Vadim Fefilov abidəyə qarşı hörmətsizlik hadisəsi ilə bağlı Ermənistan baş prokuroruna müraciət edib. O bildirib ki, İkinci Dünya müharibəsi hadisələri əsasında etnik ədavətin qızışdırılması və zorakılığa çağırışlar qəbuledilməzdir. Baş verənlərə görə məsuliyyət daşıyanlar cinayət işinə cəlb edilməlidir. Bu çağırışdan sonra Ermənistanın İstintaq Komitəsi fakt ilə bağlı cinayət işi açıb. Komitənin mətbuat katibi Qor Abramyanın məlumatına görə, Samvel Şirinyan xuliqanlıqda ittiham olunub. Amma İrəvan rəhbərliyi tərəfindən atılan bu addım Rusiyada yetərli hesab olunmayıb. Sankt-Peterburq şəhər administrasiyası Leninqrad blokadasının uşaqlarının xatirəsinə ucadılmış abidənin təhqir olunmasını pisləyib. Qurumun Xarici Əlaqələr Komitəsinin yaydığı məlumatda bildirilib ki, sovet xalqının faşizm üzərində qələbəsi tarixi əhəmiyyət daşıyır. Bu səbəbdən də sözügedən abidəyə qarşı edilən hərəkət təxribat xarakterlidir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın keçirdiyi gündəlik mətbuat konfransında da bu əsas müzakirə mövzusu olub. O, baş verənlərin vandalizm aktı kimi dəyərləndirilməli olduğunu bildirib. Kreml rəsmisi dərin təəssüf hissilə qeyd edib ki, Rusiya və Ermənistanın ümumi qəhrəmanlığına həsr olunmuş abidələrin təhqir olunması ilk dəfə deyil. Zaxarovanın çıxışında məhz bu məqamı vurğulaması Paşinyan iqtidarına konkret bir mesajdır. Moskva nümayəndəsi demək istəyib ki, Ermənistanda Rusiyanı və onun Cənubi Qafqazdakı rolunu ləkələməklə bağlı ictimai kampaniyanın davamı üçün şərait yaradılır.

Ermənistan hakimiyyəti cəmiyyətdə anti-Rusiya meyillərini daha da stimullaşdırır. Samvel Şirinyanın da son davranışı bu siyasətin təzahürüdür. Doğrudur, məlum insidenti törədən şəxsin Ermənistan-Rusiya münasibətlərini gərginləşdirmək istəyən müxtəlif qruplara, siyasi çevrələrə bağlılığı, onlardan sifariş alması da mümkündür. Amma görünən odur ki, Paşinyan hökuməti də eyni siyasəti yürüdür və buna paralel olaraq Qərbə yaxınlaşma meyillərini gücləndirir. Rusiya ilə strateji tərəfdaş olmasına, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adlanan hərbi-siyasi blokda və regional iqtisadi inteqrasiyanı nəzərdə tutan Avrasiya İqtisadi İttifaqında Moskva ilə sıx əməkdaşlıq etməsinə baxmayaraq, Ermənistan ABŞ-la əlaqələrini də durmadan inkişaf etdirir. Xüsusilə 2023-cü il bu ölkənin ABŞ, NATO və bütövlükdə Qərblə hərbi-siyasi əlaqələrinin üst səviyyəyə qalxması ilə əlamətdar olub. Sentyabrın 11-dən 19-dək Ermənistan sülhməramlı briqadasının "Zar" təlim mərkəzində "Qartal tərəfdaşlığı-2023" adlı erməni-amerikan birgə hərbi təlimlər keçirilib. Bu il də eyni siyasət davam etdirilir. Belə ki, ötən həftə İrəvanda Birləşmiş Ştatların Müdafiə Nazirliyinin Təhlükəsizlik İdarəetmə İnstitutu və digər Amerika nümayəndələrinin iştirakı ilə müdafiənin transformasiyası üzrə seminar keçirilib. ABŞ-ın bu ölkədəki səfirliyinin məlumatına görə, tədbir zamanı Ermənistan ordusuna yardım imkanları və tərəfdaşlarla qarşılıqlı fəaliyyətin artırılması, eləcə də müasir çağırışlarla üzləşmə məsələləri müzakirə edilib.

Bundan başqa, qeyd etmək lazımdır ki, ölkədə 12 ABŞ biolaboratoriyasının mövcudluğu da adi məsələ deyil.  Rusiya hökumətinin nümayəndələri dəfələrlə bəyan ediblər ki, bu laboratoriyalar bioloji sferada dərin maraqlar güdür və amerikalıların əlində hərbi alətdir. Üstəlik, xatırlatmaq lazımdır ki, baş nazir Nikol Paşinyanın 2022-ci ildə Rusiyaya rəsmi səfəri zamanı biotəhlükəsizliklə bağlı birgə bəyanat qəbul edilib. Bəyanatda qeyd olunub ki, iki ölkə öz ərazilərini təhlükəsizlik sahəsində fəaliyyətə görə üçüncü ölkələrə istifadəyə verməyəcək. Amma görünən odur ki, rəsmi İrəvan Moskvaya tamamilə zidd siyasət yürüdür, hər yolla ondan ayrılmağa çalışır. Bu proseslər fonunda Rusiya ilə Ermənistan arasında gərginliyin daha da artması ehtimal olunur.

Jalə QASIMZADƏ,

"Respublika".