İNSAN ALVERİ BƏŞƏRİYYƏTİN BƏLASIDIR
Sosial həyat

İNSAN ALVERİ BƏŞƏRİYYƏTİN BƏLASIDIR

Sivil dünyada yaşasaq da, hələ də dünya dövlətləri insan alverinin qarşısını tam olaraq ala bilməmişdir. Baxmayaraq ki, bu istiqamətdə beynəlxalq səviyyədə bir sıra anlaşma, protokol, dövlətlərarası qarşılıqlı yardım sənədləri, konvensiyalar imzalanmışdır. Bütün sənədlərdə birmənalı olaraq vurğulanır ki, bu cinayətə qarşı mübarizə aparmaq üçün dövlətlərin qarşılıqlı yardımlaşması son dərəcə vacib amildir. İnsan alveri insan hüquqlarını, ləyaqətini, şərəfini və toxunulmazlığını birbaşa pozur. Burada qadınların, uşaqların hüquq və azadlıqlarının pozulması daha ön plana çıxır. Gender bərabərsizliyi bütün çılpaqlığı ilə nəzərə çarpır.

İnsan alverinə cəlb etmənin üsul və vasitələri fərqlidir. Müasir dünyada insan alverçiləri qurbanları özünə cəlb edərkən müxtəlif üsul və vasitələrdən istifadə edir. Cəmiyyətdə insan alverinə qarşı mübarizə şüurlu formada aparıldıqda cinayətkarların üsulları get-gedə dəyişir və onu reallaşdırmaq çətinləşir.

Cinayətkarlar, insan alverçiləri öz qurbanlarını oğurlayır, onlara qarşı zor tətbiq edir, yalana əl atır, qurbanlarının köməksizliyindən öz xeyirlərinə faydalanırlar. Acı da olsa deməliyik ki, insanlar qrup halında, ya da fərdi şəkildə bu prosesə cəlb edilirlər. Belə ki, bu proses bəzən rəqs, ya da turist qrupu kimi təşkil olunur. İnsanları tora salmaq üçün bu fəndlərdən son dərəcə geniş istifadə edilir.

Öz qurbanlarını tələyə salan insan alveri ümumdünya qul ticarətinin bir formasıdır. Burada insanlara adi alqı-satqı predmeti kimi yanaşılır, onlar kənd təsərrüfatı sektorunda, gizli və leqal emalatxanalarda havayı və ya cüzi əməkhaqqı ilə işləməyə məcbur edilirlər. İdentifikasiya edilmiş insan alveri qurbanlarının böyük hissəsini adətən qadınlar təşkil edir, lakin buraya kişilər də daxildir.

Azərbaycan Respublikasında 2005-ci ildən 2016-cı ilə qədər İnsan Alverinin Baş İdarəsi tərəfindən 476 insan ticarəti alverçisi aşkar edilib. Bu cinayətlərin qurbanlarının sayı 716 nəfər olmuşdur. Bu illər ərzində 2283 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

Ötən 2020-2021-ci illərdə insan alveri cinayətlərinin qurbanına çevrilən 95-nəfərin 94-ü qadın, 1 nəfəri kişi olub. 95 nəfərin 74 nəfəri Türkiyə Respublikasında, 12-si RF-də, 7-si İİR-də istismar olunmuşdur. Onlardan 5 nəfəri 18-25 yaş, 59 nəfəri 25-35 yaş, 31 nəfəri 35 yaşdan yuxarı olmuşdur.

Azərbaycan Respublikası tərəfindən 2000-ci il dekabrın 12-də imzalanan və 2003-cü il mayın 13-də Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilən BMT-nin "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" Konvensiyasının və onu tamamlayan "İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında" Protokolun, habelə 2002-ci il sentyabrın 20-də qəbul edilən "İnsan alverinin qarşısının alınması və ona qarşı mübarizə haqqında" Brüssel Bəyannaməsinin müddəalarını nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 6 may 2004-cü il tarixli Sərəncamı ilə 2004-2008-ci illər, 2009-cu il 6 fevral tarixli Sərəncamı ilə 2009-2013-cü illər, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli Sərəncamı ilə 2014-2018-ci illər, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 iyul tarixli Sərəncamı ilə 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı qəbul edilmişdir.

Milli Fəaliyyət Planı göstərilən məqsədlərə nail olunması üçün əsas vəzifələri, onların icra edilməsində müxtəlif qurumların (müvafiq icra hakimiyyəti orqanları, qeyri-hökumət təşkilatları, beynəlxalq tərəfdaşlar və digər qurumlar) iştirakını nəzərdə tutur.

İnsan alverinə qarşı mübarizə aparan bütün orqanlar Milli Fəaliyyət Planında müəyyən olunmuş ümumi prinsipləri rəhbər tutaraq öz fəaliyyətini həyata keçirirlər.

Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2005-ci il tarixli fərmanı ilə təsdiq olunmuş "İnsan alverinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən, təhsil müəssisələrinin tədris planında insan alverinin profilaktikasına və qarşısının alınmasına yönəldilmiş kurslar təşkil edilməli, təhsil müəssisələri, uşaq evləri, internat məktəbləri və hüquq pozuntusunun profilaktikasını həyata keçirən digər orqan və müəssisələrdə xüsusi proqramlar hazırlanaraq həyata keçrilməlidir. İnsan alverinin tədrisi zorakılıq və xüsusi ilə cinsi zorakılıq məsələləri ilə bağlı olduğu üçün insanların fikri müxtəlif ola bilər.

Bu gün Azərbaycan Respublikasında bu problem mövcud olsa da, ölkəmiz insan alverinə qarşı mübarizədə bütün beynəlxalq konvensiyalara qoşularaq onları tanımışdır.

Fazilə HÜSEYNLİ,

Azərbaycan Dövlət Pedaqoji

Universitetinin fəlsəfə və sosial elmlər

kafedrasının baş müəllimi.