Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr
Maraqlı

Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr

(keçmişdən indiyə)

İnsanlığın yaranışından bəri nə qədər vaxt keçsə də, tarixən baş verən bəzi hadisələr öz təsirini itirməyib və  bəşəriyyətin formalaşmasında böyük rol oynayıb. Təkcə yaşandığı dövrlərlə məhdudlaşmayan sadədən mürəkkəbə, ibtidaidən aliyə inkişaf yolu keçən bu proseslər həm də keçmişdən gələcəyə dəyərli miras qoyub. Müəyyən şərtlər altında ortaya çıxan müharibələr, ixtiralar kimi, bəzi mühüm olaylar kəpənək effekti yaradaraq bütünlükdə tarixin gedişatına təsir etməklə dünyanın gələcəyini dəyişdirib. Təkərin, yazının ixtirasından sənaye inqilabına, Dünya müharibələrindən insanın Aya ilk  ayaq basmasına və bu gün robototexnikadan tutmuş dron, çip, ağıllı cihazların inkişafına qədər bir sıra texnologiyaların istehsalı ilə əl əməyinin getdikcə sıradan çıxması həm bugünkü dünyanın nizamına, həm də həyat tərzimizə  böyük təsir göstərib. Bəlkə də, bu hadisələrin çoxu yaşanmasaydı dünya indikindən daha fərqli olardı. Həyatımıza və sivilizasiyaya  təsir edən təsadüfdənmi, yoxsa zərurətdən doğan bu hadisələrlə planetimizdə yaşamın haradan-haraya gəlməsinə nəzər salmaqla tarixə  ekskurs  edək...

Ənənəmizə uyğun olaraq bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən olan "Kitab çapının ixtirası"nı oxuculara təqdim edirik.

“Respublika”.

Kitab çapının ixtirası

Bəzən zərurətdən, bəzən isə gözlənilməz  təsadüflər nəticəsində edilən kəşf və ya ixtiralar həmin dövrdə yaşayan insanlarla yanaşı, əsrlər sonra bizim də həyatımıza təsir edərək bugünkü dünyanın nizamını dəyişdirib. Tanınmış alimlər, yaxud sıradan şəxslər tərəfindən edilən bu  kəşflər tarixin axarını dəyişdirməklə bütövlükdə bəşəriyyətin, sivilizasiyanın formalaşmasında böyük rol oynayıb.

Elə ixtiralar var ki, köhnəlib tarixə çevrilərək zamanın girdabında itib batır, lakin elələri də var, bu gün  həyatımızı onlarsız təsəvvür etmək belə  mümkün deyil. Bəşəriyyətin təkamülü prosesində mühüm rol oynayaraq  bu və ya digər şəkildə hazırki həyatımızı formalaşdıran belə ixtiralardan biri də kitab çapının ixtirasıdır. 

Çapın ixtirasının bəşəriyyət üçün əhəmiyyətindən, əvəzedilməzliyindən danışmağa başlasaq,  çoxcildli kitab yazmaq olar. Mübaliğəsiz qeyd etmək olar ki,  insanlıq tarixində kitab çapının dəyəri odun, təkərin, yazının və kağızın  ixtirası qədər əsas dönüş nöqtəsidir. İstənilən sahə üçün ən böyük töhfə olan bu yeniliyin  Şərqdə və Qərbdə bir-birindən ayrılıqda inkişaf etdiyi ehtimal edilir. Tarixi faktlarda ən erkən mətbəənin nə vaxt və kim tərəfindən yaradıldığı dəqiqliklə qeyd edilmir, yalnız ehtimallara əsaslanılır.

Kitab çapı, yəni kitabların üzünü əllə köçürməklə deyil, mexaniki üsulla çoxaldılması insanları uzun müddət düşündürən  məsələlərdən biri  olmuşdur. Məlumdur ki, nəyisə kütləvi şəkildə çoxaltmaq üçün, ilk növbədə,  onun qəlibini hazırlamaq başlıca şərtdir. Kitab çapında atılan ilk addımlar da bu sadə ideyanın dərk olunması ilə başlanmışdır.

Dünya tarixində qədim əlifba, yazı mədəniyyəti və ibtidai çap materiallarının meydana gəlməsi və ilk əlyazma kitablarının yaranmasının  Şərqdən başlandığı güman edilir. Lakin dövr, zaman dəyişdikcə, kitaba maraq artdıqca əlyazma kitabları oxucu tələbatını ödəyə bilmirdi. Çin, Koreya və daha sonralar Yaponiyada ksiloqrafiya üsulu ilə çap, mütəhərrik çap literinin hazırlanması texniki tərəqqi sahəsində ilk addımlar oldu.

Məlum olan ən qədim çap mətni eramızın birinci minilliyində Çində hazırlanmışdır. Tang sülaləsi dövründə təxminən 868-ci ildə Dunhuang şəhərində buddistlərin müqəddəs kitabı - "Almaz Sutra" çap edilmişdir. Bu kitab "blok çapı" kimi tanınan bir üsulla ərsəyə gətirilmişdir. Həmin çap prosesi isə əl ilə oyma taxta blokların üzərində edilmişdir. Belə ki, Dunhuangda  aparılan araşdırmalar zamanı IX əsrdə mövcud olan təqvim, riyazi cədvəllər, uşaq tədris materialları, lüğətlər və almanaxlar da daxil olmaqla digər önəmli mətnlərin bu üsulla çap olunmasına dair bəzi dəlillər tapılmışdır.

İlk çap kitablarını ksiloqrafik kitablar (yun. ksilo – ağac, qrafo – yazıram) adlandırırlar. Onları bu texnologiyadan istifadə edərək  düzəldirdilər: taxta lövhənin hamar səthi üzərində mətnin güzgüdəki kimi əksinə çevrilmiş təsvirini yazırdılar. Ustalar taxtanın üzərində yazılan hərfləri saxlamaqla qalan hissəni bıçaqla kəsib çıxarırdı. Beləliklə, mətnin relyefli, qabarıq təsviri alınırdı. Taxta lövhədən olan  bu çap forması – mətn üçün qəlib rolunu oynayırdı. Sonra boyaqla qabarıq şriftləri rəngləyir, üstünə kağız vərəq qoyurdular. Taxtadakı rəng vərəqlərə hopurdu və onda yazılan mətnin düz əksi alınırdı. Ksiloqrafik çap üsulu çox çətin başa gəlirdi. Mətn dəyişdikcə hər dəfə taxta lövhədə minlərlə hərf, heroqlif kəsmək lazım gəlirdi.

XI əsrdə Çin imperator ailəsindən çıxmış Bi Şen ayrı-ayrı literlər (lat. littera – hərf) – heroqlif qəlibləri hazırlamaqla çap üsulunu bir qədər təkmilləşdirdi. Bunun üçün o, gildən çoxlu miqdarda heroqlif düzəldib bişirir, sonra isə onları qatranla metal lövhələrə bərkidirdi. Artıq hər bir mətn üçün ayrıca qəlib hazırlamaq lazım gəlmirdi, hazır literləri düzgün ardıcıllıqla lövhəyə bərkitmək kifayət idi. Lakin bu üsul da kamil deyildi, çünki külli miqdarda şrift qəlibləri tələb olunurdu, onların bir-bir hazırlanması isə çox vaxt aparırdı.

Orta əsrlərdə kağız əsas material kimi mövcud olsa da, kitabların əl ilə yazılıb çoxaldılması ona olan tələbatı qətiyyən ödəmirdi. Böyük zəhmət tələb edən üsullar  çox geri qalmış hesab olunurdu.  Беля ки, hərfləri daş və ya mis löhvələr üzərində oyur, sonra həmin oyulmuş yerlərə rəng çəkib basma üsulu ilə onun üzünü çıxarırdılar. Kitaba olan tələbatı nə mətni əl ilə yazmaq, nə də basma üsulu ilə çoxaltmaqla ödəmək mümkün deyildi. Həm də bu üsul istənilən nəticəni vermirdi.

Lakin  bir müddət  keçdikdən sonra nəhayət, XV əsrdə alman ixtiraçısı İohann Qutenberq (1400-1468) hazırda istifadə olunan çap üsulunu  kəşf etdi. Alim  literlər hazırlamaq üçün metal matrislər (lat. matrix – mənbə, başlanğıc) yaratmağa nail oldu. Matrisin üzərində hər bir literin formasına uyğun dərinliklər var idi. Qurğuşunla qalayın qarışığından olan ərintini matrisin üzərinə tökərək tez bir zamanda külli miqdarda liter düzəltmək mümkün idi. Qutenberq müxtəlif kitab ölçülərinə uyğun standart taxta lövhələr düzəltdi. Onların üzərində literlərdən sözlər, sözlərdən cümlələr, cümlələrdən mətn yığaraq çap forması ixtira etdi. Buradakı literlər metaldan olduğuna görə daha davamlı idi və külli miqdarda surət almağa imkan verirdi. Qutenberq mətbəədə istifadə etmək üçün boyaların reseptini də hazırlamışdı. Çap vaxtı çap formasındakı literlər rənglənir və üzərinə kağız vərəq qoyulurdu. Əl vasitəsilə surətin çıxarılmasını təmin edən bu kəşfin sayəsində 20 milyonluq nüsxə dövriyyəyə buraxıldı. Mətbəə bir çox dinlərin yayılmasında da böyük rol oynadı. 

Ancaq ixtiranın geniş tətbiqi üçün Qutenberqə maddi dəstək lazım idi. Çap üçün lazım olan ləvazimatlar baha başa gəlirdi. Sonralar Qutenberq bu işi kommersiyalaşdırmaq üçün böyük addımlar atdı. Qısa müddətə məşhurlaşan ixtira əsrlər sonra dünyaya yayılaraq texnologiyanın inkişafını xeyli təkmilləşdirdi. Bu ixtira həm də  dünyada insanların həyatına, əqlinə, savadına böyük təsir etdi.

Çap üsulunun təkmilləşdirilməsi üçün Qutenberqin digər ixtirası isə çap prosesinin avtomatlaşdırılması oldu.  Bu məqsədlə o, bitkilərdən yağ çıxarmaq üçün istifadə olunan adi presi mətbəə dəzgahına çevirdi və onu çap prosesinə uyğunlaşdırdı. Pres kağızı çap formasına möhkəm sıxdığından səhifələrin surətləri çox dəqiq və səliqəli alınırdı. Artıq kağız vərəqin çap formasının üzərinə qoyulub götürülməsi də mexaniki üsulla baş verirdi. Bir səhifənin minlərlə surəti çıxarıldıqdan sonra digər səhifənin çap olunmasına keçilirdi.

Qeyd edək ki, Qutenberqin 1445-ci ildə öz mətbəəsində buraxdığı “Bibliya”dan 42 sətirlik bir hissə dünya tarixində ilk çap nümunəsi hesab edilir.

Həmin dövrlər Qutenberqin ixtirası İohann Faust adlı varlı bir tacirin də marağına səbəb olmuşdu. O, Qutenberqə kitab istehsalını genişləndirmək üçün borc vermişdi. Lakin ixtiraçı mühəndis bu borcu vaxtında qaytara bilməmişdi. Buna görə də tacir ona qarşı məhkəmə iddiası qaldırmışdı. Prosesi udan Faust Qutenberqin bütün çap dəzgahlarını müsadirə etdirmişdi. Sonra isə özü mətbəə təşkil etmişdi. Qutenberq öz ixtirasının Avropada necə sürətlə yayıldığını, başqalarının bu işdən necə varlandığını kədərlə seyr etməli olmuş və bu səbəbdən də alim  maddi ehtiyaclar içərisində vəfat etmişdi.

Daha sonralar isə artıq 1500-cü ildə İtaliyada 100, İspaniyada isə 30 çap dəzgahı işləyirdi.  XVIII əsrin sonlarında qəzet və kitablara olan tələbat o qədər artmışdı ki, əllə hərəkətə gətirilən çap maşınları artıq bu tələbatı ödəyə bilmirdi. Saksoniyalı mühəndis-çapçı Fridrix Köniq 1814-cü ildə buxarla işləyən ilk çap dəzgahını işə saldı. Buxar mühərrikli maşınla saatda 1000 səhifə çap olunurdu ki, bu da əvvəlki dəzgahla müqayisədə dörd dəfə çox idi.

1866-cı ildə avtomatik yığım dəzgahı – linotip ixtira edildi. Çap olunacaq mətn çap makinasında olduğu kimi, klaviatura ilə yığılırdı. Burada sözlər və sətirlər səliqəli intervallarda yerləşdirilirdi. Linotipdə şriftlərin yığılması çap işini xeyli sürətləndirdi.

Qeyd edək  ki,  müasir dövrdə çap işi görünməmiş səviyyədə təkmilləşdirilmiş və poliqrafiya adlanan sənaye sahəsinə çevrilmişdir.

Zama-zaman bəzi  mütəfəkkirlər  özlərində olan bütün yaxşı cəhətlərə görə kitaba minnətdar olduqlarını bildirmiş, mütaliəni unudan insanın inkişafdan qaldığını söyləmişlər. Çünki bəşəriyyətin bütün həyatı tədricən kitablara köçürülmüşdür. Belə ki, bəzi dövlətlər, sivilizasiyalar,  zaman-zaman  yox olsa da , kitablar əbədi həyat qazanmışdır. Onlar haqqında olan məlumatlar, qədim insanların  dünyagörüşü, həyata baxışı, istək və arzuları kitablara əbədi həkk olunaraq çap sayəsində tarixə çevrilmişdir.

Kitabın çapı bəşəriyyət tarixində ən böyük kəşflərdən biri olaraq hər bir dövrdə elmin,  maarifin və ədəbiyyatın inkişafına böyük təkan vermişdir. Bu ixtira insanların topladığı biliklərin bütün dünyada sürətlə yayılması və doğru şəkildə saxlanılmasında  əvəzsiz rol oynamaqla  gələcək nəsillərə çatdırılmasını təmin etmişdir.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".