Dahiləri bir də belə tanıyaq!
Maraqlı

Dahiləri bir də belə tanıyaq!

Aqata Kristi

Onu "cinayətlər, dedektivlərin kraliçası" adlandırırdılar, amma "Ölüm hersoginyası" titulunu xoşlayırdı Aqata Kristi. Yüzlərlə ölüm və oğurluq hadisəsinin ideyası yaranırdı dünyaca məşhur bu yazarın dahi təfəkküründə. Odlu silahdan zəhləsi getsə də, zəhərləri daha cəlbedici hesab edirdi.

Dediyinə görə, yazıçı nə isə toxuyanda, qonaqlarla söhbət edəndə, hətta qab yuyanda belə yazacağı romanı haqqında düşünürmüş: "Qab yumaq o qədər axmaq məşğuliyyətdir ki, istər-istəməz qətl haqqında düşünürsən". Bəzən hər hansı bir ideya gələndə unutmamaq üçün bloknotunda qeydlər aparar, sonra əsərində istifadə edirdi.

Şöhrətdən sonra özünü evdar qadın adlandırmağa üstünlük verən "dedektivlər kraliçası" ədəbi rahatlıq məsələlərində çox təvazökar idi. Yemək masası, mərmər yuyucu dəzgah və ya avtomobilin salonu olsun, hər yerdə işləyə bilərdi. Yaradıcılıq üçün öz ofisi yox idi, dediyinə görə, yalnız bir yazı makinasına və sabit bir masaya ehtiyacı var idi. Məlumdur ki, Kristi əl yazısı qeyd etməyi çətinləşdirən disqrafiyadan əziyyət çəkirdi, buna görə də əsərlərinin çoxu diktə olunurdu. Hətta ömrünün sonuna kimi tanınmış yazıçı ciddi qrammatik səhvlər də buraxırdı.

Kristinin əsər yazmaq vərdişi də çox qəribə idi. Detektiv yazmaq üçün ona isti vanna və alma lazım olurdu. Saatlarla vannada oturub alma yeyərək ölüm hadisələrinin labirintini quraşdırırdı. Ondan soruşanda ki, niyə zəhərdən çox istifadə edir, cavab verirdi ki, qan içində uzanmış ölülərdən xoşum gəlmir. Odlu silahdan isə qaçıram, çünki bundan tamamilə başım çıxmır. Zəhərləmək isə o qədər asandır ki...

Əvvəllər əczaçı işləyən, zəhərlər və onların insan bədəninə təsirlərini öyrənən Aqatanın romanlarında cinayətlərin çoxunun zəhərlənmə ilə bağlı olması heç də təsadüfi deyil.

Heyvanlara qarşı çox həssas olan yazıçı hətta bir gün tennis toruna yapışıb qalmış bir kirpini xilas etmək üçün məcburən ona xloroform iylədib həyata qaytarıbmış.

Adamların arasında ilişib qalmaq, basabas, yüksək səs, çox danışan insanlar, ziyafətlər, xüsusilə kokteyl ziyafətləri, siqaret, içkilər, marmelad, soyuq yemək, boz səma və quşların ayaqları sən demə onun gözünün düşməni imiş. Ən nifrət etdiyi şey isə isti südün dadı və qoxusu imiş.

Uzun illər Alzheimer xəstəliyindən əziyyət çəkən 85 yaşlı yazar ömrünün son günlərinə yaxın belə deyirmiş: "Mən indi borca yaşayıram. Elə bil ki, dəhlizdə oturub çağırış siqnalını gözləyirəm. Ölümlə görüşə hazıram. Həmişə eskimo dondurmasını çox sevmişəm. Bir gün əziz qoca nənə üçün xüsusi təam hazırlanacaq və o, buzlu yola düşüb gedəcək. Və bir daha qayıtmayacaq...".

 

 

Frans Kafka

Dünya ədəbiyyatının korifeylərindən sayılan, sağ ikən şöhrəti dadmayan Avstriya yazıçısı Frans Kafkanın insanın ruhuna, iliyinə qədər işləyən vahiməli və absurd bir üslubu var idi. "Başımın içində dəhşətli bir dünya var. Amma onun üzərimdəki əsarətindən qurtula bilmirəm. İçimdəki göz yaşlarını sanki dəfn etdilər" - belə deyərdi, "Çevrilmə" əsərinin talehsiz yazarı...

Özünü aciz və qapalı apardığına görə uşaqlıqda onu qeyri-adi uşaq və dəli kimi qəbul ediblər. Yazıçı deyirdi: "Ədəbiyyatdan başqa hər şeyə nifrət edirəm. Qonaq getmək mənim üçün darıxdırıcıdır. Doğmalarımın kədərini, sevincini paylaşmaq mənə dəhşətli dərəcədə cansıxıcı gəlir. Kiminləsə söhbət məni vacib, ciddi və orijinal şeylər düşünməkdən məhrum edir".

Həyatı boyu müxtəlif xroniki xəstəliklərə - vərəm, başağrısı, yuxusuzluq, qəbizlik və başqa xəstəliklərə mübtəla olan Kafkanın həm də, şizoid şəxsiyyət pozuntusuna malik olduğu söylənilir.

Uşaqlıqdan vegetarian olan yazıçı ət yeməklərini xoşlamazmış. Halbuki, babası Praqanın məşhur qəssablarından sayılıb. Deyilənə görə, uşaq vaxtı babasının yanına gedəndə heyvanın necə kəsilməsi, ətin necə hissələrə bölünməsini gördükcə pis olarmış. Gözünün qarşısında bir canlını yerə necə yıxıb kəsirlər, ətini necə qarmağa keçirirlər. Bütün bunlar onu diksindirib.

Xaraktercə melanxolik olmasına baxmayaraq, dostları Kafkanın qeyri-adi yumor hissini xüsusi qeyd ediblər. Hətta onlar Kafkanı "məclisin gözü" adlandırırdılar. Alman nəşrlərindən biri Kafkanın Çarli Çaplinə oxşarlığını qeyd edib. Yazıçı dostlarından birinə belə yazmışdı: "Mən şənlənməyi də bacarıram, buna şübhəniz olmasın".

Mürəkkəb ailə münasibətləri səbəbindən Kafka evlənməyib. Düzdür, o, bir neçə dəfə nişanlansa da, hər dəfə bir bəhanəylə qarşı tərəflə münasibətə son qoyub.

Həyatı boyu ölüm eşqi ilə yaşayan yazıçı qırx bir yaşında vərəmdən gözlərini yumdu. Daha çirkin bir dünyaya baxmağa cəsarət etmədi. İçindəki məsumluğu saxlamağa çalışdı. Yazmaq istədiklərini yazdı. Praqa meydanında muzeyi yaradıldı. Heykəlləri qoyuldu. Diqqətdən, gündəmdən heç vaxt uzaq düşmədi. Nə özü, nə etiraz etdiyi sinfi cəmiyyət, nə də bütün dünyadan böyük olan yalnızlığı unuduldu...

 

 

Jan-Bedel Bokassa

Ötən əsrin tarixində insanlığa sığmayan iz buraxmış, cəllad xislətli diktatorlardan biri də Jan-Bedel Bokassa olub. Onu təkcə bir əsrin deyil, bütün dövrlərin ən dəhşətli və ən qorxunc tiranı saymaq olar. Mərkəzi Afrika Respublikasının prezidenti və özünü ömürlük imperator elan edən bu diktator sözün əsl mənasında adam yeyirmiş. Hitleri özünə kumir sayan azğın "liderdən" başqa nə gözləmək olardı ki?!.

Adam yemək şakərini tərgidə bilməyən Bokassa dövlət məmurlarını qorxu içində saxlamaq üçün insan ağlına sığmayan vasitələrə əl atırmış. Onun siyasi fəaliyyətinə qarşı çıxanları digər diktatorlar kimi həbs etməklə, güllələməklə, dar ağacına asmaqla kifayətlənməyib, belə şəxsləri öldürtdükdən sonra onların ətini yeyirmiş. Bir çox hallarda isə ətini yediyi adamın doğmalarını da öz "məclis"inə dəvət edib.

Deyilənlərə görə, nazirlərdən birini öldürtdürərək onun ətindən xörək hazırlatdırıb və nazirləri məclisə dəvət edib. Bokassa əvvəlcədən xörəyin hansı ətdən hazırlandığını məmurlara bildirməyib. Məclis bitəndən sonra o, üzünü nazirlərə tutub: - Nəzərdən qaçırmayın ki, kiçik bir səhviniz ucbatından sizin də ətiniz bu nazirin əti kimi ləzzətlə yeyilə bilər...

Prezidentin şəxsi aşpazı sonralar verdiyi ifadələrdə bunu təsdiq edib: "Mən həmin insanların ətindən qovurma hazırlayırdım, dadı dəyişmək üçün müxtəlif ədviyyatlardan istifadə edirdim. Süfrəyə təqdim edəndə üzərinə limon suyu da əlavə edirdim. Bokassanın qida rasionunda hər gün adam əti olurdu. Hətta xarici səfərlərə gedəndə də mən özümlə dondurulmuş adam əti aparırdım. İnsan ətindən konserv, kolbasa düzəldərdim onun üçün. Arabir mənə tövsiyələr də verirdi, adam ətindən xörək hazırlayanda düyü və tərəvəz əlavə etməyi unutmayım. O, bunu çox sevirdi...".

Bokassa təkcə müxalifət düşərgəsində olan adamların ətinə tamah salmayıb, o, sevgililərinin ətindən də özünü məhrum etməyib. Görüşdüyü hər gənc xanımla əyləndikdən sonra gözəl olan qadının ətinin də ləzzətli olduğunu təxmin edən Bokassa tamahına qalib gələ bilməyib səhərisi gün ətindən də zövq alırmış...

Deyilənə görə, onun Brejnevə xüsusi simpatiyası var imiş. Brejnevin isə əti yox, xasiyyəti xoşuna gəlirmiş. İmperatorluğu dövründə daha da azğınlaşan Bokassa Fransanın müdaxiləsi ilə hakimiyyətdən uzaqlaşdırılır və sonralar yenidən prezident seçkilərində iştirak etmək istəsə də, ömrü buna imkan vermir və 75 yaşında keçirdiyi infarktdan dünyasını dəyişir.

Ümidvarıq ki, tarix bir də insanlıqdan kənar belə bir məxluqu yetişdirməyəcək!

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".