Uzunömürlülüyün "açarı" İbn Sinanın kitabında imiş
İnsanlıq yaranandan bəri hər kəs uzun, sağlam ömür sürmək arzusu ilə yaşayıb və yaşamaqda da davam edir. Elm dünyası uzun ömrün və gənc qalmağın yollarını araşdırmağa davam edərkən, bu sirrin dünyanın ən məşhur təbiblərindən biri İbn Sinanın qeydlərində olduğundan xəbərsiz olublar.
Tibb və fəlsəfə sahəsindəki araşdırmaları ilə dünya elminə çox böyük töhfələr bəxş edən İbn Sina sağlam həyat və uzunömürlülüyün sirrinin 3 qidada olduğuna işarə edib. Alim qeydlərində şam qozası, paxla və gicitkən istehlakının sağlamlığın "açarı" olduğunu vurğulayıb.
Təbib, K vitamini baxımından zəngin və nadir qidalardan olan şam qozasının xüsusilə üz iflici keçirmiş insanlar üçün çox faydalı ola biləcəyini qeyd edib. Bilavasitə qidanın tərkibindəki C vitamininin iflicin zədələdiyi hüceyrələri bərpa etdiyini göstərib.
Yaş irəlilədikcə dəridəki hüceyrələrin deformasiyası artır, bu da dərinin parlaqlığına və canlılığına mənfi təsir göstərir. İbn Sina bu problemlə qarşılaşmamaq üçün uşaqlıqdan etibarən müntəzəm olaraq paxla istehlak etməyi tövsiyə edib.
Boğazda və ağciyərlərdə selik ifrazının azalması ilə nəfəs darlığı yaranır və bu da adətən viruslardan qaynaqlanan selikli qişada nəmliliyin azalmasına gətirib çıxarır. İbn Sina bu durumun qarşısını almağın ən yaxşı yolunu gicitkən istehlakında görür.
Həmçinin təbib toxunulduqda dəridə şiddətli qaşınmalara səbəb olan bu bitkinin qaynadıldıqdan sonra istehlak edilməsini tövsiyə edib. Bundan əlavə o, gicitkənin tərkibindəki yandırıcı maddənin vücuddakı virusların hüceyrə və ya orqanlara yapışmasının qarşısını aldığını vurğulayıb.
İnformasiya "Sözçü" qəzetində yer alıb.
İdeal idman saatı açıqlandı
"Günün hansı saatlarında idman etsək tez bir zamanda çəki ata bilərik?" sualı bəzən insanlar arasında çaşqınlığa səbəb olur. Elə bu məqsədlə də, ABŞ-da aparılan yeni bir araşdırma zamanı kişi və qadınların idmanla məşğul olma saatlarına diqqət yetirilib. Hər iki cinsin nümayəndələrinin çəki ata bilməsi və idmanla məşğul olması üçün ən ideal saat müəyyən edilib.
Nyu-Yorkun Skidmore Kollecində aparılan tədqiqatda insanların idmanla məşğul olarkən yaxşı nəticələr əldə edə bilməsi üçün hansı zaman kəsiklərinin əlverişli olduğu araşdırılıb. Kişi və qadınların idman saatlarının fərqli olduğu məlum olub. Qadınların səhər, kişilərin isə axşam idmanı zamanı daha çox yağ yandırdığı müəyyənləşdirilib.
Tədqiqat çərçivəsində həmçinin, hormon, bioloji və yuxu saatlarındakı dəyişkənliklərin də məsələyə ciddi təsir etdiyi müəyyən edilib.
25-55 yaş arası sağlam, bilavasitə aktiv 30 kişi və 26 qadın üzərində aparılan sınaq zamanı uzanma, qaçış, müqavimət və dözümlülük məşqlərini əhatə edən müxtəlif fitnes proqramının təsirləri izlənilib.
Qruplardan biri 08:30-a qədər bir saat, digəri isə axşam saat 18:00-19:00 arası idmanla məşğul olub. Bütün iştirakçılara xüsusi hazırlanmış yemək planı təqdim edilib. Sınaq müddəti ərzində həmçinin, iştirakçıların qan təzyiqi və bədən yağı, çəkisi ölçülüb. Nəticədə çəki ata bilmək üçün qadınların səhər, kişilərin isə axşam saatlarında idmanla məşğul ola biləcəkləri ortaya çıxıb.
"Frontiers in Physiology" jurnalında dərc edilən bu araşdırmada sağlam, həmçinin çəki problemi olmayan insanlar üzərində aparılan sınaqdan bəhs olunub. Lakin tədqiqatçılar bu proqramın artıq çəki və ya piylənmə problemi olan insanlara da təsir edə biləcəyini vurğulayıblar.
Qəhvə sevənlərə şad xəbər
Bu yaxınlarda edilən yeni bir araşdırmaya görə, gün ərzində istehlak edilən bir fincan qəhvənin eyni anda bir neçə işi yerinə yetirmə qabiliyyətini artırdığı iddia edilir. Belə ki, Brunel Universitetinin alimləri qəhvənin işçilik qabiliyyətini artırmaqla yanaşı, insanları gün boyu daha məhsuldar işlərə sövq etdiyini söyləyirlər.
Təxminən 274 nəfərin cəlb olunduğu sınaqda respondentlərdən ekranda bir və ya iki rəqəmini gördükdə fərqli düymələrə toxunmaları istənilib. Daha sonra isə eyni anda çalınan iki fərqli səsi eşitdikdə onlara toxunmaq üçün iki düymə də əlavə verilib. Qəhvə içməyən sınaq iştirakçıları içənlərə nisbətən eyni anda diqqətlərini bir neçə işə cəmləyə bilməkdə çətinlik çəkərək daha ləng tərpəniblər.
"Frontiers in Psychology" jurnalında dərc edilən araşdırmanın nəticələri, qəhvə istehlakının iş də daxil olmaqla, gündəlik həyatın bir çox tələblərini tarazlaşdırmağa kömək etdiyini göstərir.
Tədqiqat zamanı həmçinin, video oyunları oynayan və beynini eyni anda bir çox istiqamətə yönləndirən insanların bunu daha yaxşı bacardıqları ortaya çıxıb. Bilavasitə stresli, narahat və həddən artıq yüklənmiş nevrotik insanların, disleksiya xəstələri kimi, birdən çox tapşırığı digər insanlara nisbətən daha ləng icra etdikləri məlum olub.
Araşdırmanın rəhbəri Dr. Andre Szameitat qəhvə sevərlərin nəticələrdən məmnun qalmaları üçün daha böyük miqyasda araşdırmaya ehtiyac olduğunu söyləyib.
Xərçəngin müalicəsində yeni kəşf
Britaniyalı tədqiqatçılar xərçəngin yaranmasına səbəb olma ehtimalı yüksək olan və indiyə qədər araşdırılmayan 58 geni təhlil ediblər. Kembric Universitetinin xəstəxanasının tədqiqatçıları aşkar etdikləri minlərlə şişi təhlil edərək xəstəliyin səbəbləri ilə bağlı yeni ipuçları ehtiva edən bir "xəzinə"ni ortaya qoyublar.
İngiltərədə 12 000-dən çox xərçəng xəstəsinin gen və xromosomlarını araşdıran elm adamları, onların DNT-lərində xərçəngə səbəb ola biləcək 58 yeni nümunə müəyyən ediblər. Tədqiqatçılar sözügedən kəşf sayəsində xərçəngə səbəb ola bilən mutasiyaları çözə biləcəklərinə ümid edirlər.
Elm adamları siqaret və ya ultrabənövşəyi şüaların yaratdığı dəyişikliklər də daxil olmaqla, yeni tapıntılardan əvvəl yalnız 51 mutasiya imzasının mövcudluğundan xəbərdar idilər.
Böyük Britaniyada hər il təxminən 375,000 insana xərçəng diaqnozu qoyulur. ABŞ-da isə bu rəqəm 1,7 milyonu əhatə edir.
Xərçəngə hüceyrələrin genomundakı mutasiyalar səbəb olur. Belə ki, onlar hüceyrələrin bir şiş meydana gətirənə qədər nəzarətsiz şəkildə çoxalmasına yol açır.
"Science" jurnalında dərc olunan yeni araşdırmaya rəhbərlik edən genom mütəxəssisi professor Serena Nik-Zainal bu nümunələrin axtarışının bir növ cinayət yerində barmaq izləri axtarışına bənzədiyini söyləyib.
"Mutasiya imzalarını adətən qumun üzərində olan ayaq izlərinə bənzədirəm. Qumun üzərinə baxdığımızda orada müxtəlif cür ayaq izləri görmək olur. Lakin bu izləri yalnız ətraflı araşdırdıqdan sonra onların hansı canlıya məxsus olduğunu demək mümkündür. Mutasiya imzaları da eynilə ayaq izləri kimidir. Mutasiya nümunələrini də ətraflı araşdırmaqla, bir şişin xarici, yoxsa hüceyrə faktorlarından qaynaqlandığını aydınlaşdıra bilərik", - deyə professor izah edib.
Hazırladı:
Elenora HƏSƏNOVA,
"Respublika".