Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Bu əlamət ölümün yaxınlaşmasına işarə edir

Ölüm dünya yaranandan insanları ən çox qorxudan məsələdir.  Nə qədər qorxulu olsa da, hər kəs dərk edir ki, bu, reallıqdır. İspaniyalı elm adamları bu mövzu ilə bağlı yeni araşdırma apararaq ölümün yaxınlaşmasına işarə edən əlaməti ortaya çıxarıblar. Belə ki, alimlər bunun saç vasitəsilə mümkün olduğunu söyləyirlər.

Tədqiqatçılar müəyyən ediblər ki,  infarkta və ani ölümə gətirib çıxaran aterosklerozun inkişafını saç vasitəsilə qabaqcadan bilmək olar. Belə ki, ağ tellərin vaxtından əvvəl görünməsi aterosklerotik piləklərin erkən əlaməti ola bilər.

Təcrübəyə  42-64 yaş arası 500-dən çox insan cəlb edilib. Alimlər eksperiment yolu ilə müəyyən ediblər ki, ağ saçların görünməsi həqiqətən aterosklerozun əmələ gəlməsilə mütənasibdir. Maraqlısı isə odur ki, bu əlaqə  qadınlarda aşkarlanmayıb.

Onların belə bacarığı da var imiş

Amerikalı alimlər insan və şimpanzelərin hərbi taktikaları arasında oxşarlıq aşkar ediblər. Məlum olub ki, primatlar döyüş zamanı rəqiblərinə qarşı casusluq etmək üçün insanlara xas  strategiyalardan istifadə edir.

Araşdırmalar göstərib ki, şimpanzelər müharibələr zamanı insanlar kimi hündürlüyə qalxırlar. Landşaftın yüksəkliklərindən istifadə onlara ərazi münaqişələrində taktiki üstünlük əldə etməyə imkan verir.

"Şimpanzelər təpəyə qalxır, orada dayanır və topladıqları məlumatlara əsasən ya irəliləyir, ya da geri çəkilirlər. Hündürlük onlara düşmənlərinin sayı, xüsusən də onların  nə qədər uzaq olduqları barədə məlumat əldə etməyə imkan verir", - deyə tədqiqatçılar bildiriblər.

Qeyd edək ki, landşaftın yüksəkliklərindən istifadə qədim zamanlardan məlum olan hərbi taktikadır. Taktiki döyüş insan idrakının təkamülünü şərtləndirən amillərdən biri hesab olunur və bu bacarıq indiyədək yalnız insanlara xas idi.

Yalanlara niyə inanırıq?

Elə bir insan yoxdur ki, həyatı boyu hansısa bir yalana inanmasın. Üstəlik məlumatın yanlış olduğunu öyrənsək də, inandığımız yalanlar bizə təsir etməyə davam edir. İstər fərdi, istərsə də sosial olaraq qəbul etdiyimiz hər bir qərarı dəqiq məlumat əsasında verməyə çalışırıq. Lakin şübhələrimiz və meyillərimiz bizi yalana, dezinformasiyalara qarşı həssas edir. Biz də yalana inanmağa davam edirik və həqiqəti öyrənəndə belə yalan məlumatları xatırlayırıq. Bəs bunun səbəbi nədir?

Mütəxəssislərin fikrincə, inanclarımıza və düşüncələrimizə uyğun gələn yalanlara inanmaq həqiqətə inanmaqdan daha asandır. Northwestern Universitetinin kommunikasiya tədqiqatları üzrə professoru Nathan Uolterin fikrincə, "dezinformasiya hər səviyyədə həqiqəti üstələyir". O qeyd edir ki, dezinformasiya və ya yalan insanın siyasi baxışına, dini inancına və ya sosial mövqeyinə uyğun gələrsə,  qalıcı olur. Əgər bir insan siyasi və dini səbəblərdən hansısa bir yalana inanırsa, həmin şəxsi həqiqətə inandırmaq çox çətindir. Üstəlik, araşdırmaya görə, yanlış məlumatı düzəltməyə çalışmaq da bu dezinformasiyanın güclənməsinə səbəb ola bilər. Eyni zamanda bir şeyin təkrarlandığını nə qədər çox görsək, onun doğru olduğuna bir o qədər inanırıq. Buna "aldadıcı gerçək effekti" deyilir.  

Yaddaşımızdakı düzgün məlumatlar zamanla öz təsirini itirə və beynimiz yenidən yanlış məlumatı bizə təqdim edə bilər.  6500-dən çox insanın iştirak etdiyi 32 araşdırmanın nəticələri göstərib ki, səhvləri düzəltmək yalanın təsirini azaldır, lakin onu tamamilə aradan qaldırmır. Çünki həm yalan, həm də doğru məlumat beynimizdə mövcud olmağa davam edir və hər ikisi yadda qalmaq üçün bir-biri ilə yarışır. Tədqiqatlar göstərir ki, beynimiz həm orijinal yalanı, həm də düzgün məlumatı depolayır.

Qədim insanlarla bağlı daha bir sirr açıldı

Elm adamları qədim insanlarla bağlı daha bir sirrin üstünü açıblar. Belə ki, hazırda antibiotiklərlə müalicəsi mümkün olan bakterial infeksiyaların Daş dövrünün insanlarının həyatına son qoyduğu məlum olub.  

Tədqiqatçılar  Norveçin cənubunda tapılmış, Daş dövrünə aid olan  insan qalıqlarının  DNT-sini araşdırıblar.  Elm adamları həyati təhlükəli xəstəliklərə səbəb ola biləcək 5 müxtəlif növ patogen bakteriyaları müəyyən ediblər. Bunlara nəfəs  yolu ilə insanlar arasında yayılan "Eisseria meningitidis", çirklənmiş qida və su ilə ötürülən "Yersinia enterocolitica", "Salmonella enterica" virusları və s. daxildir.

"Science Reports" jurnalında dərc olunan araşdırmaya görə, ölümcül infeksiyalarla əlaqədar daş dövrünün 38 qalığının dişləri təhlil edilib. Əvvəlcə İsveçin cənubunda yetkin bir qadının dişlərində vəba xəstəliyinə səbəb olan Y pestisin DNT-si araşdırılıb. Əvvəlki araşdırmalara da əsaslanan tədqiqatçılar, bu virusun indiyədək qalıqlarda aşkar edilmiş ən qədim vəba virusu olduğunu müəyyən ediblər. Elm adamları meningitin səbəbi olan N meningitidisin ağız suyu, öskürək, asqırma, ümumilikdə nəfəs yolu  vasitəsilə ötürüldüyünü söyləyirlər.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".