Vətənpərvərlik nümunəsi
Sosial həyat

Vətənpərvərlik nümunəsi

Vətən müharibəsi Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi və torpaqlarımızın düşmən tapdağından azad olunması ilə yekunlaşdı. Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz şanlı tarix yazaraq düşməni darmadağın etdi. 2020-ci il Azərbaycan tarixinə Zəfər ili, topraqlarımızın işğaldan azad olunduğu il kimi düşdü. Sentyabrın 27-də işğalçı Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi növbəti hərbi təxribata cavab olaraq Ordumuzun başladığı 44 günlük Vətən müharibəsi düşmənin sarsıdıcı məğlubiyyəti ilə nəticələndi. Bu haqq savaşında qələbəyə görə şəhidlərimizə və qazilərimizə borcluyuq. Qarabağ uğrunda müharibə başlayanda torpağa Ana deyib ölüm-dirim savaşına atılanların qəlbində bircə hiss var idi: Vətəni düşməndən qoruyaraq ona layiqli oğul olmaq!

Böyük Türk milləti "Ölsəm şəhid, qalsam qazi", "Torpaq - uğrunda ölən varsa, Vətəndir" şüarları ilə tarixdə zəfərlər qazanmışdır. Tarix boyunca şəhidlik xalqımızın mənliyində yaşayan yüksək əxlaqi keyfiyyət olmuşdur. Xalqımız Vətən və müqəddəs dəyərlər naminə həmişə döyüşmüş, bu yolda ölməyi yaşamaqdan üstün tutmuşdur. Qarabağda, eləcə də Vətənimizin digər guşələrində işğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda aparılan mübarizə müharibə mərhələsinə keçəndə igid oğullarımız hünər və qeyrətini silaha çevirib döyüşlərə yollandılar.

Növbəti yazımız torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə şücaət göstərərək qəhrəmancasına şəhid olmuş Babək Süleyman oğlu Mahmudlu haqqındadır.

1995-ci ilin noyabrın 27-də Biləsuvar şəhərində anadan olmuşdur. 2011-ci ildə Biləsuvar şəhəri Nizami adına 1 saylı tam orta məktəbin 9-cu sinifini başa vuraraq, Sumqayıt Texniki Kollecinə daxil olur. Kolleci bitirdikdən sonra hərbi xidmətə yollanır. Naxçıvan Muxtar Respublikasının Xüsusi Təyinatlı Qüvvələrində xidmət üçün imtahanlardan uğurla keçərək, müddətdən artıq hərbi qulluqçu kimi vətənə xidmətini davam etdirmişdir. Manqa komandiri Babək Mahmudlu "İstiqlal" snayper kursunu da müvəffəqiyyətlə başa vurmuşdur. Naxçıvanda Türkiyə Cümhuriyyətinin və Azərbaycan Respublikasının keçirdiyi birgə hərbi təlimlərdə snayper atəşi yarışlarında birincilik əldə etmişdir.

Torpaqlarımızın işğaldan azad olunması uğrunda mübarizədə Babəkin Cəbrayıldan başlayan döyüş yolu Zəngilana, Qubadlıyadək uzanır. Cəsur döyüşçü çətin döyüş əməliyyatlarının iştirakçısı olmaqla, xeyli düşmən əsgərini "İstiqlal"ı ilə məhv etmişdir. Babək Mahmudlu Şuşa uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. 1 noyabr 2020-ci il tarixində doğulduğu Biləsuvar şəhərində torpağa tapşırılmışdır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə Babək Mahmudlu ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Azərbaycan xalqı şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizi unutmur, daim yad edir. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, dövlətimizin suverenliyi və xoşbəxt gələcəyi uğrunda canlarını fəda etmiş Babək kimi qəhrəman oğullarımız gənclik üçün ən gözəl vətənpərvərlik nümunəsi hesab edilir.

M.MİRZƏ,

"Respublika".