Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Sahibkar olmaq istəyirsinizsə...

Deyirlər, qulaq hər gün təzə bir söz eşitməsə kar olar. Son zamanlar alimlər araşdırmaları ilə ortaya o qədər qeyri-adi, ağlasığmaz nəticələr çıxarırlar ki, qulağımız artıq gündə bir yox, daha çox söz eşidir. Bu dəfə də elm adamları bizim pişiklərdəki parazit növünə yoluxmaqla İlon Mask kimi böyük bir sahibkara çevrilə biləcəyimizi söyləyirlər. Yəqin düşünəcəksiniz ki, sahibkarlıqla virusun nə əlaqəsi var? Gəlin görək, elm bu barədə nə deyir...

Kolorado Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, insanlar pişiklərdəki "toxoplazma qondi" adlı parazitə yoluxduqda onların beynində qorxu hissi azalır, risketmə cəsarəti isə artır. Xatırladaq ki, risk almaq sahibkarların ən əsas xüsusiyyətlərindən biridir. Bu səbəbdən də alimlər parazit infeksiyası ilə sahibkarlıq fəaliyyəti arasında əlaqəni araşdıraraq sınaq keçiriblər. Nəticədə parazitə yoluxan tələbələrdə idarəetmə və biznesə meyilliliyin daha çox olduğu ortaya çıxıb.

Qeyd edək ki, bu infeksiya ilk dəfə 1908-ci ildə Afrikada qondi adlı gəmiricidə aşkar edilib. Bu səbəbdən, parazitə "toxoplazma" q”ondi”””””””” adı verilib. Bu infeksiya bütün canlılara keçsə də, sadəcə pişiklərin bağırsaqlarında qalır və çoxalır. Onların  nəcis vasitəsilə  xaric etdikləri parazit digər canlılara da keçə bilir.

Siçanlar üzərində də aparılan təcrübələr zamanı onların riskə daha çox meyilli olduğu müəyyən edilib. Belə ki, parazitə yoluxan siçanların pişik iyini duymalarına baxmayaraq, onların qorxu hissinin olmadığı müşahidə edilib.

İnsan beyninə də oxşar təsirlər edə biləcəyinə dair sübutlar göstərir ki, bu parazit insanların fiziki və ruhi sağlamlığına zərər versə belə, onlarda  qorxu hissini azaldaraq cəsarətin artmasına səbəb olur.

Belə çıxır ki, biznesmen və ya sahibkar olmağı xəyal edənlər arada  pişiklərlə  təmasda olmalıdır?..

 

Çörəyin tarixi düşündüyümüzdən də qədimdir

Kopenhagen Universitetinin alimləri çörəyin tarixini dəyişdirəcək kəşfə imza atıblar. İordaniyanın Şubayqa bölgəsindən çörək qırıntıları tapan arxeoloqlar bu qidanın ilk dəfə ibtidai icma quruluşunda hazırlandığını ortaya çıxarıblar.

Tarixçilər çörək məhsullarının ənənəvi istifadəsini bəşər tarixinin ən əsas məqamlarından biri kimi qiymətləndirərək, buğdanın əkilmə və una çevrilməsi prosesini kənd təsərrüfatının başlanğıcı hesab edirdilər. Lakin Yaxın Şərqdə daş bir binada tapılan çörək qırıntıları insanların düşünüldüyündən daha qədim dövrlərdə çörək bişirdiyini sübut edib. Çörək qırıntılarının yaxınlığında tapılan ocaqda yandırılmış bitkilərin radiokarbon tarixinə əsasən qida qalıqlarının təxminən 14400 il yaşı olduğu ortaya çıxıb. Bu tarix isə kənd təsərrüfatının yaranmasından təxminən 4000 il əvvələ təsadüf edir.

"Tapıntılarımız çörəyin paleolit dövrünə aid ovçu-yığıcı cəmiyyətin məhsulu olduğunu göstərir", - deyə tədqiqat müəllifi Amaia Arranz Otaegui qeyd edib.

Çörək qırıntıları İordaniyanın Şubayqa adlı ərazisindəki çöküntü nümunələrinin arasında, oval formalı ocaqda tapılıb. Tədqiqatçılar bu qida qalıqlarının tapıldığı binanın nə məqsədlə tikildiyi və ya istifadə edildiyini hələ də araşdırmaqdadırlar. Onların ehtimallarına görə, həmin dövr üçün çörək arabir, ziyafətlərdə yeyilən dəbdəbəli bir qida növü olub. Hətta bəzi tədqiqatçılar Natufyan Mədəniyyətinə aid bayramlarda çörək və pivə istehlak edildiyinə dair fikirlər də irəli sürüblər. Qeyd edək ki, bu sivilizasiya Şərqi Aralıq dənizinə yaxın bölgəyə, epipaleolit dövrünə təsadüf edir və onun mövcud olma tarixi eramızdan əvvəl 12.000-9.500 və ya 13050-7500-cü illərlə üst-üstə düşür.

 

Anesteziya bitkilərə də təsir edirmiş

Anesteziya dedikdə ağıla ilk olaraq ağrıdan xilas olmağımız gəlir. Ancaq bu mürəkkəb kimyəvi birləşmələrdə narahatlığın sadə bir şəkildə aradan qaldırılmasından daha çox şey gizlənir. Belə ki, anesteziyaya səbəb olan bir sıra kimyəvi maddələrin insan şüuruna necə təsir etdiyi hələ də tam olaraq bilinmir. Düşünməyə başlasaq bu sirr daha da dərinləşə bilər. Çünki aparılan araşdırmalar göstərir ki, anesteziya təkcə insanlara deyil, hətta bitkilərə və heyvanlara da təsir edir.

Qədim dövrdə insanlar ağrıkəsici kimi müxtəlif otlardan istifadə edirdilər. Lakin müasir anesteziyanın kökləri XIX əsrin ortalarına - yəni həkimlərin cərrahi əməliyyatlar zamanı xəstələrə dietil efirinin (H5C2-O-H5C2) tətbiqinin başladığı dövrə gedib çıxır. Bir neçə il sonra bu maddənin bitkilərə və heyvanlara da təsiri üzə çıxdı.

Aradan 150 il keçməsinə baxmayaraq, alimlər hələ də bu qəribə ortaq xüsusiyyətin səbəbini araşdırırlar. Yapon və Avropa tədqiqatçıları müxtəlif növ anestezik kimyəvi maddələrin bitkilərə təsiri ilə bağlı araşdırma aparıblar.  Sürətli hərəkət qabiliyyətinə malik olan bitkilər üzərində sınaq aparan alimlər ilkin olaraq toxunmalara reaksiya verərək yarpaqlarını bağlayan Dandelion bitkisindən (mimosa pudica) istifadə ediblər. Dietil efirə məruz qalan bitki hərəkət qabiliyyətini tamamilə itirib və 7 saatdan sonra normal vəziyyətə qayıdıb.

Digər bitkilər üzərində də sınaqdan keçirilən kimyəvi maddələrin bənzər təsirlərə səbəb olduğu müəyyən edilib. Alimlər bunun bitkilərin bioloji sisteminə kömək edən, elektrik impulslarının qarşısının alınmasında fəaliyyət göstərən amillə əlaqəli olduğunu fərz edirlər.

Komanda, bitkilər və heyvanlar arasındakı bu anestezik oxşarlığın gələcəkdə insanlara tətbiq edilən anesteziya testlərində istifadə ediləcəyinə ümid edir.

 

Qulaqlarımız nəyin xəbərçisidir?

Orqanizmdə olan bir çox gizli xəstəliklər dildə, gözdə hətta qulaqlarda da özünü büruzə verə bilər. Bu səbəbdən də Çin təbabətində qulağa baxmaqla daxili orqanların diaqnostikası qoyulur. Alimlərin firincə, qulaqda olan bir çox aktiv nöqtələrin daxili orqanlarla birbaşa əlaqəsi var. Onlar daxildə baş verənlərin mütləq qulaqlarda özünü büruzə verəcəyinə inanırlar. Bəs qulaqlarımız hansı xəstəliklərin xəbərçisidir?

Məsələn, yumru, dairəvi qulaqlar insanın mükəmməl genetikasından xəbər verir. Balaca qulaqlar isə xəstəliklərə qarşı dözümsüzlüyü göstərir. Belə qulaqlara sahib insanlara əsəb və immun sistemini gücləndirmək üçün mütəmadi tədbir görmələri tövsiyə edilir. Qulaqların həddindən çox isti olması və tez-tez qızarması qanın bu orqana çox axmasından irəli gəlir. Bu isə yüksək təzyiqlə əlaqələndirilir. Bu cür qulağa sahib insanlarda əsəb sistemi də normada olmur.

Soyuq qulaqlar yorğunluğun, aşağı təzyiqin və bağırsaq probleminin əlamətidir. Onların göy və tünd qırmızı rəngdə olması isə böyrək, qaraciyər, mədəaltı vəzi probleminin göstəricisidir. Qeyd edək ki, ürək qüsuru olan insanların da bəzən qulaqları göy rəngdə olur.

Əgər qulağın sırğa yeri orta ölçüdə və düzgün formadadırsa bu, orqanizmin xəstəliklərə qarşı müqavimətli olduğu anlamına gəlir. Sırğa yerinin böyük olması isə immun zəifliyinə işarə edir.    

Həmin nahiyənin uzun və sallaq olması insanın yüksək intellektə sahib olmasından  xəbər verir. Onun dördkünc formada olması isə sahibinin fiziki gücünün digərlərindən çox olduğunu göstərir.

Hazırladı:

 Elenora HƏSƏNOVA,

"Respublika".