Lənkəranlılar onunla qürur duyurlar
Sosial həyat

Lənkəranlılar onunla qürur duyurlar

Zaur Nizami oğlu İsmayılzadə 44 günlük haqq savaşımızda Vətən torpaqlarının azadlığı uğrunda yağı düşmənə qarşı döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb.

Vətən sevdalısı 1995-ci il iyulun 29-da Lənkəran rayonunun İstisu qəsəbəsində hərbçi ailəsində anadan olub.

Vətən müharibəsində Füzuli döyüşlərində savaşıb, düşmənə ağır itkilər verib. O, oktyabrın 9-da şəhidlik zirvəsinə ucalıb və Lənkəran rayonunda torpağa tapşırılıb.

Ölümündən sonra dövlət tərəfindən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Cəsur döyüşçü", Füzulinin, Şuşanın azad olunmasına görə medalları ilə təltif edilən Zaur İsmayılzadənin adı Azərbaycanla birgə çəkilir, lənkəranlılar onunla qürur duyurlar.

Zaur İsmayılzadənin Vətən, torpaq naminə şəhadətə qovuşduğu gündən 3 il ötür. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının rəsmi şəxsləri, yerli ictimaiyyətin nümayəndələri və şəhid ailəsinin üzvləri şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüblər.

Söhbət zamanı bildirilib ki, 44 günlük Qarabağ müharibəsində qanları bahasına Azərbaycanın yeni, şanlı tarixini yazan qəhrəmanlar xalqın qəlbində yaşamaqla heç vaxt unudulmayacaq və onların şərəfli ömür yolları gələcək nəsillərə örnək olacaq.

Daha sonra icra başçısı Taleh Qaraşov şəhidin ailə üzvləri ilə söhbət edib, qayğı və problemlərini öyrənib.

Z.ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü.