Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

"Apple" öz elektromobili üzərində çalışır

"Bloomberg" saytının məşhur insayderi Mark Gurmanın verdiyi məlumata görə, "Apple" şirkəti öz elektromobili üzərində çalışır.

Şirkətin bu layihəsi haqda məlumat uzun müddətdir ki, var idi. Belə ki, "Apple" ilk əvvəl öz elektromobilini tamamilə avtonom etməyi planlaşdırırdı. Yəni elektromobildə sükanın olmaması nəzərdə tutulurdu. Nəticədə elektromobil yalnız avtopilot vasitəsilə idarə olunmalı idi. Lakin şirkət bu ideyadan imtina etdi və hazırda daha sadə funksiyalara sahib elektromobil üzərində çalışır.

Güman edilir ki, elektromobil "Tesla" elektromobillərində olduğu kimi, 2+ səviyyəli avtopilot sistemilə təchiz ediləcək. Bu isə o deməkdir ki, sözügedən nəqliyyat vasitəsi fərdi şəkildə avtomobil yollarında hərəkət edə və sürücünün yardımı olmadan park oluna biləcək. Bununla yanaşı, Gurman bildirib ki, şirkət öz elektromobilini bazarda təqdim etməyə tələsmir. Onun sözlərinə əsasən, şirkət elektromobilini 2028-ci ildə təqdim etməyi planlaşdırır. Gurmanın fikrincə indi "Apple" elektromobili üçün dönüş nöqtəsi ola biləcək zamandır. Belə ki, əgər "Apple" mühəndisləri sadə funksiyalara sahib elektromobili hazırlaya bilməsələr, şirkət çox güman ki, bu layihəyə yenidən nəzər yetirəcək və ya onu ümumiyyətlə, ləğv edəcək.

Qorxulu proqnoz: "İnsan əməyinə ehtiyac qalmayacaq"

"Google" şirkətinin süni zəka sahəsində fəaliyyət göstərən "DeepMind" adlı laboratoriyasının həmtəsisçisi Mustafa Suleyman Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda CNBC-yə verdiyi müsahibəsində bildirib ki, gələcəkdə süni zəka insan əməyini tamamilə əvəz edə bilər. Qeyd edək ki, sözügedən tədbirdə süni zəka ən çox müzakirə olunan mövzulardan biri olub.

"Hesab edirəm ki, biz süni zəka alətlərinin necə inteqrasiya edilməsi mövzusunda yaxşıca düşünməliyik. Onları tamamilə bazarın ixtiyarına buraxsaq, həmin alətlər insan əməyini kökündən əvəz edəcək. Bununla da bir müddətdən sonra insan əməyinə ehtiyac qalmayacaq. Artıq iş yerlərinin süni zəka vasitəsilə əvəzlənməsi prosesi gedir. Belə ki, biz keçən il texnoloji və media sahələrində işçilərin kütləvi ixtisarının şahidi olduq. "Google", "Amazon" və "Salesforce" kimi böyük İT şirkətlər bu il üçün də çoxlu sayda işçinin ixtisar olunacağını istisna etmirlər. İxtisar edilmiş işçilərin çox hissəsi isə süni zəka texnologiyası ilə əvəzlənir", - deyə Mustafa Suleyman qeyd edib.

Cinayətkarlar bu proqramla aşkarlana bilər

Avstraliyanın Edit Kouen Universitetinin mütəxəssisləri cinayətkarların fikirlərini və reaksiyalarını başa düşmək üçün virtual reallıq (VR) proqramı yaradıblar. Bu barədə "Scientific Reports" elmi jurnalında məlumat dərc olunub.

Məhkəmə psixologiyası layihəsi çərçivəsində 101 iştirakçı iki oxşar virtual ssenaridə oğurluq edən cinayətkar rolunu oynayıb. Bundan sonra cinayətkar rolunu oynayan şəxslər VR mühitində saxta sorğu-sualdan keçməli olublar.

"Tədqiqat ərəfəsində iştirakçıların virtual reallıqda cinayətkar rolunu yaşaya bildiyini aşkar etdik. Rəqəmsal mühit onlara saxta cinayət törətmək üçün motivasiya verdi, həmçinin onları VR sorğusu zamanı müstəntiqləri aldatmağa cəhd etməyə təşviq etdi", - deyə elmi işin müəllifi, doktor Şeyn Rocers bildirib.

Ekspertin fikrincə, VR texnologiyası hüquq-mühafizə sahəsində bir çox məqsədlə tətbiq edilə bilər. Məsələn, polis məmurları və ya müstəntiqlər bu yolla hadisənin baş verdiyi şəraiti və cinayətkarların real vəziyyətdə necə hərəkət etdiyini daha yaxşı başa düşmək üçün müxtəlif cinayətlərin ssenarilərini yenidən yarada və həyata keçirə bilərlər.

NASA-nın Mars missiyası yarımçıq qalıb

NASA-nın 2021-ci ildə Marsın səthinə "Perseverance aparatı ilə birgə göndərdiyi "Ingenuity" adlı pilotsuz uçuş aparatı (PUA) öz missiyasını yekunlaşdırıb. Məlumata görə, sözügedən aparat mexaniki nasazlıq səbəbilə artıq uça bilməyəcək.

Qeyd edək ki, "Ingenuity"də olan mexaniki nasazlığı aparatın özündə olan kameralar ortaya çıxarıb. Məlum olub ki, cihazın pərlərindən birinin uc hissəsi tamamilə sıradan çıxıb. Bunun hansı səbəbdən baş verdiyi tam olaraq aydın deyil. Güman edilir ki, PUA-nın pəri eniş zamanı Marsda olan süxur ilə toqquşub. Məlumat üçün bildirək ki, "Ingenuity" ümumilikdə Qırmızı planetin səthində 72 uçuş missiyasını reallaşdırıb. Ümumilikdə isə o, Mars səthində 1043 Mars sutkası ərzində fəaliyyət göstərib. NASA mütəxəssisləri isə daha öncə bu missiyanın yalnız 30 Mars sutkası ərzində davam edəcəyini gözləyirdilər. Qeyd edək ki, "Ingenuity"nin əsas məqsədi Marsda uçuş imkanlarının test olunması və planet səthinin fotolarının çəkilməsi idi.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".