DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

LİZ TRASS BÖYÜK BRİTANİYANIN YE

Nİ BAŞ NAZİRİ SEÇİLİB

Böyük Britaniyanın xarici işlər naziri Liz Trass hakim Mühafizəkarlar Partiyasının sədri və ölkənin yeni baş naziri seçilib. “Trend” agentliyinin məlumatına görə, qərar Böyük Britaniya parlamentinin iclasında elan olunub. Verilən xəbərə görə, Liz Trass bu vəzifədə Boris Consonu əvəz edəcək. 47 yaşlı Liz Trass partiyadaxili səsvermə nəticəsində 81 mindən çox səs toplayıb. Onun rəqibi Rişi Sunak 60 mindən çox səs yığa bilib.

Qeyd edək ki, prosedura uyğun olaraq Boris Conson kraliça II Elizabetə öz istefasını təqdim edəcək, kraliça isə yeni seçilmiş baş nazirə hökuməti formalaşdırmağı tapşıracaq.

Xatırladaq ki, Boris Conson iyulun əvvəlində hökumət daxilində yaranan fikir ayrılıqları fonunda istefasını elan etmişdi. Məlumat üçün qeyd edək ki, Liz Trass II Elizabetin dövründə artıq 15-ci baş nazirdir. O ölkə tarixinin 78-ci hökumət başçısı, Marqaret Tetçer, Tereza Meydən sonra üçüncü qadın baş nazirdir.

 

MACARISTAN RUSİYADAN ƏLAVƏ QAZ ALMAQ NİYYƏTİNDƏDİR

Macarıstan həm Rusiyadan, həm də Qərb ölkələrindən əlavə qaz almaq niyyətindədir. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bəyan edib.

“Mən hər iki dominant istiqamətdə, yəni şərq və qərbdə 732 milyon kubmetr qazın alınması ilə bağlı danışıqlar aparıram”, - deyə nazir vurğulayıb.

Peter Siyartonun sözlərinə görə, Rusiyadan qaz almaq qərarını özü verib və Moskvaya səfəri zamanı 732 milyon kubmetr qazın hazırda “Rusiya mənbələri olmadan bazarda almaq mümkün deyil” fikrini səsləndirib.

“Ona görə də mən bu məbləği qismən Rusiyadan, qismən də digər Qərb mənbələrindən almaq istərdim. Danışıqlar davam edir və onların nəticələri barədə spekulyasiya etmək istəməzdim”, - deyə nazir əlavə edib.

 

İSRAİL HÖKUMƏTİ TÜRKİYƏYƏ UÇUŞLARIN BƏRPASINI TƏSDİQLƏYİB

İsrail hökuməti yerli aviaşirkətlərin Türkiyəyə uçuşlarının bərpası ilə bağlı razılaşmanı təsdiqləyib. “TRT” telekanalının verdiyi xəbərə görə, bu barədə özünün “Twitter” səhifəsində İsrailin baş naziri Yair Lapid qeyd edib. Məlumata əsasən, bundan sonra İsrail aviaşirkətləri İstanbula və Türkiyənin digər şəhərlərinə, eləcə də əks istiqamətdə uçuşlar həyata keçirə biləcəklər.

“Bu saziş ilk növbədə İsrail sərnişinlərinə və İsrail aviasiyasına fayda verəcək. Bu, həm də regionda sabitlik və rifah üçün mühüm strateji addımdır və iki ölkə arasında əlaqələrin inkişafına əhəmiyyətli töhfə verəcək. Növbəti addım səfirlərin təyin edilməsidir”, - deyə Yair Lapid vurğulayıb.

Xatırladaq ki, avqustun 17-də Türkiyə və İsrail diplomatik əlaqələrini yenidən maksimuma çatdırmaq və qarşılıqlı səfir təyin etmək qərarına gəliblər. Həmçinin iki ölkə arasında aviasiya sahəsində əməkdaşlıq müqaviləsinin imzalandığı açıqlanıb.

 

KANADADA İKİ CİNAYƏTKAR BIÇAQLA 10 NƏFƏRİ QƏTLƏ YETİRİB

Kanada polisi Saskaçevan əyalətində 10 nəfəri bıçaqlayan və ən azı 15 nəfəri yaralayan iki cinayətkarı axtarır. “Report”un verdiyi xəbərə görə, bu barədə “CBC” telekanalı məlumat yayıb.

Bildirilir ki, hadisə Ceyms-Smit-Kri-Neyşn qəsəbəsində, eləcə də Ueldon şəhərində baş verib. Polis Demiyen Sanderson və Mayls Sandersonu axtarır. Axtarış zonasına Saskaçevan əyaləti, eləcə də qonşu Alberta və Manitoba əyalətləri daxildir.

Qeyd olunub ki, cinayətkarlar təsadüfi insanları bıçaqlayıb öldürüb. Artıq Kanadanın baş naziri Castin Trüdo bıçaqlı hücumlar nəticəsində həlak olanların ailələrinə başsağlığı verib və hökumətin vəziyyəti yaxından izlədiyini bildirib.

 

TÜRKİYƏ PREZİDENTİNİN BALKAN ÖLKƏLƏRİNƏ SƏFƏRİ BAŞLAYIR

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Balkan yarımadasının üç ölkəsinə - Bosniya və Hersoqovina, Serbiya və Xorvatiyaya səfər edəcək. “Report”un verdiyi xəbərə görə, bu barədə “TRT” telekanalı məlumat yayıb. Bildirilir ki, Ərdoğan səfər zamanı keçirəcəyi görüşlərdə ikitərəfli əlaqələri, regional sülh, sabitlik və ticarət həcminin artırılması ilə bağlı məsələləri müzakirə edəcək. Prezident Ərdoğanın Balkan turunun digər mühüm gündəm mövzusu iqtisadiyyat olacaq. Region ölkələri ilə əlaqələrin yaxşılaşdırılması istiqamətində atılacaq addımlar qiymətləndiriləcək. Dövlət başçısının səfəri zamanı mühüm sazişlərin imzalanması da nəzərdə tutulur.

Eyni zamanda, qeyd edilir ki, səfər çərçivəsində Ərdoğanı böyük və geniştərkibli nümayəndə heyəti müşayiət edəcək. Səfər sentyabrın 6-dan 8-dək davam edəcək.

 

UKRAYNADAN AVROPA İTTİFAQINA MÜHÜM TƏKLİF

Ukraynadan elektrik enerjisinin ixracı hazırda Avropaya idxal edilən Rusiya qazının əhəmiyyətli həcmini əvəz edə bilər. “Teleqraf.com”un xəbərinə görə, bunu Ukraynanın baş naziri Denis Şmıqal Brüsseldə Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç ilə görüşdən sonra bildirib.

Baş nazir həmçinin Ukraynadan Aİ-yə elektrik enerjisi ixracının həcminin artırılması məsələsini qaldırıb. “Hazırda ticarət gücü 300 MVt, ixrac potensialımız isə yüksəkdir - 2000 MVt-a qədər. Elektrik enerjisi ixracının həcminin artacağına ümid edirik”, - deyə Denis Şmıqal vurğulayıb.

Eyni zamanda, hökumət başçısı qeyd edib ki, Ukrayna ən böyük qaz ehtiyatlarına malikdir və onu Avropanın “qaz seyfinə” çevirmək olar.

Məlumata əsasən, görüş zamanı Şmıqal və Şefçoviç Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi və Ukraynanın süni intellekt enerji bazarına inteqrasiyasını müzakirə ediblər.

 

BELÇİKANIN BAŞ NAZİRİ: ENERJİ BÖHRANI ON İL DAVAM EDƏ BILƏR

Belçika sakinləri qalıq yanacaqlardan imtina etməzdən əvvəl beş-on il çətin qışa dözməli olacaqlar. “Report”un verdiyi xəbərə görə, bunu ölkənin baş naziri Aleksandr De Kroo çıxışı zamanı bəyan edib.

Baş nazirin sözlərinə görə, bütün çətinliklərə baxmayaraq, qalıq yanacaqlardan imtina ölkəni 20 il irəliyə apara bilər.

Məlumata əsasən, ölkədəki enerji böhranının nəticələrini yumşaltmaq üçün hakimiyyət Belçika atom elektrik stansiyalarının iki reaktorunun - Dul 4 və Tianj 3-ün işini uzatmaq istəyir. Hökumət hazırda bu məsələ ilə bağlı enerji şirkəti “Engie” ilə danışıqlar aparır.

Eyni zamanda, bu reaktorların yenidən işə salınması barədə qərarın ilin sonuna kimi verilməsi gözlənilir.

 

“ZAPOROJYE” AES YENİDƏN UKRAYNA ELEKTRİK ŞƏBƏKƏSİNDƏN AYRILDI

Ukraynanın “Enerqoatom” şirkəti “Zaporojye” atom elektrik stansiyasının Ukraynanın elektrik şəbəkəsindən yenidən ayrıldığını bildirib. Bu barədə “TRT” telekanalı xəbər verib.

Şirkətdən verilən məlumatda deyilir: “Ferosplavna adlı enerji xətti bölgədəki qarşıdurmalara görə bağlanıb. Sözügedən xətt elektrik stansiyasını Ukrayna şəbəkəsinə birləşdirən son enerji ötürmə xətti idi. Bu xətt stansiya daxilindəki ehtiyacları da elektrik enerjisi ilə təmin edirdi”.

Qeyd edək ki, avqustun 25-də “Enerqoatom”dan verilən açıqlamada “Zaporojye” AES-in tarixdə ilk dəfə elektrik şəbəkəsindən ayrıldığı, əlaqənin avqustun 26-da bərpa olunduğu bildirilmişdi.

Xatırladaq ki, “Zaporojye” AES Avropanın ən böyük atom elektrik stansiyasıdır. 6 nüvə reaktoru olan və 5700 meqavat-saat elektrik enerjisi istehsal gücünə malik bu  stansiyası ölkənin elektrik enerjisinin 20 faizini təmin edirdi.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.